Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Başlarında hamıdan seçilən papaq, uzun qapqara geyim, əllərində təsbeh, dillərində məclisdəki heç kəsin anlamadığı dua.
Yas məclislərinin, ehsanların ən başında, xüsusi hörmət və ehtiramla düzülmüş yumşaq döşəklərdə oturub, yumşaq yastıqlara dirsəklənən, yeməyin onlar üçün xüsusi çəkilmiş ən yağlı tikələrindən pinti saqqallarına yağ axıda-axıda, acgözlüklə yeyən, arada bir yenə də heç kəsin anlamadığı dildə, başa düşülməyən sözlər mızıldanıb, məclisi sözün bütün mənalarında yola verən varlıqlar.
Qarşılarında oturanların avam olduğuna tam əmin olduqdan sonra ağlına və ağzına gələni danışar, məclisdəkiləri sakitcə durub onu dinləməyə vadar edər, hərdən səbəbsiz hiddətlənər, qarşısındakıları aşağılayar, bəzən hətta təhqir edərlər.
Elə ki, məclisə ziyalı, oxumuş adam girdi, dərhal özlərinə çəki-düzən verər, sözlərinə sərhəd qoyar, bir anda ipə-sapa yatarlar.
İşdi özlərindən ağıllısının, savadlısının məclisdə olduğunu bilsələr, tez- tez üzləri o adama dönər, sözlərinə təsdiq almaq üçün pauza verib gülümsəyər.
Elə ki, məclisdəki ziyalı, özündən ağıllı olduğunu bildiyi adam həm də imkanlı, yəni güc sahibi oldu, sözləriylə, gözləriylə, hərəkətləriylə yaltaqlanar, “quyruq bulayarlar”...
Dövlət başçısının yerli televiziyalara yanvarın 7-si verdiyi müsahibədəki “əyalət mollası” ifadəsi mənim gözüm önünə bu mənzərəni gətirdi.