Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Avropa siyasəti uzun müddətdir ki, sağ və sol arasında ideoloji mübarizənin şahidi olur. Lakin son aylarda Brüsseldə baş verənlər artıq siyasi rəqabət çərçivəsindən çıxaraq Avropa İttifaqının (Aİ) gələcək siyasi arxitekturası ilə bağlı daha fundamental sualları gündəmə gətirib. Söhbət sağçı Avropa Mühafizəkarları və İslahatçılar (ECR) qrupu ilə Avropa Sol Alyansı (ELA) arasında qalmaqaldan gedir. ECR-in sədr müavini Çarli Veymers Avropa Sol Alyansının (ELA) Aİ dəyərlərini pozub-pozmadığının araşdırılmasını tələb edib. O, bununla bağlı səsvermənin keçirilməsinə dair təşəbbüs irəli sürərək imza toplamağa başlayıb. Prosesin yekununda ELA-nın qeydiyyatının ləğvi və Aİ maliyyələşməsindən məhrum edilməsi, yəni faktiki olaraq təşkilatın fəaliyyətinin qadağan olunması ilə nəticələnə biləcək addımlar atıla bilər.
Yaxın keçmişə nəzər salsaq, görərik ki, bir neçə il əvvələ qədər Avropa İttifaqında əsas siyasi mübarizə mərkəzçi sağ və mərkəzçi sol qüvvələr arasında gedirdi. Avropa Xalq Partiyası, Sosialistlər və Demokratlar Alyansı, liberal qüvvələr və yaşıl hərəkatlar qitənin siyasətinin əsas sütunlarını təşkil edirdi. Sistemdə radikal sağlarla sollar daha çox kənarda qalırdı. Lakin baş verən iqtisadi böhranlar, miqrasiya dalğaları, enerji təhlükəsizliyi problemləri, Ukrayna müharibəsi və Yaxın Şərqdəki hadisələr siyasi balansı dəyişdirdi, əvvəllər sistemin periferiyasında olan qüvvələr siyasi gündəmin mərkəzinə doğru irəliləməyə başladılar. Prosesdən ən çox faydalanan tərəf şübhəsiz ki, sağ populist hərəkatlar oldu. Fransa, İtaliya, Hollandiya, Avstriya, İsveç və digər ölkələrdə sağçı partiyalar ya hakimiyyətə gəldilər, ya da hakimiyyətə ortaq oldular. Parlamentdə onların təmsilçiliyi nəzərəçarpacaq dərəcədə artdı. Radikal sol qüvvələr isə müəyyən yüksəliş yaşasalar da, onların təsiri sağın yüksəlişi ilə müqayisədə daha məhdud qaldı.
Məsələnin məğzinə keçməzdən öncə xatırladaq ki, Avropa Sol Alyansı nisbətən yeni siyasi qurumdur. 2024-cü ildə rəsmi qeydiyyatdan keçən alyans Fransa, İspaniya, Danimarka, Finlandiya, Polşa və digər ölkələrin sol partiyalarını bir araya gətirir. Alyansın əsas məqsədi sosial bərabərlik, əmək hüquqları, ekoloji transformasiya və ifrat sağın yüksəlişinə qarşı mübarizə kimi məsələləri ön plana çıxarmaqdır. Onun sıralarında İspaniyanın “Podemos” partiyası və Fransanın “Əyilməz Fransa” hərəkatı kimi tanınmış siyasi qüvvələr yer alır. Mübahisənin mərkəzində isə Fransa dayanır. Son illər Fransada baş verən sosial etirazlar, küçə aksiyaları və gənclər hərəkatları siyasi qütbləşməni daha da dərinləşdirib. Prezident Emmanuel Makronun siyasi mərkəzi zəiflədikcə həm sağ, həm də sol radikalların təsiri artır. Bu şəraitdə Jan-Lük Melanşonun siyasi xəttini davam etdirən “Əyilməz Fransa” ölkənin ən təsirli müxalif qüvvələrindən birinə çevrilib. Onun fəaliyyəti ətrafında mübahisələr də artıb. Sağçı düşərgə partiyanı küçə radikalizmini təşviq etməkdə ittiham edir. Ona görə də ECR nümayəndələri Avropa Sol Alyansının Aİ dəyərlərini pozub-pozmadığının araşdırılmasını tələb etməyə başlayıblar. Təşəbbüsün müəllifləri hesab edirlər ki, alyansın bəzi üzvlərinin fəaliyyəti demokratik institutlara təzyiq yaradır. Bu da zorakılıqla nəticələnən etirazlarla əlaqələndirilə bilər. Sol düşərgə isə ittihamları rədd edərək bunun siyasi rəqibləri susdurmaq cəhdi olduğunu bildirir.
Maraqlısı odur ki, məsələ hüquqi müstəvidən daha çox siyasi xarakter daşıyır. Çünki Avropa İttifaqında hansısa siyasi partiyanın və ya alyansın qeydiyyatının ləğvi son dərəcə nadir və mürəkkəb prosedurdur. Bunun üçün ciddi hüquqi əsaslar tələb olunur. Yəni hazırkı təşəbbüsün real nəticəsindən daha çox onun yaratdığı siyasi effekt ön plana çıxır.
Hazırda Brüsseldə gedən mübarizə əslində Avropanın gələcək siyasi istiqaməti uğrunda mübarizənin bir hissəsidir. Son illərdə Avropa siyasətində müşahidə olunan əsas tendensiyalardan biri ənənəvi "sanitar kordon" (müəyyən bir partiya və ya siyasi qüvvənin hakimiyyətə təsir imkanlarını məhdudlaşdırmaq üçün digər partiyaların onunla əməkdaşlıq etməməsi siyasəti) siyasətinin zəifləməsidir. Uzun müddət mərkəzçi partiyalar ifrat sağ qüvvələrlə əməkdaşlıqdan yayınırdılar. Lakin yeni siyasi reallıq sözügedən yanaşmanı dəyişməyə başlayıb. Bundan başqa, bir sıra məsələlərdə Avropa Xalq Partiyası ilə sağçı və mühafizəkar qruplar arasında əməkdaşlıq nümunələri də ön plana çıxır. Belə olan təqdirdə Avropa Parlamentində qərarların qəbul edilməsində yeni çoxluqlar formalaşır.
ELA ətrafında yaranan mübahisəni də məhz bu kontekstdə dəyərləndirmək mümkündür. Məsələ ilə bağlı səsvermənin oktyabrın 19-da Avropa Parlamentinin plenar iclasında keçirilməsi nəzərdə tutulur. Təşəbbüsün plenar iclasa çıxarılması üçün Veymers oktyabrın 16-dək ən azı üç siyasi qrupdan 180 deputatın imzasını toplamalıdır.
Nəzrin ELDARQIZI
XQ