Apasport saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanlı futbol mütəxəssisi Aslan Kərimov “Apasport”a müsahibə verib.
– Qarşılaşma haqqında ümumi gözləntiləriniz nədir?
– Hər şeydən əvvəl, yenidən Azərbaycan futbol azarkeşlərini Çempionlar Liqasının himni səslənən möhtəşəm bir matç gözləyir. Sözün əsl mənasında bu, əsl futbol bayramına çevriləcək. Oyun Olimpiya Stadionunda keçiriləcək və böyük ehtimalla, hamımız çox baxımlı, həyəcanlı bir qarşılaşmanın şahidi olacağıq.
– "Slaviya Praqa" haqqında nə demək olar? Komandaların şanslarını necə dəyərləndirirsiniz?
– Çempionlar Liqasının liqa mərhələsində zəif rəqib anlayışı, demək olar ki, yoxdur. Lakin "Barselona", "Real Madrid", "Çelsi" və ya "Dortmund" kimi nəhənglərlə müqayisədə "Slaviya" ilə matç “Sabah”ın xal qazanması üçün daha əlverişli imkan yaradır. Əslində, hər iki komandanın potensialı bərabərdir. Rəqib tərəf Çempionlar Liqasında və Avropa Liqasında dəfələrlə çıxış etmiş böyük təcrübəyə malik klubdur. Bizim təmsilçimiz isə bu turnirdə yeni addımlayan, liqa mərhələsinə yeni yüksəlmiş komandadır. Buna baxmayaraq, meydanda şanslar 50-nin 50-yədir. Hər iki tərəf bu oyuna xal qazanmaq imkanı kimi baxır.
– Komandaların üstün və zəif tərəfləri hansılardır? Mütəxəssis gözü ilə oyunu necə oxuyursunuz?
– "Slaviya"nın ən əsas gücü onların aqressiv pressinq etmək bacarığıdır. Onlar topa nəzarət edərkən çox aqressiv oynayırlar. İlk turda "Lans"la matçda da bunu aydın gördük; hətta bir nəfər azlıqda qalsalar da, 90 dəqiqə oyuna nəzarət etdilər, yalnız son dəqiqələrdə buraxdıqları qollarla məğlub oldular. Bizim üstünlüyümüz isə hücumameyilli oyunçularımızın texniki göstəricilərinin və sürətinin yüksək olmasıdır.
– Mətbuat konfransında hər iki baş məşqçi iddialı görünürdü. Sizcə, qalibi nə müəyyən edəcək?
– Dünənki mətbuat konfransı da göstərdi ki, hər iki tərəf bir-birini çox yaxşı analiz edib və kifayət qədər məlumatlıdır. Məhz bu səbəbdən düşünürəm ki, komandaların potensialı eynidir və xal qazanmaq şansları bərabərdir. Belə qarşılaşmalarda böyük fərqlər deyil, məhz xırda detallar və nüanslar həlledici faktor olacaq. Hesabın necə olacağını dəqiq demək çətin olsa da, bizi son dəqiqəyə qədər gərgin bir mübarizənin gözlədiyi şübhəsizdir.