Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Müasir dilçilikdə Ana dili yalnız qrammatik və leksik sistem kimi deyil, millətin tarixi yaddaşını, mədəni kimliyini və dövlətçilik şüurunu formalaşdıran əsas amildir. Bundan başqa, dil insanın mənəvi-əxlaqi təzahürü, hissi-emosional durumu və ruhi təcəllasını əks etdirən vasitədir. Məşhur dilçi alim Humboldt bunu dəqiq ifadə etmişdi. O yazırdı: "Dil xalqın ruhunun təzahürüdür: dil onun ruhu, ruh isə onun dilidir". Bu mənada, xüsusən, qloballaşma şəraitində, bütün mənəvi və intellektual dəyərlərin təmərküzləşdiyi dövrdə milli dillərin qorunması problemi bir çox dövlətlər üçün strateji xarakter alır. Azərbaycan Respublikasında Ana dilinin qorunması və inkişafı Prezident İlham Əliyevin siyasi fəaliyyətində mühüm yer tutur və bu istiqamətdə səsləndirilən fikirlər dilçilik baxımından böyük elmi maraq doğurur.
Prezidentin bu istiqamətdəki konsepsiyası təkcə ideoloji çağırış deyil, dövlət səviyyəsində düşünülmüş dil siyasəti modelidir. Bu modelin praktiki müstəvidə həyata keçirilməsi isə elm və təhsil sahəsində konkret təşəbbüslərlə müşayiət olunur. Bu baxımdan Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın bir çox ölkələrdə (Pakistan, Serbiya, Rumıniya, Özbəkistan, Çin, Rusiya, Belarus, Macarıstan) dilimizin təbliği və yayılması məqsədilə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin yaradılması təşəbbüsü xüsusi əhəmiyyət kəsb edir.
Bu, Azərbaycan dilinin daha geniş arealda yayılmasına və dayanıqlılığına yol açır. Azərbaycan dilinin işlək şəkildə xarici ölkələrdə yayılması (deyək ki, ilkin variantda, lap ibtidai formada) ciddi elmi-praktik əhəmiyyət daşıyır. Əcnəbi vətəndaşların dilimizlə təması respublikamıza davamlı və sürəkli marağı təmin edir. Azərbaycan həqiqətlərinin qlobal mənada dünyada təbliğ olunmasına ilkin şərait yaranır.
Azərbaycan dilinin leksik-qrammatik özəllikləri, çoxçalarlı ifadə funksiyaları, semantik dayanıqlığı, axıcılığı, poetik strukturu dilin mənimsənilmə vasitələrini asanlaşdırır, onun kütləviliyini təmin edir. Bütün bu cəhətlər xarici ölkələrdə dilimizə marağı artırır, onun yayılma arealını genişləndirir.
lll
Prezident İlham Əliyevin çıxışlarında Ana dili milləti birləşdirən, milli kimliyi qoruyan və dövlətçiliyi möhkəmləndirən əsas amil kimi təqdim olunur. Bu yanaşma sosiolinqvistikanın əsas prinsipləri ilə səsləşir. Sosiolinqvistika dilin cəmiyyətdə sosial funksiyalarını araşdırır və dili kollektiv identikliyin əsas göstəricisi kimi qəbul edir.
Prezidentin "Dil milləti millət edir" şüarı etnolinqvistik baxımdan dilin etnik şüurun formalaşmasında oynadığı rolu təsdiqləyir. Müstəmləkəçilik dövrlərinə istinad, müstəmləkəçilikdən sonrakı illərdə dilin milli müqavimət və kimlik qoruma xüsusiyyətini vurğulayan dövlət başçısı bütün bu keyfiyyətləri elmi dəqiqliklə dilçilik kontekstində izah edir. Xarici dillərin təsiri nəticəsində dilin müəyyən qatışıqlara məruz qalması Prezident tərəfindən milli kimliyin tədricən zəifləməsi təhlükəsi kimi qiymətləndirilir. Bu da dil ideologiyası anlayışı ilə izah olunur.
lll
Dövlətimizin başçısının çıxışlarında ana dilinin qorunmasının birbaşa dövlətin vəzifəsi kimi təqdim edilməsi strateji dil siyasətinin mövcudluğunu göstərir. Müasir dilçilikdə bu siyasət dövlətin dili normativləşdirmə, qoruma və inkişaf etdirmə mexanizmlərini əhatə edir. Prezidentin media nümayəndələrinə, ziyalılara və elm adamlarına ünvanladığı çağırışlar dilin ictimai diskursda düzgün istifadəsinin vacibliyini ön plana çıxarır. Bu yanaşma dilin yalnız məişət səviyyəsində deyil, elmi, mədəni və rəsmi müstəvilərdə də qorunmasını zəruri edir.
lll
Ana dili ilə bağlı Prezident İlham Əliyevin ortaya qoyduğu konsepsiyanın praktiki və institusional davamı kimi akademik Kamal Abdullanın xarici ölkələrdə Azərbaycan dili və mədəniyyəti mərkəzləri yaratmaq təşəbbüsü xüsusilə diqqət çəkir. Bu təşəbbüs diaspor mühitində ana dilinin qorunması, yəni "heritage language" (miras dili) probleminə yönəlib. Bu mərkəzlər Azərbaycan dilinin normativ qaydalarının tədrisini təmin edir, dilin nəsillərarası ötürülməsini gücləndirir və milli-mədəni kimliyin qorunmasını formalaşdırır.
Prezidentin xaricdə yaşayan azərbaycanlıların ana dilini mükəmməl bilməsi ilə bağlı arzusunun elmi əsasda reallaşdırılması, məhz bu mərkəzlər vasitəsilə mümkün olur. Bu arzu Ümummilli lider Heydər Əliyevin də siyasi prioritetlərindən birini təşkil edirdi. O, çıxışlarında, müraciətlərində, diaspor nümayəndələri ilə görüşlərində Azərbaycan dilinin öyrənilməsini, qorunub saxlanılmasını, ən azı, məişət səviyyəsində işləkliyinə nail olunmasını dəfələrlə bəyan etmişdi. O vurğulayırdı ki, xarici dilləri bilmək yaxşıdır, insanların inkişafına təkan verir. Amma birinci növbədə Ana dilini mükəmməl bilmək və onu qorumaq ən vacib vəzifə kimi qarşıda dayanır.
Qeyd etdiyimiz kimi, akademik Kamal Abdullanın təşəbbüsü ilə xarici ölkələrdə yaradılan Azərbaycan dili və mədəniyyəti mərkəzləri diaspor mühitində dilin qorunması və inkişafı üçün model rolunu oynayır. Belə ki, 2018-ci ildə Serbiyanın Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb; 10 noyabr 2022-ci il tarixində Rumıniyanın Yassı Universitetində Azərbaycan Multikulturalizm Mərkəzi fəaliyyətə başlayıb; 6 iyun 2022-ci il tarixində Pakistanın Müasir Dillər Universitetində Azərbaycan Dillər Universitetinin təşəbbüsü ilə Azərbaycan Dil və Mədəniyyət Mərkəzi öz işinə başlayıb; 2 iyun 2025-ci il tarixində Özbəkistanın Cahan Dillər Universitetində Azərbaycan Dil və Mədəniyyət Mərkəzi yaradılıb. Burada "Azərbaycanın gənc dostları" adlı beynəlxalq layihə həyata keçirilir və 2025-2026-cı tədris ilindən etibarən Azərbaycan dili ayrıca fənn kimi tədris olunur. Eyni zamanda Çin Xalq Respublikasının Xudzou Dövlət Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb, Rusiya A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir, Belarusun Minsk Dövlət Linqvistik Universitetində Azərbaycan Dillər Universitetinin təşəbbüsü ilə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılış mərasimi keçirilib, həmçinin 19 may 2024-cü il tarixində Macarıstanın Elte Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyətə başlayıb.
Bu mərkəzlər Azərbaycan dilinin normativ formalarının tədrisini təmin edir, dilin nəsillərarası ötürülməsini gücləndirir və milli-mədəni kimliyin qorunmasına xidmət göstərir. Dilçilik baxımından bu model sosiolinqvistik davamlılığı təmin edir, dil planlaşdırılmasını həyata keçirir və milli diskursun qorunmasını dəstəkləyir, beləliklə, ana dilinin qlobal miqyasda qorunması və təbliği üçün praktik və institusional nümunə yaradır.
lll
Prezident İlham Əliyevin çıxışlarında Ana dili ilə əlaqədar irəli sürülən ideyalardan ibarət konseptual çərçivədə K.Abdullanın fəaliyyəti təhsil və elm müstəvisində həyata keçirilməsi baxımından vacib əhəmiyyət daşıyır. Bu uyğunluq da göstərir ki, Ana dilinin qorunması Azərbaycan üçün yalnız mədəni məsələ deyil, milli təhlükəsizlik və dövlətçilik siyasətidir.
Dilçilik baxımından bu model sosiolinqvistik davamlılığı təmin edir, dil planlaşdırılmasını həyata keçirir və milli diskursun qorunmasını dəstəkləyir.
Ana dili məsələsinə Prezident İlham Əliyevin baxışı müasir dilçilik nəzəriyyələri ilə uzlaşan sistemli bir konsepsiyadır. Akademik K.Abdullanın xaricdə Azərbaycan dili və mədəniyyəti mərkəzləri yaratması isə bu konsepsiyanın real və effektiv tətbiq formasıdır. Bu vəhdət Azərbaycan dilinin həm ölkə daxilində, həm də qlobal miqyasda qorunmasına və inkişafına xidmət edir.
Beləliklə, ana dilinin qorunması və inkişafı məsələsi dilçilik, siyasət və milli ideologiyanın kəsişmə nöqtəsində dayanır. Bu prosesdə dövlət iradəsi ilə elmi fəaliyyətin sintezi həlledici rol oynayır.
Loğman RƏŞİDZADƏ
Amalya MƏHƏRRƏMZADƏ