Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
AzEdu Təhsil Platforması təhsillə bağlı yeni, innovativ layihələrini davam etdirir. Platforma daxilində bugündən etibarən “AzEdu Təhsil Mərkəzi”nin fəaliyyətinə start veriləcəkdir.
Təlim mərkəzi əsasən müəllim və namizədlər üçün bir çox istiqamətdə təlim, seminar, konfrans və forumlar təşkil etməklə təhsilverənlərin özünüinkişafı istiqamətində tam fərqli və faydalı proqramla fəaliyyət göstərəcəkdir.
AzEdu Təhsil Mərkəzinin əsas üstünlüklərindən təlim və seminarların təkcə yerli yox, həm də xarici mütəxəssislər tərəfindən təşkili olacaqdır. Artıq bu istiqamətdə qardaş Türkiyə Cümhuriyyətinin bir neçə nüfuzlu universitetləri və təhsil adamları, tanınmış pedaqoq, psixoloqlar da əməkdaşlıqla bağlı razılıq əldə olunub.
AzEdu Təlim Mərkəzinin əsas tərəfdaşlarından biri də Azərbaycan Psixologiya Mərkəzi olduğundan təhsildə psixoloji hazırlıq, müəllim, şagird və abituriyentlərə psixoloji xidmətlər, bu istiqamətdə təlim və seminarlar da fəaliyyət proqramına daxil edilib.
Qeyd edək ki, təlim və seminarlar həm ənənəvi, həm də onlayn formada həyata keçiriləcəkdir. Təlim sonrası təqdim olunacaq sertifikatlar əsas etibari ilə beynəlxalq dərəcəli sertifikatlar qrupuna aid olacaqdır.
AzEdu Təlim Mərkəzinin fəaliyyət fəlsəfəsini fərqləndirən əsas məqamlardan biri təlimlərin real nəticəyə yönəldilməsidir. Mərkəzdə keçiriləcək proqramlarda iştirakçıların yalnız nəzəri əsaslarla kifayətlənməyəcək. Real layihələr və praktik tapşırıqlar üzərində işlənəcək mövzular təlimlərin faydalılığını daha da artıracaqdır.
“Bilikdən bacarığa”, “bacarıqdan nəticəyə” yönələn fəaliyyət proqramı mərkəzin bütün təlimlərdə ön planda olacaqdır.
Təcrübəli mütəxəssislər tərəfindən süni intellektin təhsildə praktiki tərəfləri, oxuyub-anlama bacarıqlarının inkişafı, şagirdləri ekran asılılığından xilas etmənin psixoloji-praktiki metodları, müəllimlər üçün sosial şəbəkələrdən düzgün və faydalı işləmələri üçün praktiki kontentlər və s. istiqamətdə təlimlər keçiriləcəkdir.