Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Yaranmış fürsətdən bəhrələnərək Güneydəki soydaşlarımız daha çox fəallıq göstərməklə ən azından muxtariyyət hüququnu əldə etməyə nail ola bilər...”
“İran onsuz da çöküşünü yaşamaqdadır və hazırda bu ölkə istər İsrailə, istərsə də Birləşmiş Ştatların regional maraqlarına əvvəlki kimi təhdid törətmir...”
“İsrail və ABŞ-ın bundan sonra da İran daxilindəki etirazlarla bağlı rejimin tətbiq etdiyi kütləvi cəza və repressiyalara görə bu ölkəyə hücum edəcəyini düşünmürəm. Doğrudur, prezident Donlad Tramp rejimin etirazçıları edam edəcəyi halda sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq etmişdi. Lakin rejim buna məhəl qoymadan öz işini görməkdədir. ABŞ və İsrailin İrandan daha vacib saydığı məsələlər var. Tramp üçün Qrenlandiya və Sülh Şurası vacib əhəmiyyət kəsb edir. İsrailin də diqqətində məhz Qəzza ətrafında və Suriyada yaranmış vəziyyətdir. O da var ki, Trampın Qəzza planları Təl-Əvivi o qədər də qane etmir və egionda daha çox dövlətin iştirakı İsrail üçün arzuolunmazdır. Xüsusən də Türkiyənin, İndoneziyanın, Pakistanın Qəzza ilə bağlı Sülh Şurasının tərkibindəki varlığı Netanyahunu ciddi şəkildə narahat edir”.
Bu fikirləri Moderator.az- açıqlamasında “Sizcə, İranda bundan sonra nələr baş verəcək? ABŞ və İsrail bu ölkəyə yenidən hücum edəcəkmi və bu halda oradakı soydaşlarımızın taleyi necə olacaq? Azərbaycan dövləti bununla bağlı hansı önləyici tədbirləri görə bilər?” suallarını cavablandırarkən siyasi şərhçi Əli Orucov ifadə edib.
“İran onsuz da çöküşünü yaşamaqdadır və hazırda bu ölkə istər İsrailə, istərsə də Birləşmiş Ştatların regional maraqlarına əvvəlki kimi təhdid törətmir. Həm də İrana hücum region və Qərb ölkələri üçün də ağır nəticələrə gətirib çıxara bilər. Türkiyə, Çin, Rusiya, Ərəb körfəzi ölkələri də bu hücuma qarşıdır. Vaşinqton isə reallıqları gözardı edə bilməz. Əlbəttə, əgər nəzəri cəhətdən hərbi müdaxilə baş verərsə, İranda yaşayan soydaşlarımız da zərər görəcək. Bu, Azərbaycan üçün humanitar və təhlükəsizliklə bağlı problemlərə yol aça bilər”, -deyə davamında həmsöhbətimiz bildirib.
“Təəssüflər olsun ki, Yaxın Şərqdə son illərdə baş verən proseslərə nəzərə salsaq, aydın olar ki, yaxşılığa doğru heç nə dəyişməyib. Əksinə, bölgə qeyri-sabit və həssas, münaqişəli hala salınıb. İranda da eyni hal yaşana bilər. Xüsusən də kürd separatizmi müəyyən güclər tərəfindən bir qədər də cürətləndirilir. Mən hesab etmirəm ki, böyük güclər Bütöv Azərbaycanın yaranmasına isti yanaşsınlar və İranın parçalanması proqramlarında olsun. Ona görə də indiki şərtlər daxilində rəsmi Bakının da İranda gərginliyin və daxili münaqişənin baş qaldırmasında maraqlı olmasını düşünmürəm. Ancaq yaranmış fürsətdən bəhrələnərək Güneydəki soydaşlarımız daha çox fəallıq göstərməklə ən azından muxtariyyət hüququnu əldə etməyə nail ola bilər. Bu, növbəti mərhələlərdə tam müstəqillik qazanmaq üçün əlverişli imkanlar açardı. Şimaldakı Azərbaycan dövləti isə istənilən situasiyalarda İrana birbaşa müdaxilə edə bilməsə də, beynəlxalq platformalarda güneyli soydaşlarımızın məsələsini aktuallaşdıra və müzakirələrə çıxara bilər”,- deyə Əli Orucov diqqətə çatdırıb.
Sultan Laçın