Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniyada "Gen Z regelt" hərəkatı 34 şəhərdə etiraz elan edib. Gənclərin əsas tələblərindən biri hərbi xidmətin bərpasına etirazla bağlıdır.
Bu, Avropa ölkələrinin öz milli təhlükəsizliklərini təmin etmək üçün ordu quruculuğunu və silahlanmanı sürətləndirməsi prosesinin başlanğıcı sayıla bilərmi?
Mövzu ilə bağlıBakıvaxtı.az-a danışan politoloq Rəşad Bayramov bildirib ki, gənclərin 34 şəhərdə hərbi xidmətin bərpasına etiraz məqsədilə aksiyalar təşkil etməsi əslində Avropada təhlükəsizlik siyasəti ətrafında formalaşan yeni ictimai-siyasi reallıqların göstəricisidir:
"Aksiyalarda artıq 120 minə yaxın insan iştirak edib və etirazçılar yalnız hərbi xidmətə qarşı çıxmayıblar, eyni zamanda yaşayış xərclərinin artmasına, təhsil sahəsində ixtisarlar və sosial bərabərsizlik problemlərinə də diqqət çəkiblər. Əslində, bu etirazları Avropada ordu quruculuğunun və silahlanmanın sürətlənməsinə qarşı yaranan daha geniş ictimai narahatlığın tərkib hissəsi kimi qiymətləndirmək olar".
R.Bayramov hesab edir ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropa dövlətləri öz təhlükəsizlik strategiyalarına yenidən baxmağa başlayıblar.
"Uzun illər müdafiə xərclərinin azaldılmasına və ABŞ-nin təhlükəsizlik təminatlarına əsaslanan yanaşma indi dəyişir. NATO çərçivəsində müdafiə öhdəliklərinin gücləndirilməsi, hərbi büdcələrin artırılması, silah istehsalının genişləndirilməsi və şəxsi heyətin sayının artırılması Avropa ölkələrinin əsas prioritetlərinə çevrilib. Almaniya bu prosesin ən diqqətçəkən nümunələrindən biridir. Berlin Bundesverin şəxsi heyətini 2035-ci ilədək 260 min aktiv hərbçiyə və ən azı 200 min ehtiyatda olan hərbçiyə çatdırmağı hədəfləyir. 2026-cı ildən qüvvəyə minən yeni sistemə əsasən, 18 yaşlı kişilər hərbi xidmətə münasibətlərini bildirməli, qadınlar isə könüllü sorğunu cavablandırmalıdırlar. Könüllülük kifayət etmədiyi təqdirdə məcburi çağırışın tətbiqi də hüquqi baxımdan mümkündür", - deyə müsahibimiz izah edib.
Rəşad Bayramov: Avropanın hərbiləşməsi təkcə silah və hərbi texnika alınması ilə məhdudlaşmır
Politoloqun sözlərinə görə, əsas problem şəxsi heyət məsələsidir:
"Burada mühüm məqam ondan ibarətdir ki, Avropanın hərbiləşməsi təkcə silah və hərbi texnika alınması ilə məhdudlaşmır. Əsas problemlərdən biri də orduların şəxsi heyətlə təmin edilməsidir. Müasir müharibələr texnoloji üstünlüklə yanaşı, kifayət qədər hazırlıqlı hərbi personal və ehtiyat qüvvələr tələb edir. Almaniyada hərbi xidmətə etirazların artması isə hökumətlərin bu siyasəti həyata keçirərkən cəmiyyətin, xüsusilə gənc nəslin razılığını qazanmaqda çətinlik çəkə biləcəyini göstərir".
Müsahibimizin fikrincə, gənclərin etirazlarını Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsinə bütövlükdə qarşı çıxmaq kimi qiymətləndirmək düzgün olmazdı. Burada sosial təminat, təhsil, şəxsi seçim azadlığı və təhlükəsizlik məsuliyyətinin nəsillər arasında bölüşdürülməsi kimi məsələlər də mühüm rol oynayır.
"Almaniyadakı hadisələr Avropada hərbi-siyasi transformasiyanın başlanğıcı deyil, artıq başlamış prosesin cəmiyyət daxilində yaratdığı ziddiyyətlərin üzə çıxmasıdır. Qarşıdakı dövrdə Avropa dövlətləri iki mühüm vəzifəni paralel şəkildə həll etməli olacaqlar. Bunlardan birincisi artan təhlükəsizlik təhdidlərinə qarşı müdafiə imkanlarını gücləndirmək və bunu demokratik cəmiyyətin sosial gözləntiləri ilə uzlaşdırmaq. Bu balansın qorunması Avropanın gələcək təhlükəsizlik arxitekturasının dayanıqlılığı baxımından həlledici əhəmiyyət daşıyacaq", - deyə Rəşad Bayramov vurğulayıb.
Gülşən Şərif