Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
“Etnoqrafik Tədqiqatlara Dəstək” İctimai Birliyinin iştirakı ilə keçirilən elmi-praktik seminarda etnoqraf Aytən Əsədova moderator kimi çıxış edib. O, “Səfəvi dövrü Azərbaycan geyim mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edib.
XQ xəbər verir ki, Aytən Əsədova çıxışında Azərbaycan xalqının geyim mədəniyyətinin qədim tarixə malik olduğunu bildirib. Onun sözlərinə görə, milli geyim anlayışı yalnız parça, rəng, biçim və naxışlarla məhdudlaşmır. Geyim əsrlər boyu formalaşmış həyat tərzinin, estetik zövqün və mənəvi yaddaşın mühüm ifadələrindən biridir. O qeyd edib ki, Azərbaycan geyim mədəniyyətinin tarixi köklərini yalnız XVIII-XX əsrlərə aid muzey nümunələri ilə deyil, daha qədim dövrlərə aid arxeoloji materiallarla da izləmək mümkündür.
Etnoqraf bildirib ki, qədim geyim mədəniyyətinin öyrənilməsində arxeoloji qazıntılar zamanı əldə olunan materiallar xüsusi əhəmiyyət daşıyır. Parça və digər toxuculuq məmulatlarının torpaq altında tez çürüməsi səbəbindən bütöv geyim nümunələri az qorunub. Buna görə də qədim insanların geyim ənənələri yalnız paltar qalıqları əsasında deyil, həmin geyimlərin hazırlanmasında istifadə olunan alətlər, bəzək əşyaları və digər arxeoloji tapıntılar vasitəsilə də araşdırılır.
Aytən Əsədova diqqətə çatdırıb ki, Azərbaycanda qədim parça və geyim nümunələrinin mühüm hissəsi Mingəçevir, Naxçıvan və Qarabağ ərazilərində aparılan arxeoloji tədqiqatlar zamanı aşkar edilib. Mingəçevirdə ipək və toxuma papaq qalıqlarının, eləcə də toxuculuq alətlərinin tapıldığını bildirən etnoqraf bu materialların qədim dövrlərdə yerli əhalinin yun və kətan liflərindən ip hazırladığını göstərdiyini qeyd edib.
Məruzədə qədim geyimlərdə baş geyimlərinin də xüsusi yer tutduğu vurğulanıb. Bildirilib ki, Naxçıvandakı Kültəpə abidəsindən və Mingəçevirin e.ə. II minilliyə aid təbəqələrindən aşkar edilmiş insan fiqurlarında dairəvi və konusvari papaq formaları əks olunub. Bu tapıntılar Azərbaycanda hələ tunc dövründə müxtəlif papaq formalarının mövcudluğuna dair təsəvvür yaradır.
Etnoqraf çıxışında geyim mədəniyyətinin öyrənilməsində bəzək əşyalarının roluna da toxunub. Onun sözlərinə görə, arxeoloji qazıntılar zamanı tapılan tunc və gümüş asmalar, alın bəzəkləri, sancaqlar, baş tacları, düymələr və kəmər toqqaları qədim dövr insanlarının geyim və bəzək zövqü haqqında mühüm məlumat verir. Xüsusilə qadın baş geyimlərinin mürəkkəb quruluşa malik olduğunu göstərən bu tapıntılar həmin dövrün geyim ənənələrinin öyrənilməsi baxımından qiymətli mənbələrdir.
Aytən Əsədova həmçinin Bərdə ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ipək parça qalıqları, bəzəkli geyim fraqmentləri və ipəyirən alətlərin aşkar edildiyini bildirib. Bu tapıntıların Azərbaycanın qədim toxuculuq və geyim mədəniyyətinin inkişafını öyrənmək baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Məruzədə Azərbaycanın müxtəlif bölgələrindən aşkar edilmiş qədim kəmərlərə və geyim aksesuarlarına da diqqət çəkilib. Bildirilib ki, arxeoloji materiallarda kəmərlərin üzərində ovçuluq və əkinçiliklə bağlı simvollara rast gəlinir. Bu nümunələr geyimin yalnız praktiki funksiyasını deyil, həm də dövrün sənətkarlıq ənənələrini və estetik zövqünü əks etdirir.
Çıxışda Şirvanşahlar türbəsində aşkar edilmiş parça nümunələri də qeyd olunub. İçərişəhərdə yerləşən Şirvanşahlar Saray Kompleksinin ərazisində aparılan arxeoloji qazıntılar zamanı iki nadir kətan parça nümunəsi və zərif ipək qumaş qalıqlarının aşkar edildiyi bildirilib. Həmin materialların Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunduğu qeyd edilib.
Aytən Əsədova çıxışının sonunda vurğulayıb ki, arxeoloji abidələrdən aşkar edilən qədim geyim, parça və bəzək nümunələri yalnız keçmişdən qalan maddi əşyalar deyil. Bu tapıntılar Azərbaycan xalqının geyim mədəniyyətinin tarixi inkişafını, sənətkarlıq təcrübəsini və nəsildən-nəsilə ötürülən milli yaddaşı öyrənmək üçün mühüm mənbədir. Onun fikrincə, belə maddi mədəniyyət nümunələri öyrənilməli, bərpa edilməli, qorunmalı və milli üslubun tarixi köklərinin gələcək nəsillərə çatdırılmasına xidmət etməlidir.