Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin icrası, “yaşıl texnologiya”ların tətbiqi, beynəlxalq hava limanlarının istifadəyə verilməsi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi regionun biznes cəlbediciliyini artırıb və buradakı zəngin iqtisadi potensialdan istifadə olunmasına geniş imkanlar yaradıb.
Hazırda bəhs olunan ərazilərdə rahat yaşayış məntəqələrinin salınması, genişmiqyaslı infrastruktur quruculuğu ilə paralel şəkildə, məqsədyönlü iqtisadi reinteqrasiya tədbirləri həyata keçirilir.
Bu siyasətin davamı olaraq Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə bir neçə gün əvvəl baş tutan növbəti səfəri çərçivəsində Ağdərə rayonunda yaradılan yeni istehsal təyinatlı müəssisələrdə olub və Özünün dəyərli tövsiyələrini verib.
Ərazilərin sənaye potensialı güclənir Müharibədən sonrakı 5 il ərzində işğaldan azad olunmuş ərazilərin iqtisadi dirçəlişi istiqamətində görülən işlərin miqyası kifayət qədər böyükdür.
Bu ərazilərin iqtisadi dirçəlişində mühüm rol oynayan Ağdam və Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları salınıb.
Hər iki parkda 50 müəssisə rezident, 7 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb.
Ümumi dəyəri 454 milyon manat olan layihələrin icrası çərçivəsində 185 milyon manat həcmində investisiya yatırılıb və 1057 yeni iş yeri yaradılıb.