Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
NASA Ayın cənub qütbü yaxınlığında fəaliyyət göstərəcək nüvə reaktorunun 2030-cu ilin dekabrına qədər hazırlanaraq yerləşdirilməsini planlaşdırır. Çin və Rusiya isə Beynəlxalq Ay Tədqiqat Stansiyası (ILRS) layihəsi çərçivəsində əməkdaşlıq edir. Rusiya tərəfinin layihədə əsas istiqamətlərindən biri nüvə energetikasıdır. Bu texnologiya kosmosda strateji üstünlük uğrunda rəqabətin əsas istiqamətlərindən birinə çevrilir.
Maraqlıdır Ay uğrunda qlobal rəqabət yeni mərhələyə keçir? Nüvə reaktorlarının kosmosa göndərilməsi hansı risklərə və fəsadlara səbəb ola və supergüclər arasında bu yarış dünya üçün yeni təhlükə mənbəyinə çevrilə bilərmi?
Mövzu ilə bağlı politoloq Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, sözügedən üç ölkə arasında artıq kosmosda, yəni Yerdən daha uzaq məsafədə bu cür silahlanma yarışına girmək əslində enerji məsələsi deyil:
"Nüvə reaktorları yerləşdirilərsə, bu, iki istiqamət üzrə dəyərləndirilir. Birincisi, nüvə reaktorlarının qorunması üçün ən vacib məsələlərdən biri sərin, yəni soyuq iqlimin olmasıdır. Ayın səthinin soyuq olması mahiyyət etibarilə bu prosesi daha da sürətləndirə bilər. İkincisi, kosmos uğrunda yarışdır. Bu, daha geniş fəzada Yer kürəsinə nəzarət imkanları verir. Çünki artıq Yer üzərində hər bir ölkə müəyyən regiona nəzarət funksiyasını həyata keçirməyə başlayıb və demək olar ki, Yerin bölünməsi baş verib".
Politoloq Samir Hümbətov
Politoloq qeyd edib ki, yalnız ABŞ və ya Rusiya Ayda özünün hərbi bazasını və ya kosmik bazasını qurmur. Eyni zamanda Hindistan, Yaponiya, Fransa, İngiltərə və digər ölkələrin də bu istiqamətdə iş aparması ilə bağlı məlumatlar tez-tez beynəlxalq mətbuatda işıqlandırılır.
"Rəqabətin daha çox kosmik fəzaya daşınması mahiyyət etibarilə onu deməyə imkan verir ki, artıq bu proses daha geniş fəzaya çevrilir. Mövzu həm də Yer kürəsindən daha kənarda strateji baxımdan ciddi bir üstünlük almağa hesablanıb. Düzdür, bu gün ən böyük texnoloji imkanları Yer üzərində qeyd olunur. Lakin Yer artıq müəyyən bir bölgələrə bölünüb və ona görə də bu işi daha geniş fəzada görmək istəyirlər", - S. Hümbətov vurğulayıb.
Müsahibimiz bildirib ki, təxminən 20 ilə yaxındır həm Çin, həm də Amerika Birləşmiş Ştatları Ayda ciddi tədqiqat aparır:
"Son 10 ildə Hindistan da qoşulub. Həmçinin təxminən 15 il olar ki, Rusiya bu prosesdə iştirak edir. Bu cür silahlanma yarışı ekoloji çirklənməni sürətləndirə bilər. Çünki atmosferin çirklənməsi mahiyyət etibarilə daha geniş əraziyə yayılmağa imkan verir. Bu isə nəticədə kütləvi insan tələfatına gətirib çıxara bilər".
Gülşən Şərif