Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafı və Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşması iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini daha da artırır. Xüsusilə 2026-cı ildə imzalanan Strateji Tərəfdaşlıq Xartiyası Bakı-Vaşinqton əlaqələrində yeni mərhələnin əsasını qoyub.
ABŞ rəsmilərinin Azərbaycana səfərləri və yüksək səviyyəli görüşlər isə bu əməkdaşlığın konkret istiqamətlər üzrə genişləndirilməsinə marağın göstəricisidir. Prezident İlham Əliyevin ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullinlə görüşü də ikitərəfli münasibətlərin gələcək perspektivləri, regional təhlükəsizlik və Azərbaycan-Ermənistan sülh gündəliyi baxımından diqqət çəkir.
Görüşdə TRIPP layihəsinin əhəmiyyətinin xüsusi vurğulanması da regionda nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı və iqtisadi əməkdaşlıq baxımından yeni imkanların gündəmdə olduğunu göstərir.
“Cebheinfo.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Bayden administrasiyası dövründə Azərbaycan-ABŞ münasibətlərində ciddi problemlər mövcud idi:
“Bunun əsas səbəbi həmin administrasiyanın Azərbaycan-Ermənistan məsələsinə münasibətdə qərəzli və birtərəfli yanaşma sərgiləməsi idi. Tramp administrasiyası dövründə isə vəziyyət ciddi şəkildə dəyişdi. Ötən il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüş, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin Trampın iştirakı ilə paraflanması, qəbul edilən birgə bəyanat, eləcə də Ermənistan və ABŞ arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə olunan razılaşma mühüm siyasi proseslərdir. Həmin vaxtdan etibarən Azərbaycanla ABŞ arasında münasibətlər və siyasi dialoq daha intensiv xarakter alıb”.
Politoloq əlavə edib ki, dəfələrlə Azərbaycan nümayəndə heyəti Vaşinqtonda səfərdə olub:
“Eyni zamanda, ABŞ-nin vitse-prezidenti də daxil olmaqla, müxtəlif rəsmi şəxslər Azərbaycana səfərlər ediblər. İki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması da münasibətlərin inkişafı baxımından mühüm hadisədir. Son olaraq ABŞ-nin daxili təhlükəsizlik nazirinin Azərbaycana səfəri və burada müzakirə olunan məsələlər iki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini göstərir. Bu, hər iki ölkənin maraqları baxımından olduqca vacib məqamdır.
Nəzərə alsaq ki, Azərbaycan və ABŞ arasında enerji, nəqliyyat, logistika, təhlükəsizlik, müdafiə sənayesi və süni intellekt də daxil olmaqla, bir çox istiqamətlərdə əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq davam etdirilir. Eyni zamanda, tərəflər arasında dialoqun intensivliyi də hər iki ölkənin münasibətlərin inkişafında maraqlı olduğunu göstərir”.
Oqtay Qasımov qeyd edib ki, digər tərəfdən, ABŞ-nin Mərkəzi Asiya ilə bağlı ciddi maraqları var:
“Azərbaycan isə Avropanı Mərkəzi Asiya ilə birləşdirən əsas körpülərdən biridir. ABŞ administrasiyasında da Azərbaycanın bu geosiyasi və strateji əhəmiyyəti yaxşı dərk olunur. Bu baxımdan, qarşılıqlı səfərlərin və dialoqun intensivləşməsi, eləcə də əməkdaşlıq istiqamətlərinin genişlənməsi gələcəkdə ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə çatdırılması üçün əlavə imkanlar yaradır. Ona görə də ABŞ-nin daxili təhlükəsizlik nazirinin son səfərini məhz bu kontekstdə qiymətləndirmək lazımdır”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin