Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Astanada keçirilən Dövlətlərarası Ali Şuranın II iclasında Azərbaycan və Qazaxıstan prezidentlərinin çıxışları Türk dünyasının geosiyasi koordinasiyasının yeni mərhələsini ifadə edir.
İlham Əliyev və Kasım-Jomart Tokayevin bəyanatlarında səslənən ideyalar həm regional miqyasda – Mərkəzi Asiya və Cənubi Qafqaz xəttində – həm də qlobal miqyasda formalaşan yeni güc balanslarının kontekstində xüsusi siyasi məna kəsb edir.
Astana Sammiti Türk dünyasının geosiyasi inteqrasiyası baxımından həmrəyliyin real strateji əməkdaşlığa çevrildiyi dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.
Azərbaycan və Qazaxıstan prezidentlərinin bəyanatlarında səslənən mesajlar regional siyasətdə artıq “qardaşlıq ritorikası”nın yerini rasional və praqmatik qarşılıqlı asılılıq modelinə verdiyini göstərir.
İlham Əliyev və Kasım-Jomart Tokayevin qarşılıqlı münasibətləri şəxsiyyətlər səviyyəsində etimad üzərində qurulub, amma bu etimad təkcə siyasi liderlər arasında deyil, dövlət institutları səviyyəsində koordinasiyaya çevrilir.
Bunlar Türk Dövlətləri Təşkilatı çərçivəsində sistemli inteqrasiyanın ən vacib komponentidir – siyasi sinxronizasiya və institusional paralelləşmə.
Qazaxıstan liderinin İlham Əliyevi “tarixi miqyasda görkəmli dövlət xadimi” kimi təqdim etməsi Azərbaycanın liderlik potensialının regionda tanınması, həm də Türk dünyasında liderlik payının ədalətli bölüşdürülməsi prinsipinə əsaslanan strateji yanaşmanın göstəricisidir.