Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
“Apple” ev cihazları üçün yeni əməliyyat sistemi (ƏS) hazırlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə insayder Mark Qurmana istinadla “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, yeni ƏS əsasən ağıllı saatlar, televizorlar və smartfonlar üçün hazırlanan tvOS, watchOS və iOS əməliyyat sistemlərinin qarışığıdır.
Yeni proqram platforması şirkətin uzun müddətdir müzakirə olunan və təqdim etməsi gözlənilən ağıllı ev idarəetmə mərkəzi üçün nəzərdə tutulub.
Qurmanın sözlərinə görə, bu idarəetmə mərkəzi üz tanıma funksiyasına malik olacaq və ekrana hansı istifadəçinin baxdığını müəyyən edəcək, eləcə də fərdiləşdirilmiş məlumatları göstərəcək.
Cihaz ehtimal ki, 6 və ya 7 düymlük ekrana sahib olacaq. Bundan əlavə, insayder ev cihazının süni intellektlə işləyən “Siri” ilə işləyə, “FaceTime” video zənglərini dəstəkləyə və “HomeKit” ağıllı ev aksesuarlarını idarə edə biləcəyini açıqlayıb.
Məqalədə yeni əməliyyat sisteminin iOS, macOS, iPadOS, tvOS, watchOS və visionOS ilə birlikdə təqdim ediləcəyi bildirilir.
Yeni əməliyyat sistemi ehtimal ki, “Apple”lə əlaqəli bir şirkət tərəfindən patentləşdirilmiş “homeOS” adlandırıla bilər.
Qurman “Apple”ın yeni əməliyyat sistemini oktyabr ayında təqdim edəcəyini bildirib.