Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Beynəlxalq siyasətdə elə səfərlər var ki, onlar böyük geosiyasi tendensiyaların xəbərçisinə çevrilirlər. İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Departamentinin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassisin Azərbaycana səfəri də məhz bu kateqoriyaya daxildir. Əslində, burada söhbət Avropanın neytral diplomatiyası ilə Cənubi Qafqazın yeni siyasi reallıqları arasında yaranan strateji yaxınlaşmadan gedir.
“Soyuq müharibə”dən sonra formalaşan beynəlxalq sistem uzun müddət liberal institutların və kollektiv təhlükəsizlik mexanizmlərinin üstünlüyü üzərində qurulmuşdu. Lakin son illər dünya tamamilə fərqli mərhələyə daxil olub. Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən böhranlar, Avropa təhlükəsizlik sistemində yaranan çatlar və qlobal güclər arasında rəqabətin dərinləşməsi göstərir ki, beynəlxalq münasibətlər artıq yeni geosiyasi dövrə qədəm qoyub. Yeni mərhələdə dövlətlərin dəyəri onların yalnız hərbi və ya iqtisadi imkanları ilə deyil, böhranların idarə olunmasına nə qədər töhfə verə bilmələri ilə ölçülür.
Məhz bu baxımdan İsveçrə və Azərbaycanın yolları kəsişir. İsveçrə Avropada neytrallığın simvoludur. Onun xarici siyasət fəlsəfəsi dialoq yaratmaqdan ibarətdir. Bern uzun illərdir beynəlxalq münaqişələrdə vasitəçilik edən, müxtəlif dövlətlər arasında etimad kanallarını qoruyan və çoxtərəfli diplomatiyanın mühüm mərkəzlərindən biri kimi çıxış edir. Təsadüfi deyil ki, dünyanın ən mürəkkəb siyasi proseslərinin əhəmiyyətli hissəsi məhz Cenevrə platformasında müzakirə olunur. Azərbaycan isə tamamilə fərqli geosiyasi mühitdə fəaliyyət göstərməsinə baxmayaraq, son illərdə regionun siyasi gündəmini formalaşdıran əsas aktora çevrilib. 2020-ci ildən sonra Cənubi Qafqazda yaranmış yeni reallıq Bakını regional sabitliyin əsas iştirakçısı statusuna yüksəldib. Bu gün regionun gələcək təhlükəsizlik arxitekturası, kommunikasiya layihələri, iqtisadi inteqrasiya perspektivləri və sülh prosesinin taleyi Azərbaycanın iştirakı olmadan təsəvvür edilmir. Burada maraqlı geosiyasi paralel yaranır. İsveçrə Avropada sabitlik ixrac edən dövlətdirsə, Azərbaycan Cənubi Qafqazda sabitlik yaradan dövlətdir. Rəsmi Bernin əsas resursu diplomatik etibardır, rəsmi Bakının isə regional siyasi təsir imkanlarıdır. Müasir beynəlxalq münasibətlərdə bu iki resurs – etibar və təsir – ən qiymətli strateji kapital hesab olunur.
Digər tərəfdən, İsveçrənin bu mərhələdə Azərbaycana xüsusi diqqət ayırması təsadüfi görünmür. Çünki Avropa siyasətində artıq etibarlı tərəfdaşların müəyyənləşdirilməsi prosesi gedir. Böyük güclər arasında rəqabət dərinləşdikcə orta güclərin və regional aktorların rolu artır. Azərbaycan da məhz belə dövlətlər sırasındadır. O, Şərqlə Qərb, Şimalla Cənub arasında yerləşən coğrafi mövqeyini yalnız tranzit üstünlüyünə deyil, siyasi dialoq imkanına çevirməyə çalışır.
Burada diqqətçəkən başqa bir məqam ondan ibarətdir ki, həm İsveçrə, həm də Azərbaycan xarici siyasətdə maksimum praqmatizm nümayiş etdirən dövlətlərdir. Hər iki ölkə müxtəlif siyasi qütblərlə eyni vaxtda işləməyi bacarır, qarşıdurmadan daha çox əməkdaşlıq platformaları qurmağa üstünlük verir və ideoloji bloklaşmadan uzaq dayanmağa çalışır. XXI əsrin mürəkkəb geosiyasi mühitində bu xüsusiyyət mühüm diplomatik üstünlük hesab olunur.
***
İqnasio Kassisin Bakıya səfərinin ikinci və bəlkə də daha mühüm ölçüsü onun ATƏT-in fəaliyyətdə olan sədri kimi həyata keçirilməsidir. Hazırda Avropa təhlükəsizlik sisteminin gələcəyi ilə bağlı geniş müzakirələr gedir. Bir sual ortaya çıxır: Ukrayna müharibəsindən sonra ATƏT əvvəlki təşkilatdırmı? Cavab aydındır – xeyr. Uzun illər Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə ən geniş siyasi platforma hesab edilən ATƏT son illər ciddi institusional sınaqlarla üzləşib. Təşkilat konsensus prinsipi üzərində qurulduğundan böyük güclər arasında dərin geosiyasi qarşıdurma onun qərar qəbuletmə imkanlarını xeyli məhdudlaşdırıb. Ukrayna müharibəsi isə bu böhranı daha da dərinləşdirərək təşkilatın effektivliyi barədə sualları artırıb. Belə şəraitdə İsveçrənin ATƏT-ə gətirməyə çalışdığı əsas yanaşma dialoqun bərpasıdır. Bern anlayır ki, Avropada təhlükəsizlik yalnız hərbi çəkindirmə ilə təmin edilə bilməz. Müxtəlif siyasi qütblər arasında işləyə bilən etimad kanallarının qorunması da ən azı hərbi balans qədər vacibdir.
Məhz burada Azərbaycanın rolu ön plana çıxır. Uzun illər Cənubi Qafqaz ATƏT gündəliyində əsasən həll olunmamış münaqişə kontekstində yer alırdı. Region daha çox təhlükəsizlik problemi kimi təqdim olunurdu. Amma son illər geosiyasi mənzərə dəyişib. Artıq region yeni əməkdaşlıq imkanlarının formalaşdığı məkan kimi qiymətləndirilir. Bu gün Bakı postmünaqişə dövrünün institusional çərçivəsinin formalaşdırılmasında iştirak edən əsas dövlətdir. Regional kommunikasiyalar, iqtisadi inteqrasiya, nəqliyyat marşrutları, humanitar əməkdaşlıq və uzunmüddətli sabitlik kimi məsələlərin böyük hissəsi Azərbaycanın iştirakı olmadan reallaşa bilməz. Burada daha mühüm bir məqam diqqətdən yayınmamalıdır. Əslində, ATƏT-in gələcəyində əsas təşkilatın öz funksiyasını necə yenidən müəyyənləşdirəcəyidir. 1975-ci il Helsinki Yekun Aktı qəbul edilərkən Avropanın təhlükəsizlik anlayışı əsasən dövlətlərarası hərbi qarşıdurmalar üzərində qurulurdu. XXI əsrdə isə təhlükəsizlik anlayışı tamamilə dəyişib. Enerji təhlükəsizliyi, kiberməkan, kritik infrastrukturun qorunması, süni intellekt, dezinformasiya, iqlim təhlükəsizliyi və iqtisadi davamlılıq artıq klassik hərbi təhlükəsizlik qədər strateji əhəmiyyət daşıyır. ATƏT də məhz bu transformasiyaya uyğunlaşmalıdır.
Avropa siyasətində Cənubi Qafqaz uzun illər periferik region kimi qəbul edilirdi. Brüsselin diqqət mərkəzində əsasən Şərqi Avropa, Qərbi Balkanlar və Aralıq dənizi hövzəsi dayanırdı. Cənubi Qafqaz isə daha çox dondurulmuş münaqişələr, geosiyasi rəqabət və təhlükəsizlik riskləri ilə xarakterizə olunan məkan kimi qiymətləndirilirdi.
Son illər Avropa İttifaqının qarşılaşdığı ardıcıl böhranlar – pandemiya, enerji böhranı, Ukrayna müharibəsi, qlobal təchizat zəncirlərinin qırılması və yeni geoiqtisadi rəqabət – Brüsseli təhlükəsizlik anlayışını yenidən nəzərdən keçirməyə məcbur edib. Bu gün Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında formalaşan yeni geosiyasi əlaqələndirmənin əsas halqalarından biridir. Orta Dəhlizin inkişafı, Trans-Xəzər əməkdaşlığının genişlənməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsi Azərbaycanın geosiyasi çəkisini keyfiyyətcə yeni mərhələyə çıxarıb.
İlk baxışdan belə görünə bilər ki, Aİ üzvü olmayan İsveçrə Cənubi Qafqazın geosiyasi transformasiyasında ikinci dərəcəli aktordur. Lakin bu, doğru yanaşma olmazdı. İsveçrə formal olaraq Aİ-yə daxil olmasa da, qitənin siyasi və iqtisadi sisteminin ayrılmaz hissəsidir. Onun xarici siyasəti Brüsselin təhlükəsizlik və sabitlik prioritetləri ilə ziddiyyət təşkil etmir. Əksinə, bir çox hallarda İsveçrə Avropa diplomatiyasını tamamlayan neytral platforma rolunu oynayır.
Məhz bu nöqtədə Azərbaycanın regional siyasəti ilə Avropanın yeni strateji baxışı arasında kəsişmə yaranır. Regionda davamlı sülhün formalaşması Avropa üçün də yeni iqtisadi və siyasi imkanlar deməkdir. Çünki sabit Cənubi Qafqaz Avropanın Asiyaya çıxışını daha təhlükəsiz, daha sürətli və daha proqnozlaşdırılan edir. Digər tərəfdən, Azərbaycan da Avropa ilə münasibətlərini yalnız enerji əməkdaşlığı üzərində qurmağa çalışmır. Son illərdə Bakının xarici siyasətində müşahidə olunan əsas tendensiyalardan biri siyasi tərəfdaşlıq formatının genişləndirilməsidir. Beləliklə, İsveçrə ilə Azərbaycan arasında inkişaf edən dialoq iki ölkənin münasibətlərindən daha böyük mənzərəni əks etdirir.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru