Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mütəxəssislər bildirir ki, aliment ödəməyən şəxslər ya rəsmi gəliri olmayan, ya da məsuliyyətdən yayınan şəxslərdir. Bu isə alimentin icra prosesini çətinləşdirir. Məhz bu səbəbdən yenidən aliment fondunun yaradılması məsələsi gündəmə gəlib. Təklif olunan model belədir ki, dövlət alimenti özü ödəyir, sonra həmin vəsaiti borclu şəxsdən geri alır.
Aliment fondunun yaradılması nə dərəcədə real görünür? Bu vəziyyətdən sui-istifadə oluna bilərmi?Bu barədə Bizimyol.info xəbər portalına danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əsas məqsəd uşağın maddi təminatının gecikmədən qorunmasıdır: “Aliment fondunun yaradılması real və tətbiq oluna bilən mexanizm hesab olunur. Bir sıra ölkələrdə buna bənzər sistemlər fəaliyyət göstərir və əsas məqsəd uşağın maddi təminatının gecikmədən qorunmasıdır. Çünki aliment ödənilmədikdə ən böyük zərəri uşaqlar və onları tək böyüdən valideyn çəkir. Dövlətin əvvəlcədən bu ödənişi etməsi sosial müdafiə baxımından müəyyən rahatlıq yarada bilər. Daha sonra isə həmin vəsait müxtəlif hüquqi mexanizmlərlə aliment borclusundan geri tələb oluna bilər. Bu model həm uşağın hüquqlarının qorunmasına, həm də icra prosesinin daha effektiv olmasına kömək edə bilər.
Ancaq fondun yaradılması ilə bağlı əsas çətinlik maliyyə yükü və icra mexanizmlərinin düzgün qurulmasıdır. Əgər borclu şəxslərin gəliri gizlədilirsə və ya rəsmi iş yeri yoxdursa, dövlətin həmin vəsaiti geri qaytarması çətinləşə bilər. Bu isə büdcə üzərində əlavə yük yarada bilər. Ona görə də belə fond yaradılarsa, paralel şəkildə gəlirlərin izlənməsi, əmək münasibətlərinin leqallaşdırılması və icra sisteminin gücləndirilməsi vacib olacaq”.
Akif Nəsirli əlavə edib: “Bu vəziyyətdən sui-istifadə ehtimalı da var. Bəzi hallarda insanlar gəlirlərini gizlədə, rəsmi işləməməyə çalışa və ya məsuliyyətdən yayınmaq üçün müxtəlif yollar axtara bilərlər. Həmçinin saxta məlumat təqdim edilməsi və ya aliment məsələlərinin süni şəkildə uzadılması kimi risklər də mümkündür. Buna görə fondun fəaliyyəti ciddi nəzarət mexanizmləri, şəffaf yoxlama sistemi və hüquqi məsuliyyət tədbirləri ilə müşayiət olunmalıdır. Əks halda sistem həm maliyyə baxımından çətinlik yarada, həm də ədalətli işləməyə bilər”.
Günel Həsənova, Bizimyol.info