Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir. Azərbaycan dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır.
Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
Bu mənada, Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır.
Təsadüfi deyil ki, hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verilir.
Aİ və ATƏT Azərbaycanın rolunu yüksək qiymətləndirir Yeri gəlmişkən, xarici işlər naziri Ceyhun Bayramovun ATƏT Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində keçirdiyi çoxsaylı ikitərəfli görüşlər də beynəlxalq birliyin ölkəmizə marağının göstəricisidir.
Qeyd edək ki, C.Bayramovun Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşündə Azərbaycan-Avropa İttifaqı əməkdaşlıq gündəliyinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Son zamanlar tərəflər arasında yüksək səviyyəli təmasların artan dinamikası məmnunluqla qeyd olunub, bu dinamikanın davamlılığının və məhsuldarlığının qorunub saxlanılmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Tərəflər arasında mövcud mexanizmlər üzrə səylərin və dialoqun intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.