Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Təəssüf ki, Azərbaycan cəmiyyətinin əksər sferalarında və təbəqələrində kriminala meyllər getdikcə azalmaq əvəzinə artmaqdadır.
Bu bəla o qədər dərinə işləyib ki, artıq orta məktəb partalarına qədər belə gedib çatıb.
Təəssüf ki, həmçinin, idmanımız da kriminalın tüğyan etdiyi sahələrdən birinə çevrilib...Bu günlərdə Türkiyənin Antalya şəhərində Muay-Tay Federasiyasının sədri Araz Musayevin günün günorta çağında, onlarla insanın əhatəsində və gözü qarşısında nümayişkaranə şəkildə bıçaqlanması Azərbaycan idmanında illər uzunu davam edən kriminallaşmanın açıq təzahürü və bu şəkildə üzə çıxması sayıla bilər.
Qardaş ölkədə törədilən bu suqi-qəsd cinayəti Azərbaycan idmanının və ümumilikdə ölkəmizin adına qətiyyən başucalığı gətirmir.
Türkiyə kanallarının da geniş yer verdiyi bu biabırçılıq bir daha idmanımızın kriminallaşmasının federasiya başçıları səviyyəsinə qədər çatdığını göstərdi.
Yeri gəlmişkən, qeyd edək ki, Araz Musayev baş verən hadisə ilə bağlı danışarkən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adını çəkib və bu cinayəti onun sifariş etdiyini iddia edib: "Məni Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar.
Aramızda olan problem isə işlə bağlı olub... Bu vaxta kimi mənə qarşı xoş olmayan addımlar atıb, son addım killer tutmaq oldu".