Ayın görünməyən tərəfi həyat əlamətləri göstərir

15.01.2026

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Alimlər Ayın Yerə əks olan tərəfində nisbətən yaxın keçmişə aid tektonik fəallığın izlərini aşkar ediblər. Bu tapıntı Yer peykinin milyardlarla il ərzində tam “geoloji sakitlik” vəziyyətində olması barədə mövcud təsəvvürləri təkzib edir.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Planetary Science Journal" jurnalında dərc olunmuş tədqiqatda məlumat verilib.

Merilend Universitetindən Jaklin Klarkın rəhbərliyi ilə, Smitson İnstitutu ilə birgə çalışan tədqiqat qrupu Ay səthinin yüksək dəqiqlikli görüntüləri əsasında geofiziki analiz aparıb. Yer üzündən görünməyən yarımkürədə alimlər əvvəllər məlum olmayan 266 kiçik tirə və pilləvari çıxıntı — “lopastvari qırılmalar” adlanan strukturlar aşkar ediblər.

Bu cür strukturlar Ayın daxili qatlarının soyuması və sıxılması nəticəsində yaranır: bu zaman qabığın müxtəlif hissələri yer dəyişir və bir-birinin üzərinə sürüşür. Ən mühüm kəşf onların yaşının müəyyənləşdirilməsi olub. Əvvəllər Ayda iri miqyaslı geoloji proseslərin təxminən 3 milyard il əvvəl başa çatdığı düşünülürdüsə, yeni məlumatlar bu qırılmaların 200 milyon ildən də az əvvəl formalaşdığını göstərir. Hətta bəzi əlamətlər tektonik proseslərin bu gün də davam edə biləcəyini istisna etmir.

Jaklin Klarkın sözlərinə görə, əldə olunan nəticələr Ayın təkamülü ilə bağlı elmi anlayışları köklü şəkildə dəyişir. Alimlər bu davam edən fəallığı Ay nüvəsinin tədricən soyuması, eləcə də Yerin cazibə təsiri nəticəsində peykin qabığında yaranan gelgit gərginlikləri ilə əlaqələndirirlər.

Bu kəşfin praktik əhəmiyyəti də var: nisbətən cavan və potensial olaraq aktiv qırılmaların mövcudluğu gələcək Ay missiyalarının, o cümlədən "Artemis" proqramının planlaşdırılmasında nəzərə alınmalıdır. Çünki belə zonalar ay zəlzələlərinin mənbəyi ola və uzunmüddətli bazaların yerləşdirilməsi üçün risk yarada bilər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью