Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2026-cı il noyabrın 12-də Azərbaycanda Atatürk Mərkəzində “Nur” informasiya agentliyinin – “nur.info.az” saytının redaktoru, şair-publisist Aygün Akınayın görkəmli türkoloq, tanınmış dilçi-alim və ictimai xadim, mərhum akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr etdiyi “Dədəmiz Dədə Mədəd” adlı publisistik toplu-kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları, görkəmli alimlər, tanınmış dövlət, elm və incəsənət xadimləri, ziyalılar, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvləri, yazıçılar, şairlər, jurnalistlər, ictimai xadimlər, o cümlədən, ictimai birliklərin, media və kütləvi informasiya vasitələrinin nümayəndələri, həmçinin, akademik Mədəd Çobanovun ailə üzvləri, qohumları, yetirmələri, keçmiş şagirdləri və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tanınmış ədəbiyyatşünas, ədəbi-tənqidçi, esseist, şair və publisist Əsəd Cahangir açıb, şair-publisist Aygün Akınayın həyat və yaradıcılığı haqqında geniş məlumat verib, görkəmli türkoloq Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş kitabın əhəmiyyətini yüksək qiymətləndirib.
Sonra görkəmli alim, tanınmış jurnalist, çağdaş Azərbaycan ədəbiyyatşünaslığının sevilən simalarından biri, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, bir sıra yerli və beynəlxalq mükafatların laureatı Salidə Şərifova “Akademik Mədəd Çobanov – Türk ədəbi dillərinin tədqiqatçısı” mövzusunda geniş məruzə ilə çıxış edib, uzun illər Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının və Türk Dili Qurumunun üzvü olmuş, Beynəlxalq Turan Akademiyasının və Nyu-York Elimlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun elmi fəaliyyəti, Azərbaycan ədəbi dilinin, Azərbaycan dialektologiyasının, onomastikasının, ümumtürkologiyanın ədəbi-mədəni və elmi-nəzəri əsaslarını müəyən edən tətqiqatlarını təhlil edərək Azərbaycanın dilçiliyinə verilən töhfələrindən danışıb.
Milli Məclisin üzvü, siyasi elmlər doktoru Elman Nəsirov Cəlilabad ədəbi mühitin yetirməsi olan Aygün Akınayın yaradıcılığını yüksək qiymətləndirib.
Sonra söz uzun müddət Heydər Əliyev adına Ali Hərbi Dənizçilik Məktəbinin rəisi-rektoru və Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı hərbi attaşesi vəzifəsində çalışmış, Milli Müdafiə Universitetin Hərbi Elmi-Tədqiqat İnstitutunda Humanitar elmlər şöbəsinin rəisi və “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, tarix elmləri doktor, professor Nurulla Əliyev akademik Mədəd Çobanovla bağlı xatirələrini söyləyib.
Sonra tanınmış türkoloq Minəxanım Nuriyeva, Prezident təqaüdçüsü Bilal Alarlı, Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər, AYB üzvü Xalidə Nuray, tanınmış şair-jurnalist Fərman Borçalı, şair Hicran Əhməd, tanınmış şair Yusif Nəğməkar, tanınmış şair-jurnalist Faiq Balabəyli, tanınmış publisist Elbəyi Salmanov və digərləri akademik Mədəd Çobanovun elmi yaradıcılığından söhbət açıb, alimin əsərlərini təhlil ediblər.
Mədəd Çobanovun ailə üzvləri adından - qızı Təranə Çobanova, qohumları və dostları adından tanınmış iqtisadçı, dövlət qulluqçusu və ictimai xadim Xıdırnəbi Qaralov kitabın tərtibatçı müəllifi Aygün Akınaya təşəkkür ediblər, akademik Mədəd Çobanovun mənalı həyat yolundan, onun zəngin elmi-pedaqoji fəaliyyətindən söhbət açıblar.
Bədii qiraət ustası Cəbrayıl Qənbər Aygün Akınayın şeirlərini səsləndirdikdən sonra söz müəllifə verilib. O, öz ömür yolundan, yaradıcılıq fəaliyyətindən, kitabların yazılması və nəşri prosesindən danışıb, tədbirin təşkilatçılarına və bütün iştirakçılara öz minnətdarlığını bildirib.
Sonda Azərbaycan Texniki Universitetin əməkdaşı, "Ziya" qəzetinin və "ZİM.Az" saytının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçusü Müşfiq Borçalı ailələri atası akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş “Dədəmiz Dədə Mədəd” kitabının müəllifinə, Azərbaycanda Atatürk Mərkəzinin rəhbərliyinə, mərkəzin rəhbəri, görkəmli alim, tanınmış türkoloq və ictimai xadim, akademik Nizaml Cəfərova, mərkəzin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, “Borçalı” və “Türk Dünyası İnfo” ictimai birliklərinin sədri Dəyanət Osmanlıya təşəkkürünü bildirtib.
Sonda qonaqlara kitablar hədiyyə olunub.
P.ƏMİRCANOV
XQ