Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
“Şahdağ” Turizm Mərkəzində Azərbaycan Turizm və Menecment Universitetinin 20 illik yubileyinə həsr olunmuş “TourismLAB” Yay Düşərgəsi keçirilib. Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm və Menecment Universiteti, “Şahdağ” Turizm Mərkəzi və Azərbaycan Turizm Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Birliyinin tərəfdaşlığı ilə təşkil olunan düşərgədə ATMU-nun tələbələri iştirak edib.
Düşərgənin əsas məqsədi turizm sahəsində təhsil alan gənclərin peşəkar bilik və bacarıqlarının inkişafına dəstək göstərmək, onların liderlik, komanda işi və praktik fəaliyyət istiqamətində bacarıqlarını gücləndirməkdir. Eyni zamanda düşərgə dövlət–universitet–özəl sektor əməkdaşlığı nümunəsi kimi çıxış edərək turizm təhsili və sənayenin birgə fəaliyyətinin önəmini vurğulayır.
Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarətindən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Əliyev turizm sektorunun inkişafında peşəkar kadr hazırlığının mühüm rola malik olduğunu vurğulayaraq bu cür təşəbbüslərin gənclərin nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirməsinə və gələcəyin peşəkar turizm mütəxəssislərinin yetişməsinə töhfə verdiyini bildirib.
ATMU-nun prorektoru Araz Aslanlı universitetin 20 illik inkişaf yolundan və turizm təhsilinin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, “TourismLAB” Yay Düşərgəsinin tələbələrin şəxsi və peşəkar inkişafı üçün mühüm platforma olduğunu qeyd edib. "Şahdağ" Turizm Mərkəzinin departament direktoru Rəhim Mustafayev Şahdağın ölkənin aparıcı turizm məkanlarından biri kimi gənclərin praktiki biliklər qazanması üçün əlverişli imkanlar yaratdığını diqqətə çatdırıb. Azərbaycan Turizm Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Emil Rüstəmov isə bu cür təşəbbüslərin gələcək turizm mütəxəssislərinin hazırlanmasına və sahədə əməkdaşlıq mühitinin möhkəmlənməsinə xidmət etdiyini bildirib.
13–15 iyul tarixlərini əhatə edən “TourismLAB” Yay Düşərgəsi çərçivəsində iştirakçılar üçün turizm sənayesinin aktual mövzularını əhatə edən təlimlər, panel müzakirələri və master-klasslar keçirilib. Bununla yanaşı, komanda quruculuğuna yönəlmiş fəaliyyətlər, intellektual və idman yarışları, şəhər turu, eləcə də müxtəlif sosial və mədəni proqramlar təşkil olunub.
Düşərgə proqramı iştirakçıların peşəkar inkişafını dəstəkləməklə yanaşı, onların kommunikasiya və komanda şəklində fəaliyyət göstərmək bacarıqlarının təkmilləşməsinə töhfə verir.
Z.HÜSEYNOVA
XQ