Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 28 yanvar, AZƏRTAC
Avropa Ətraf Mühit Agentliyinin (European Environment Agency – EEA) yeni hesabatı göstərir ki, qitənin su ehtiyatları insan fəaliyyəti və iqlim dəyişikliklərinin təsiri altında ciddi təzyiqə məruz qalmaqda davam edir, çayların, göllərin və yeraltı suların dayanıqlı vəziyyətinin təmin olunması üzrə hədəflərə isə hələ də nail olunmayıb.
AZƏRTAC “EEA”nın saytına istinadla xəbər verir ki, “Europe’s State of Water 2024” hesabatının məlumatına əsasən, 2021-ci ildə Avropada səth sularının təxminən 37 faizi “yaxşı” və ya “yüksək” ekoloji statusa malik olub, yalnız 29 faizi isə “yaxşı kimyəvi statusa” uyğun sayılıb. Yeraltı sular üzrə vəziyyət nisbətən daha yaxşıdır, lakin nitratlar və pestisidlər səbəbindən əhəmiyyətli risklər qalmaqdadır.
Suların ekoloji və kimyəvi statusu Avropa İttifaqının Su Çərçivə Direktivinin tələblərinə uyğun qiymətləndirilir. Direktiv bütün su obyektlərinin “yaxşı vəziyyətə” gətirilməsini 2015-ci ilə qədər hədəf qoymuşdu, lakin kifayət qədər irəliləyiş əldə olunmadığı üçün müddət 2027-ci ilə qədər uzadılıb.
“EEA” analitikləri suyun keyfiyyətini sistemli şəkildə pisləşdirən bir neçə əsas problem mənbəyini müəyyən ediblər:
– Kənd təsərrüfatı əsas təzyiq mənbəyi olaraq qalır. Buraya suyun intensiv istifadəsi, eləcə də qida maddələrinin (gübrələrin) və pestisidlərin su sistemlərinə əlavə olunması daxildir. Bu, eutrofikasiyaya, kimyəvi çirkləndiricilərin yayılmasına və ekosistemlərin keyfiyyətinin pisləşməsinə səbəb olur;
– Kimyəvi çirklənmə yüksək səviyyədə qalır. Civə, davamlı üzvi çirkləndiricilər və pestisidlər kimi maddələr emissiyaların məhdudlaşdırılması tədbirlərinə baxmayaraq, çayların və göllərin vəziyyətinə təsir göstərməkdə davam edir;
– Hidromorfoloji dəyişikliklər (dərinləşdirmə işləri, bəndlər və çay məcralarının dəyişdirilməsi) təbii prosesləri pozur, ekosistemlərin özünü təmizləmə və bərpa qabiliyyətini zəiflədir;
– Bu proseslər su orqanizmlərinin sabit icmaları (сообщества) saxlamaq imkanını azaldır və çayların, göllərin təbii funksiyalarını pisləşdirir;
– İqlim dəyişiklikləri Avropanın su ehtiyatlarına təzyiqi gücləndirir, belə ki, daha tez-tez baş verən quraqlıqlar, ekstremal yağıntılar və daşqınlar çayların və su anbarlarının deqradasiyasını sürətləndirir və su stresini artırır. Təhlilə görə, Avropa ərazisinin təxminən 30 faizi və əhalisinin təxminən 30 faizi hər il su qıtlığı ilə üzləşir;
– İqlim dəyişiklikləri həmçinin sularda çirkləndiricilərin konsentrasiyasını artıra və insan sağlamlığı üçün riskləri gücləndirə bilər. Belə ki, temperaturun yüksəlməsi patogenlərin çoxalmasını sürətləndirir, çirkləndiricilərin aktivliyi artır;
– Su obyektlərinin pis vəziyyəti insanların sağlamlığı və biomüxtəliflik üçün risklərlə birbaşa əlaqəlidir. Səth sularında qida zəncirlərində toplanmaq qabiliyyətinə malik kimyəvi maddələr və içməli su üçün təhlükə yaradan komponentlər aşkar olunur. Bundan əlavə, çirklənmə su yolu ilə ötürülən xəstəliklərin yayılma ehtimalını artırır.
EEA-nın hesabatı göstərir ki, uzun illər aparılan tənzimləmə və siyasət tədbirlərinə baxmayaraq, suların keyfiyyətinin yaxşılaşdırılmasında irəliləyiş məhdud səviyyədədir. Mövcud tədbirlər bəzi regionlarda vəziyyətin daha da pisləşməsinin qarşısını alsa da, su obyektlərinin statusunda genişmiqyaslı yaxşılaşma əldə edilməyib.
Avropa İttifaqının direktivində nəzərdə tutulan məqsədlərə yaxınlaşmaq və iqlim dəyişiklikləri şəraitində su sistemlərinin dayanıqlığını artırmaq üçün ekspertlər aşağıdakı tədbirləri təklif edirlər: kənd təsərrüfatı emissiyalarına və su istifadəsinə nəzarətin gücləndirilməsi; çayların hidromorfoloji şəraitinin və sahil ekosistemlərinin bərpası üzrə tədbirlərin genişləndirilməsi; iqlim və su siyasətinin inteqrasiyası; monitorinq və suyun təmizlənməsi sahəsində innovativ yanaşmaların, o cümlədən rəqəmsal qiymətləndirmə metodlarının daha fəal tətbiqi.
Su ehtiyatları dayanıqlı ekosistemin, iqtisadiyyatın və əhalinin sağlamlığının əsas elementidir. Hesabatın göstərdiyi kimi, Avropada səth sularının böyük hissəsi və yeraltı ehtiyatların əsas payı hələ də Avropa İttifaqı qanunvericiliyinin tələb etdiyi “yaxşı vəziyyət”dən uzaqdır.