Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Avropada hökumətlər və dövlət qurumları ABŞ-nin böyük texnologiya şirkətlərinin rəqəmsal xidmətlərindən asılılığı azaltmağa başlayıb.
Yeniavaz.com “Associated Press”ə (AP) istinadən xəbər verir ki, bir sıra ölkələrdə “Zoom”, “Microsoft Teams”, “Microsoft Office” kimi məşhur platformalardan imtina edilərək yerli və ya açıq mənbəli, pulsuz alternativlərə keçid həyata keçirilir.
AP yazır ki, bu tendensiya məlumatların məxfiliyi ilə bağlı narahatlıqlar və ABŞ administrasiyasının siyasi qərarlarının texnologiya şirkətləri vasitəsilə Avropa qurumlarına təsir göstərə bilməsi qorxusu fonunda güclənir. Bu proses “rəqəmsal suverenlik” anlayışının Avropa Birliyi ölkələrində getdikcə daha çox siyasi dəstək qazanması ilə əlaqələndirilir.
Narahatlıqları artıran əsas hadisələrdən biri 2025-ci ildə ABŞ administrasiyasının Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xana qarşı sanksiyalar tətbiq etməsi olub. Haaqa şəhərində yerləşən BCM-in İsrailin baş naziri Benyamin Netanyahu barəsində həbs orderi çıxarmasından sonra qəbul edilən bu sanksiyalar nəticəsində “Microsoft” Kərim Xanın BCM-dəki elektron poçt hesabını bloklayıb.
“Microsoft” isə BCM-ə xidmətlərini heç vaxt dayandırmadığını bildirir. Şirkətin prezidenti Bred Smit Davosda CNN-ə müsahibəsində qeyd edib ki, Avropa ABŞ texnologiya sektoru üçün ən böyük bazarlardan biridir və bu münasibətlərin əsasında etibar dayanır. “Microsoft” həmçinin Avropa qanunvericiliyinə uyğun olaraq məlumatların Avropada saxlanılmasını, güclü məxfilik və təhlükəsizlik mexanizmlərini təmin etdiyini vurğulayır.
Buna baxmayaraq, Avropa ölkələrində konkret addımlar artıq atılıb.
AP-nin məlumatına görə, Fransa hökuməti 2027-ci ilə qədər 2,5 milyon dövlət qulluqçusunun “Zoom”, “Microsoft Teams”, “Webex” və “GoTo Meeting” kimi ABŞ mənşəli video konfrans platformalarından istifadəsini dayandıraraq daxili “Visio” sisteminə keçəcəyini açıqlayıb. Məqsəd ictimai elektron rabitənin təhlükəsizliyini və məxfiliyini gücləndirməkdir.
Almaniyanın Şlezviq-Holşteyn əyalətində 44 min dövlət işçisinin elektron poçt hesabları “Microsoft”dan açıq mənbəli sistemə köçürülüb, “SharePoint” isə “Nextcloud”la əvəz edilib. Əyalət həmçinin “Windows”dan “Linux”a keçidi nəzərdən keçirir.
Fransanın Lion şəhəri “Microsoft” ofis proqramlarından imtina edərək pulsuz alternativlərdən istifadə edəcəyini bəyan edib.
Danimarka hökuməti, eləcə də Kopenhagen və Orhus şəhərləri açıq mənbəli proqram təminatını sınaqdan keçirir.
Avstriya ordusu “Microsoft 365” əvəzinə “LibreOffice” proqram paketinə keçib.
“LibreOffice”in arxasında duran Almaniyanın qeyri-kommersiya təşkilatı olan “Document Foundation” bu addımları fərdi texnologiya təminatçılarından asılılığın azalması istiqamətində atılan vacib addım kimi qiymətləndirir. Təşkilatın nümayəndəsi İtalo Vignoli AP-yə bildirib ki, əvvəllər bu keçid daha çox maliyyə qənaəti kimi dəyərləndirilirdisə, indi əsas motiv azadlıq və müstəqillikdir.
“Eurasia Group”un baş geotexnologiya analitiki Nik Reyners isə hesab edir ki, rəqəmsal suverenlik ideyası Avropada getdikcə daha çox “siyasi cazibə” qazanır. Onun sözlərinə görə, əsas məqsəd Avropa ölkələrinin rəqəmsal qərarları yalnız özlərinin verməsi və xarici təzyiqlərə məruz qalmamasıdır.
Müşahidəçilər bildirirlər ki, bu proses yaxın illərdə Avropa ilə ABŞ texnologiya şirkətləri arasında münasibətlərin yeni mərhələyə keçməsinə səbəb ola bilər.
Murad Məmmədov