Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir. Gələn il Haqq Aşığı Alının 225 yaşı tamam olacaq.
Poeziyanın, aşıq ədəbiyyatının pərvanələri onu zirvə şairi kimi tanıyır, gəraylı, qoşma, təcnis və digər janrlarda yazdığı şeirlərini sevə-sevə oxuyurlar.
Aşıq Alının yaradıcılığı indiyədək geniş tədqiq edilib, haqqında yazılan, eləcə də seçmə şeirlərindən ibarət olan neçə-neçə kitab çıxıb.
Bunlardan biri də 2020-ci ildə araşdırmaçı şair-publisist İlham Qəhrəmanın müxtəlif mənbələrdən onun şeirlərini toplayıb tərtib etdiyi “Nə qaldı” kitabıdır.
500 nüsxə tirajla çap olunmuş həmin kitab əvvəlkilərdən cinasların daha düzgün qurulması və hər bir çətin cinasa ətək şərhinin verilməsi ilə seçilir.
Təsadüfi deyil ki, az vaxtda satılan “Nə qaldı”dan əldə arxiv üçün cəmi bir neçə nüsxə qalıb.
Bizimlə söhbətində İlham Qəhrəman bildirdi ki, eyni zamanda, Haqq Aşığının qohumları ona etibar edərək, əldə-ovucda saxladıqları şeirlərini (əsasən təcnisləri) vermişdilər.
400 səhifəlik kitab aşıq şeirinin düzülüş ənənəsinə uyğun olan ardıcıllıqla – ustadnamələrlə başlayıb, divani, qıfılbənd və bağlamalarla – tamamlanırdı.