Icma.az
close
up
RU
Astana Sammiti və regional nizamın yeni düzəni

Astana Sammiti və regional nizamın yeni düzəni

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Astanada keçirilən Dövlətlərarası Ali Şuranın II iclasında Azərbaycan və Qazaxıstan prezidentlərinin çıxışları Türk dünyasının geosiyasi koordinasiyasının yeni mərhələsini ifadə edir. İlham Əliyev və Kasım-Jomart Tokayevin bəyanatlarında səslənən ideyalar həm regional miqyasda – Mərkəzi Asiya və Cənubi Qafqaz xəttində – həm də qlobal miqyasda formalaşan yeni güc balanslarının kontekstində xüsusi siyasi məna kəsb edir.

Astana Sammiti Türk dünyasının geosiyasi inteqrasiyası baxımından həmrəyliyin real strateji əməkdaşlığa çevrildiyi dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Azərbaycan və Qazaxıstan prezidentlərinin bəyanatlarında səslənən mesajlar regional siyasətdə artıq “qardaşlıq ritorikası”nın yerini rasional və praqmatik qarşılıqlı asılılıq modelinə verdiyini göstərir.

İlham Əliyev və Kasım-Jomart Tokayevin qarşılıqlı münasibətləri şəxsiyyətlər səviyyəsində etimad üzərində qurulub, amma bu etimad təkcə siyasi liderlər arasında deyil, dövlət institutları səviyyəsində koordinasiyaya çevrilir. Bunlar Türk Dövlətləri Təşkilatı çərçivəsində sistemli inteqrasiyanın ən vacib komponentidir – siyasi sinxronizasiya və institusional paralelləşmə.

Qazaxıstan liderinin İlham Əliyevi “tarixi miqyasda görkəmli dövlət xadimi” kimi təqdim etməsi Azərbaycanın liderlik potensialının regionda tanınması, həm də Türk dünyasında liderlik payının ədalətli bölüşdürülməsi prinsipinə əsaslanan strateji yanaşmanın göstəricisidir. Azərbaycan son illər siyasi dinamizmi, enerji təhlükəsizliyi sahəsində rolu və sülh diplomatiyasındakı təşəbbüsləri ilə faktiki olaraq Türk inteqrasiyasının siyasi lokomotivinə çevrilib.

Dövlətlərarası inteqrasiya artıq mədəni yaxınlıq və dil birliyindən daha genişdir. Burada əsas məsələ ortaq maraqların strateji çevikliyə əsaslanan müdafiəsidir. Mərkəzi Asiya və Cənubi Qafqaz regionları bu baxımdan vahid geoiqtisadi sistem kimi formalaşmağa başlayır. Azərbaycan–Qazaxıstan oxu həm Şərq–Qərb marşrutunun dayağı, həm də Türk coğrafiyasının Qərb cinahında dayanıqlı sabitlik platformasıdır.

Bununla yanaşı, inteqrasiyanın yeni mərhələsi artıq qurumlararası harmonizasiya üzərində qurulur. Enerji, nəqliyyat, rəqəmsallaşma və müdafiə sənayesi sahələrində birgə strategiyalar bu inteqrasiyanın texniki mexanizmini yaradır. Yəni ikitərəfli münasibətlər “emosional qardaşlıq”dan “funksional ittifaqa” çevrilir.

Ən mühüm məqam isə odur ki, Türk dünyası artıq qlobal siyasi sistemdə periferik mövqe tutan subyektlər toplusu deyil. TDT müxtəlif güc mərkəzləri – Qərb, Rusiya, Çin – arasında regional balans yaradan müstəqil oyunçu kimi çıxış edir. Bu baxımdan, Azərbaycan–Qazaxıstan tandemi Türk inteqrasiyasının geosiyasi laboratoriyası rolunu oynayır: burada sinxron qərarvermə təcrübələri, enerji və nəqliyyat diplomatiyasının uyğunlaşdırılması, eləcə də ortaq təhlükəsizlik vizyonu formalaşdırılır.

* * *

Astana görüşündə Orta Dəhliz anlayışı qlobal güc balansının dəyişən xəritəsində siyasi-enerji arteriyası kimi təqdim olundu. İlham Əliyev və Kasım-Jomart Tokayevin çıxışlarında layihənin vurğulanması geosiyasi təsir gücünün tranzitidir. Trans-Xəzər marşrutunda daşımaların 62 faiz artması və yaxın perspektivdə 10 milyon ton hədəfi, faktiki olaraq, Mərkəzi Asiya–Cənubi Qafqaz inteqrasiyasını Avrasiyanın əsas strateji xəttinə çevirir. Bütün bu amillər göstərir ki, Azərbaycan və Qazaxıstan enerji və logistika diplomatiyasını sinxronlaşdıraraq Avrasiya məkanında yeni iqtisadi cazibə mərkəzi formalaşdırırlar. Əgər Şimal və Cənub dəhlizləri əsasən mövcud güc mərkəzlərinin – Rusiya və Hindistanın maraqlarına xidmət edirdisə, Orta Dəhliz Türk dünyasının geoiqtisadi suverenliyini bərpa edən alternativ modeldir. Bu marşrutun strateji mahiyyəti ondan ibarətdir ki, o, Avropaya çıxış üçün enerji və ticarət yollarını şaxələndirir, eyni zamanda, Çin və Avropa arasındakı qarşılıqlı asılılığı yeni siyasi formatda tənzimləyir. Yəni Bakı–Astana oxu Avrasiyanın iqtisadi təhlükəsizlik mexanizminin mərkəzi sütunudur.

Azərbaycan bu mənzərədə koordinasiya edən dövlət funksiyasını yerinə yetirir. Bakı həm enerji ixracı, həm də nəqliyyat əlaqələrinin inteqrasiyasında “dəhliz diplomatiyasının” əsas mərkəzinə çevrilib. Qazaxıstan isə Mərkəzi Asiyanın geostrateji dayağı kimi dəhlizin kontinental sabitliyini təmin edir.

Prezident İlham Əliyevin bəyan etdiyi “Zəngəzur dəhlizi” təşəbbüsü bu konsepsiyanın ideoloji və strateji genişlənməsi kimi çıxış edir. Əslində, bu dəhlizlər geosiyasi asılılıqlardan azad olunmuş, qarşılıqlı etimad və funksional əməkdaşlıq əsasında qurulan yeni Avrasiya arxitekturasını formalaşdırır. Məhz bu arxitekturalar nə Qərbin, nə də Şərqin dominantlığına əsaslanır — onun əsas dayaq nöqtəsi Türk dövlətlərinin öz strateji identikliyini qoruyaraq ortaq maraqlar üzərində birləşməsidir.

* * *

Astanada keçirilən Dövlətlərarası Ali Şuranın II iclası bir daha göstərdi ki, Türk dövlətləri artıq qlobal siyasətdə vahid diplomatik vektora malik yeni mərkəz kimi formalaşır. Prezident İlham Əliyevin “Biz bütün beynəlxalq platformalarda demək olar ki, vahid mövqedən çıxış edirik” bəyanatı bu tendensiyanın konseptual ifadəsidir. Söhbət strateji diplomatik sinxronizasiyadan gedir. Azərbaycan və Qazaxıstanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi kimi çoxtərəfli platformalarda eyni mövqedən çıxış etməsi Türk diplomatik oxunun beynəlxalq sistemdə koordinasiyalı fəaliyyətə keçdiyini nümayiş etdirir. Bütün bunlar faktiki olaraq, post-Qərb mərhələsində beynəlxalq münasibətlərdə yeni “Türk multilateralizmi” modelinin yaranmasıdır.

Əgər əvvəllər Türk dünyasının beynəlxalq davranışı əsasən regional məsələlərlə məhdudlaşırdısa, indi bu yanaşma qlobal mövqeyin harmonizasiyasına çevrilib. İƏT çərçivəsində İslam dünyasının siyasi birliyi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi daxilində isə Asiyanın təhlükəsizlik arxitekturası ilə bağlı məsələlərdə Bakı və Astana vahid diplomatik diskurs formalaşdırır.

Türk dünyasının bu yeni diplomatik xətti Qərb və Şərq arasında balanslaşdırılmış siyasət paradiqmasını təmsil edir. Yəni, Azərbaycan və Qazaxıstan nə Qərb blokuna, nə də Şərq alyansına tam mənada inteqrasiya olunmadan, müstəqil qərar mərkəzi kimi çıxış edir. Bütün bu amillər Ukrayna müharibəsi, Yaxın Şərqdəki gərginliklər və enerji təhlükəsizliyi kimi qlobal məsələlər fonunda Türk diplomatiyasının neytral, lakin təsirli vasitəçi statusunu gücləndirir.

Eyni zamanda, bu vahid mövqe dəyərlər və təhlükəsizlik baxışının yaxınlaşması ilə də izah olunur. Azərbaycan və Qazaxıstan hər iki halda milli maraqlara əsaslanan, ideoloji deyil, praqmatik diplomatiya yürüdürlər. Əslində, Astana görüşü Türk dünyasının qlobal siyasi təfəkkürdə subyektləşməsi prosesinin başlanğıc nöqtəsidir. Prezident İlham Əliyevin Astana bəyanatındakı bu fikirləri həmin strateji sinxronizasiya modelini konkret ifadə edir: “Gələn il Azərbaycan iki mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Əlbəttə, əminəm ki, Kasım-Jomart Kemeleviç bizim fəxri qonaqların arasında olacaq. Bunlar İslam Əməkdaşlıq Təşkilatının Sammiti və Qazaxıstanın təşəbbüsü nəticəsində strukturu formalaşan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitidir. Biz bütün beynəlxalq platformalarda demək olar ki, vahid mövqedən çıxış edirik. Bugünkü danışıqlar, fikir mübadiləsi və qərarlar bunu bir daha təsdiq edir”.

Beləliklə, vahid diplomatik mövqe konsepsiyası artıq real geosiyasi mexanizm halına gəlib. Türk dövlətləri bu mexanizm vasitəsilə qlobal çağırışlara kollektiv cavab verən, müstəqil dəyərlər və maraqlar üzərində qurulmuş yeni diplomatik məkan yaradırlar – bu da müasir çoxqütblü dünyanın mühüm sütunlarından birinə çevrilməkdədir.

* * *

Astanada səslənən bəyanatlar və qəbul edilən qərarlar göstərdi ki, XXI əsrin ikinci rübünə doğru post-Qərb beynəlxalq düzəni artıq yeni regional mərkəzlər üzərində qurulur. Mərkəzlərdən ən dinamik və institusional potensialı olanı isə Türk oxudur – Mərkəzi Asiya və Cənubi Qafqazı birləşdirən, müstəqil geosiyasi qərarvermə və dayanıqlı iqtisadi inteqrasiya fəlsəfəsinə əsaslanan yeni siyasi vektor.

Vektorun təməlində isə 3 əsas prinsip dayanır: müstəqillik, etimad və qarşılıqlı asılılıq. Azərbaycan–Qazaxıstan tandemi bu prinsipləri praktik səviyyəyə keçirərək, həm regional sabitliyin, həm də çoxqütblü dünyanın struktur dəyişikliklərinin lokomotivinə çevrilib. Əgər Qərb sistemi uzun müddət normativ universalizm və liberal hegemoniya üzərində qurulmuşdusa, Türk oxu praqmatik suverenlik və qarşılıqlı hörmət əsasında yeni güc modelini təklif edir.

Məhz bu səbəbdən Astana görüşü regional nizamın yeni siyasi arxitekturasının manifesti kimi qiymətləndirilir. Azərbaycan və Qazaxıstanın paralel siyasi kursu Türk Dövlətləri Təşkilatının gələcək strateji xəritəsini də müəyyənləşdirir. Türk dünyası artıq vahid maraq platforması üzərində birləşir. Orta Dəhliz kimi inteqrativ layihələr Türk oxunu Avrasiyanın enerji və nəqliyyat sinirlərinə çevirirsə, diplomatik koordinasiya mexanizmləri onu qlobal qərarvermə proseslərinin subyekti edir.

Ən mühüm siyasi nəticə isə budur: Türk dövlətləri artıq tarixə və qardaşlığa istinad edən simvolizmdən çıxaraq strateji qarşılıqlı asılılıq və institusional inteqrasiya mərhələsinə daxil olub.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:318
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri