Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Azərbaycanda avtomobil sahibi olmaq təkcə nəqliyyat vasitəsi almaqla bitmir. Yanacağın qiyməti, ehtiyat hissələrinin bahalaşması, texniki xidmət, sığorta, parklanma və digər xərclər avtomobil sahiblərinin büdcəsinə ciddi təsir göstərir. Xüsusilə gündəlik avtomobildən istifadə edənlər üçün bu xərclər getdikcə daha böyük maliyyə yükünə çevrilir.
Bəs Azərbaycanda avtomobil saxlamaq əvvəlki illərlə müqayisədə nə dərəcədə bahalaşıb? Ən çox bahalaşan xərc hansıdır?
Nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə bağlı Bakıvaxtı.az-a danışarkən bildirib ki, avtomobil saxlamağın Azərbaycanda və ümumilikdə dünyada çətin, həmçinin ciddi xərc və diqqət tələb edən proses olduğunu bildirib.
Onun sözlərinə görə, avtomobil almaqla bütün işlər bitmir, əksinə, əsas xərclər bundan sonra başlayır. Bəzi sürücülər avtomobilə lazımi qaydada qulluq etməsələr də, məsuliyyətli şəxslər nəqliyyat vasitəsini daim saz vəziyyətdə saxlamaq üçün müəyyən addımlar atır, texniki xidmət və digər prosedurları həyata keçirirlər.
"Avtomobil sahibinin məsuliyyəti onun idarə etdiyi nəqliyyat vasitəsinin texniki vəziyyətinə diqqət yetirməsindən başlayır. İnsan öz həyatını etibar etdiyi avtomobilin saz vəziyyətdə olmasına da nəzarət etməlidir. Bu isə gündəlik xərclərin artması deməkdir".
E.Muradlı bildirib ki, yanacağın qiyməti məlumdur, bununla yanaşı, ehtiyat hissələri, mühərrik yağı və usta xidmətləri də getdikcə bahalaşır. Onun sözlərinə görə, hazırda heç bir xərc əvvəlki səviyyəsində qalmır, hər şeyin qiyməti artır:
"Avtomobil sahiblərinin xərclərinə pullu yollar, parklanma xidmətləri və müxtəlif cərimələr də daxildir. Son dövrlərdə yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrdə də dəyişikliklər olub və bir sıra yeni cərimələr qüvvəyə minib".
Elməddin Muradlı: "Avtomobil almaqla bütün işlər bitmir"
O, sürücülərin peşəkarlığı və yol hərəkəti qaydalarını bilməsi məsələsinə də toxunub:
"Diqqətsizlik və qaydaların pozulması səbəbindən cərimələnən sürücülərin sayı az deyil. Bəzi hallarda sürücülər qaydalara diqqət yetirsələr və onları yaxşı bilsələr, əlavə cərimələrdən yayına bilərlər. Bu baxımdan, yola çıxmazdan əvvəl hərəkət qaydalarını mümkün qədər yaxşı öyrənmək vacibdir".
E.Muradlının sözlərinə görə, sadalanan xərclər avtomobil sahiblərinin büdcəsinə əlavə yük yaradır və insanlarda narazılığa səbəb olur. Ekspert son dövrlərdə bəzi vətəndaşların şəxsi avtomobildən imtina edərək ictimai nəqliyyata üstünlük verməsinə də diqqət çəkib. Onun fikrincə, bu, həmin şəxslərin büdcələrinə qənaət etməyə çalışması ilə bağlıdır və təqdirəlayiq haldır.
Günəş Mərd