Ana südünü necə artırmaq olar?

05.08.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ana südünü artırmaq üçün ilk növbədə analarımıza tövsiyə edərdim ki, gündəlik rejimlərinə riayət etsinlər. Həm istirahət rejiminə, həm də qida rasionuna xüsusi diqqət yetirməlidirlər. Ana orqanizmi sutka ərzində lazım olan maye tələbatını mütləq ödəməlidir ki, kifayət qədər süd istehsal olunsun. Elmi ədəbiyyata əsasən, analara gündə təxminən 2,5-3 litr maye qəbul etmək tövsiyə olunur".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi rəsmi instaqram səhifəsində canlı yayım zamanı Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova dedi.

Həkim vurğuladı ki, qidalanma da zülal və vitaminlərlə zəngin olmalıdır:

"Çünki həm ananın enerji tələbatı ödənməli, həm də ana südünün istehsalı üçün orqanizmin ehtiyacı qarşılanmalıdır. Ana südü verən qadınlara pəhriz saxlamaq tövsiyə olunmur. Onların gündəlik qida rasionunun enerji dəyəri 1800 kaloridən aşağı olmamalıdır. Çünki hər hansı pəhriz həm süd istehsalına, həm də körpənin kifayət qədər ana südü ilə qidalanmasına mənfi təsir göstərə bilər. Buna görə də analara tövsiyə edirik ki, yuxu rejiminə riayət etsinlər, stress və gərginlikdən uzaq olsunlar. Bunlar ana südünün istehsalına müsbət təsir göstərən əsas amillərdəndir.

Bundan əlavə qeyd etmək istərdim ki, ana südünü artırmağın ən effektiv yollarından biri körpəni tez-tez döşlə əmizdirməkdir. Körpənin tez-tez əmizdirilməsi və lazım gəldikdə südün sağılması da süd istehsalının artmasına kömək edir. Əgər sadaladığımız bütün tövsiyələrə baxmayaraq ana südünün az olduğunu düşünürsə, bu zaman laktasiya üzrə mütəxəssisə müraciət etməsi tövsiyə olunur".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью