Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
İtaliya "Avroviziya 2026"da fələstinli ifaçının səhnəyə çıxmasını istəyir.
Axşam.az xəbər verir ki, İtaliyanın ictimai yayımçısı RAI rəsmi şəkildə Avropa Yayım İttifaqına (AYİ) və Avstriyanın ictimai kanalı ORF-ə müraciət edərək bu il şouda fələstinli ifaçının müsabiqədənkənar formatda səhnəyə çıxmasına icazə verilməsini təklif edib.
"Euronews"un məlumatına görə, RAI rəhbərliyində təmsil olunan üç nəfərin irəli sürdüyü bu təşəbbüs İsrailin müsabiqədə iştirakı ətrafında yaranan müzakirələr fonunda ictimai balansın qorunması məqsədi daşıyır. Belə ki, İsrailin iştirakı bir sıra ölkələrdə etirazlara və boykot çağırışlarına səbəb olub.
Bildirilib ki, bu addım siyasi mövqe daşımır, mədəni təşəbbüsdür:
"Əgər musiqinin təcəssüm etdirdiyi inklüzivlik və qardaşlıq dəyərlərini sarsıtmaq istəmiriksə, Fələstini "Avroviziya" səhnəsində qarşılamaq lazımdır".
Xüsusilə qeyd olunur ki, bu müraciət San-Remo-2026 festivalının iştirakçısı Levantenin açıqlamasından sonra edilib. Müğənni bildirib ki, milli seçimdə qalib gələcəyi təqdirdə İsrailin müsabiqədə iştirakına etiraz olaraq İtaliyanı "Avroviziya"da təmsil etməkdən imtina edəcək.
RAI-nin kommunikasiya üzrə direktoru Fabrizio Kazinelli "Euronews"a açıqlamasında məsələyə belə münasibət bildirib:
"RAI bu vəziyyətə göz yuma bilməzdi. Müraciət daxil olan kimi mövqeyimizi açıq şəkildə ifadə etdik".
Xatırladaq ki, bundan əvvəl Avstriyanın ictimai yayım şirkəti "Österreichischer Rundfunk" (ORF) "Avroviziya-2026"da Fələstin bayrağının qadağan edilməyəcəyini, həmçinin İsrail əleyhinə mümkün səsləndirmələrin efirdə səssizləşdirilməyəcəyini təsdiqləmişdi.
Həmçinin, Niderland, İspaniya, İrlandiya və Sloveniya kimi ölkələr İsrailin müsabiqəyə buraxılmasına etiraz olaraq bu il yarışda iştirak etməyəcəklərini açıqlayıblar.
Qeyd edək ki, ötən il müsabiqədə 436 balla Avstriya - "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə birinci olub. "Avroviziya" müsabiqəsi 2026-cı il mayın 12, 14 və 16-da planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.