Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 30 yanvar, AZƏRTAC Yanvarın 30-da AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə elektron xidmətlər sahəsində 2024-cü ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti müşavirə keçirilib.Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.Tədbirdə akademik İsa Həbibbəyli bildirib ki, elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi yeniləşən Akademiyanın başlıca prioritetlərindən biridir və 2024-cü il ərzində bu istiqamətdə mühüm addımlar atılıb, səmərəli fəaliyyət davam etdirilib.
AMEA prezidenti elmi nəşrlərin elektron versiyalarının və bazalarının yaradılmasının, nəşrlərin beynəlxalq səviyyəyə yüksəldilməsinin, məqalələrə DOİ identifikatorunun verilməsinin, alimlərin akademik sosial şəbəkələrdən istifadəsinin genişləndirilməsinin, “Vikipediya” Virtual Ensiklopediyasında əlavə olunan və redaktə edilən məqalələrin sayının artırılmasının bu istiqamətdə həyata keçirilən başlıca tədbirlər olduğunu deyib.
Vurğulayıb ki, nəşrlərin elektron versiyalarının yaradılması və məqalələrə DOİ identifikatorunun verilməsi alimlərimizin tədqiqatlarının beynəlxalq müstəviyə çıxmasına və onların elmmetrik göstəricilərinin artmasına təkan verəcək.Akademik İsa Həbibbəyli bildirib ki, atılan bu addımlar Azərbaycan elmini dünya elmi ilə rəqabət apara biləcək səviyyəyə qaldırmaq məqsədi daşıyır və son illərdə AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsi tərəfindən görülən işlər nəticəsində bir çox uğurlar əldə olunub.Daha sonra AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov “AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış” mövzusunda məruzə ilə çıxış edib.AMEA əməkdaşlarının könüllü qruplarının “Vikipediya” Virtual Ensiklopediyasında fəaliyyəti barədə məlumat verən F.İmranov qeyd edib ki, ötən il ərzində 2207 yeni məqalə yaradılıb, 1500 məqalə əsaslı redaktə olunub.
Bundan əlavə, “Elektron Akademiya” şöbəsinin əməkdaşının bilavasitə iştirakı ilə “Vikipediya”da Azərbaycan dilində 504, ingilis dilində 123, türk dilində 77, rus dilində 60, fars dilində 11, alman dilində 9 və özbək dilində isə 7 məqalə (cəmi 791 məqalə) yaradılıb.
Səmərəli fəaliyyət nəticəsində “Vikipediya”da dərinlik (keyfiyyət) 51-ə yüksəlib.F.İmranov, həmçinin “Crossref Publishers İnternational Linking Assosation, İnc.” tərəfindən Akademiyanın nəşrlərinə AMEA (ANAS) adı altında rəqəmsal obyekt identifikatorunun (DOI) təsis edildiyini bildirib.
Qeyd edib ki, 2024-cü il ərzində AMEA-nın 26 elmi jurnalının, 47 nömrəsində dərc olunmuş 1009 məqalə və 17 konfrans materialı DOİ identifikatoru ilə təmin olunub.
O, AMEA DOI identifikatoru təmin edilmiş jurnallar, jurnal məqalələri və konfrans materiallarının arxivləşdirildiyini də diqqətə çatdırıb.Bundan əlavə, 2024-cü il ərzində İqtisadiyyat Nazirliyinin (İN) tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə AMEA arasında birgə əməkdaşlıq sayəsində İN-nin dəstəyi ilə AMEA əməkdaşlarının 140-dan artıq kursda iştirak edərək, ümumilikdə 881 “Coursera” sertifikatı aldıqlarını söyləyib.Eyni zamanda bildirib ki, ölkə başçısının “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” və “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” fərmanlarının icrasının təmin edilməsi ilə əlaqar AMEA Rəyasət Heyətinin müvafiq qərarı əsasında AMEA-nın internet şəbəkəsinin, kompüterlərin texniki imkanlarının mövcud durumunun dəyərləndirilməsi məqsədi ilə texniki baxış keçirilib, təhlillər aparılıb və müvafiq təkliflər hazırlanıb.