Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkəmizin xarici siyasətdəki uğurları gündən-günə artmaqda və inkişaf etməkdə davam edir.
Bu baxımdan, Asiya ölkələri ilə qurulan sağlam əməkdaşlıq, strateji tərəfdaşlıq, qarşılıqlı dostluq münasibətləri xüsusilə diqqətəlayiqdir.
2025-ci il aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin nüfuzlu Sinxua agentliyinə verdiyi müsahibə, Azərbaycan-Çin münasibətlərinin strateji xəttini, gələcək prioritetlərini və qlobal çağırışlar fonunda bu əməkdaşlığın mahiyyətini aydın şəkildə ortaya qoydu.
Dövlət başçısının fikirləri bir tərəfdən mövcud tərəfdaşlıq modelinin dərinliyini, digər tərəfdən isə onun inkişaf potensialını göstərməklə gələcək əməkdaşlığa yeni üfüqlər açır.
Prezident İlham Əliyev müsahibəsində 2023-cü il iyulun 3-də imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”ni iki ölkə arasında münasibətlərin transformasiyası baxımından “tarixi hadisə” kimi qiymətləndirdi.
Bəyannamə 1992-ci il, diplomatik münasibətlərin qurulmasından bəri aparılmış siyasi kursun məntiqi davamı və yüksəksəviyyəli əməkdaşlığın institusional təminatıdır.
Cənab Prezidentin vurğuladığı kimi, bu sənəd Azərbaycanla Çin arasında rəsmi strateji tərəfdaşlıq münasibətlərinin formalaşdığını rəsmən təsbit edir ki, bu da “böyük nailiyyət və böyük məsuliyyət” deməkdir.