Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qazaxıstanın paytaxtı Astana şəhərində "Süni intellektin və sənaye təşəbbüslərinin inkişafı şəraitində iqtisadi əməkdaşlıq" mövzusunda Qazaxıstan-Azərbaycan biznes forumu keçirilib.
Missiya.Az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən forumda iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və yeni tərəfdaşlıq imkanları müzakirə olunub, sənədlər imzalanıb, Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının iclası keçirilib.
Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, ticarət, logistika, sənaye, İKT, nəqliyyat, kənd təsərrüfatı, tikinti, energetika, təhsil, maliyyə, eləcə də yüksək texnologiyalar və proqram təminatı kimi sahələrdə fəaliyyət göstərən 100-dən çox şirkət nümayəndəsi iştirak edib.
İqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib ki, Azərbaycan və Qazaxıstanın iqtisadi əlaqələri son illərdə daha da genişlənərək yeni əməkdaşlıq istiqamətlərini əhatə edib.
Qeyd olunub ki, iki ölkə arasında ticarət dövriyyəsi illik müqayisədə 3 dəfəyədək artaraq 2025-ci ilin yanvar-sentyabr aylarında 568 milyon ABŞ dollarına çatıb.
Nazir müavini ölkəmizdə süni intellektin tətbiqinin genişləndirilməsi və sənayenin rəqəmsal transformasiyası istiqamətində görülən işlər, bu təşəbbüslərin birgə fəaliyyət üçün açdığı imkanlar haqqında danışıb.
Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Aydar Abildabekov Azərbaycanla münasibətlərin dostluq və qarşılıqlı etimad prinsiplərinə əsaslandığını vurğulayıb.