525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Pərvanə SULTANOVA[email protected] Azərbaycanla Çin Xalq Respublikası (ÇXR) arasında münasibətlər yeni dinamika almaqla dərinləşməkdədir.
Prezident İlham Əliyevin Çinə dövlət səfəri, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında "Birgə Bəyanat"ın imzalanması ikitərəfli əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə münasibətlərdə yeni səhifə açmış oldu.
Qeyd edək ki, dövlət səfəri status baxımından səviyyəsinə görə ən yüksək səfər hesab olunur və il ərzində bir ölkəyə məhdud sayda dövlət səfəri edilir.
Dövlət səfəri zamanı müzakirə edilən məsələlərin əhatəsi daha geniş, mahiyyəti daha dərin olur.
Bu baxımdan Azərbaycan Prezidentinin dövlət səfəri Çin tərəfinin ölkəmizə, onun liderinə göstərdiyi hörmətin nümayişidir.
Kifayət qədər zəngin gündəliklə diqqət çəkən səfər zamanı bir sıra digər mühüm razılaşmalar əldə olundu, sənədlər imzalandı.
Yada salaq ki, 2024-cü il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub.