Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Vətən müharibəsi başlayanda o, ailəsindən gizlin olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, könüllü olaraq ön cəbhəyə yollanmışdı.
Fərhad Məhərrəm oğlu Babayev 1992-ci ilin 30 yanvarında Bakıda doğulub. 1998-2010-cu illərdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki Pərviz İsmayılov adına 278 saylı orta məktəbdə təhsil alıb. 2010-cu ildə Qazaxdakı hərbi hissədə xidmətdə olub.
Ailənin ən kiçiyi olan Fərhad 24 oktyabr 2020-ci ildə Vətən müharibəsində qəhrəmancasına şəhid olub. Ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
"Fərhad hələ general Polad Həşimovun dəfnindəki izdihamı görüb, özünə şəhidlik arzulayırdı.
Səmayə xanımın xatirələrindən: mən onun necə biri olduğunu bilirdim. Axı mən anayam, onu fikirlərindən, danışmayanda gözlərindən oxuyurdum. O qədər səliqəli idi, o qədər təmizkar idi ki. Balamı məndən yox, eldən soruşun, yoldaşlarından, dostlarından, qohum-əqrəbadan soruşun, onun necə biri olduğunu desinlər.
“Heç olmasa deyirəm qazi kimi qayıdaydı, ayağını itirəydi, nəfəsi üstündə olaydı. Anayam, özümə təskinlik verirəm, amma hər dəfə uşağımın dəfni yadıma düşəndə o dünyanı görürəm. Hər şənbə onu ziyaərətə gedirik, sadəcə, dözə bilmirəm. Biri var valideyn itkisi, qohum itkisi, bir də var bala itkisi. Bu, sadəcə dözülməzdir".
Fərhadın şəhidlik zirvəsinə ucalmasından 4 ay keçməsinə baxmayaraq, Səmayə xanımın övlad yarası hələ də qanayır, hələ də kimsə ovundura bilmir onu: “Fərhad şəhid olana qədər mən bilmirdim ki, orduya könüllü yazılıb. Elə bilirdim hərbi komissarlıq çağırıb. Fərhad general Polad Həşimov şəhid olanda yoldaşları ilə birgə onun dəfn mərasiminə getmişdi. Evə gələndə dedi, “ana, şəhid olmaq nə gözəl şey imiş”. Dəfndəki izdiham ona əlçatmaz duyğular vermişdi, o sözü o qədər ürəkdən dedi ki... “İnşallah şəhidlik bizə də qismət olar”. İnsan nəyi içdən arzulayırsa, ona da nail olur. Fərhadım kimi...Gedəndə çox yalvardım ki, bala, bəlkə getməyəsən. Dedi, “Ana, mən getməyim, o getməsin, bəs kim getsin?!”
Səmayə xanım heç bir anaya övlad itkisi arzulamadığını deyir: "Telefonlarını, saatını çıxarıb televizorun yanında qoyub getmişdi. Bizə zəng edəndə də yoldaşlarının telefonundan zəng edirdi. Hər gün əlaqə saxlayırdı, ya da əvvəldən xəbər edirdi ki, 1 həftə olmayacaq. Şəhid olan gün, oktyabrın 24-də saatı da dayanıb. Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlıda döyüşüb. Şəhid xəbəri də Qubadlıdan gəldi. Sonradan Füzuliyə aparıblar. Təsadüfən qonşu uşaqlar yardım aparanda deyiblər ki, Günəşli uşağı şəhid olub. Sonra qardaşı getdi nəşini gətirməyə. Doymadım balamdan, hər dəqiqə darıxıram onunçün. Onsuzluğa öyrəşməliyəm deyirlər, amma öyrəşə bilmirəm, alınmır. Heç cür vərdiş edə bilmirəm”...
Şəhidimizin anası deyir ki, Fərhadın rayonda dəfn olunmasını atası istəyib: "Onsuz da biz də gedəcəyik onun yanına. Xiyabanda dəfn olunsaydı, bu mümkünsüz olacaqdı. Ona görə qərar verdik ki, rayonda dəfn edilsin. Sonra biz də ondan ayrı düşməyək. Fərhadın dəfni vaxtı rayonlara gediş-gəliş qadağan, yollar bağlı idi, amma sağ olsunlar bizə şərait yaratdılar”.
Musiqi müəlliməsi olan Səmayə xanım şəhidimizin sevdiyi qızdan da danışıb: "Sevdiyi qiz Nigar Cəbrayıldan idi. Cəbrayıl alınanda Fərhad zəng edib ki, "Vətənini azad etmişik”. O qızı məcburən bizə çağırdım. Bilirdim ki, ürəyi yanır, ürəyi burdadır. Ona görə çağırdım. Dedim, "Nigar, sən mənim qızımsan. Allah qoysa, ailə də quracaqsan, xoşbəxt də olacaqsan, amma mənim qızım olaraq qalacaqsan"... Onu görəndə elə bilirəm Fərhadımı görürəm. İgidimdən bir nişanə bilirəm onu. Fərhad onu çox istəyirdi. onun ürəyində bircə Nigar vardı. 5 il idi bir-birilərini sevirdilər. Hər dəfə elçi getmək istəyəndə nəsə olurdu. Axırıncı dəfə pandemiya düşdü, sonra da müharibə aldı apardı oğlumu bizdən”...
Fərhad Babayev öz təmiz qəlbi, yüksək vətənpərvərliyi və Vətən sevgisi ilə gənc nəslə nümunə olan unudulmaz Zəfər şəhidimizdir. Anasının dediyi kimi: "İnsan nəyi içdən arzulayırsa, ona da nail olur..." Fərhad da arzusu olan şəhadət zirvəsinə ucaldı!
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Fərhad Babayev ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Müşfiq MİRZƏ
XQ