Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına olan işlərin təhlili nəticəsində məhkəmələrdə vergi mübahisələrinin ərazi aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı bəzi hallarda prosessual hüquq normalarının tətbiqində səhvlərə yol verildiyi, eləcə də oxşar mübahisələrə münasibətdə fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən edilib.
Modern.az xəbər verir ki, bu səbəbdən də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 8-ci maddəsində təsbit edilmiş ərazi aidiyyəti qaydalarına dair qanunvericiliyin tələblərinin vergi orqanı ilə hüquqi şəxs və ya fərdi sahibkar arasında yaranan vergi mübahisələri üzrə tətbiqinə dair aşağıdakıların nəzərə alınması məhkəmələrə tövsiyə edilir.
İPM-in 8.1.1-ci maddəsinə əsasən müstəsna aidiyyətin tətbiq edilməli olduğu hallar İPM-in 8.1.1-ci maddəsi daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılmalı olmasını müəyyən edir.
Qeyd edilən norma vergi mübahisələri kontekstində siyahıya alınmış daşınmaz əmlakın hərracda satılmasına dair iddiaların ərazi aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır.
Buna görə, qaldırılmış iddia yalnız bir daşınmaz əmlakın satılmasına dair tələbi nəzərdə tutursa, o halda, işə ərazi aidiyyətinə görə həmin daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır.
Siyahıya alınmış əmlaklar həm daşınar, həm də daşınmaz əmlaklardan ibarət olduqda, mübahisəyə müstəsna aidiyyət qaydası tətbiq olunmaqla işə yenə də daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır.
Vergi orqanı tərəfindən siyahıya alınmış və satılması tələb olunan bir neçə daşınmaz əmlak olduğu halda isə iddiaçının seçiminə uyğun olaraq həmin əmlaklardan hər hansı birinin yerləşdiyi yer üzrə iddia qaldırıla bilər.