Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkəmizin Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində bir çox məqamlara toxundu, 2024-cü ildə əldə olunmuş uğurların, nailiyyətlərin nəticələrini dəyərləndirdi.
Eyni zamanda, Azərbaycanın son illərdə əldə etdiyi mühüm qələbələr, sosial sahədə atılan addımlar müsahibədə önə çəkildi.
Azərbaycanın iqtisadi inkişafına, ərazi bütövlüyümüzün bərpasından sonra yaranmış yeni tarixi reallıqlarına diqqət yetirən cənab İlham Əliyev bildirib ki, ümumi daxili məhsul 4 faizdən çox artmışdır.
Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır.
Çünki bildiyiniz kimi, biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və hesab edirəm ki, aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq.
Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək.
Ona görə biz ümumi iqtisadi göstəricilərə nəzər saldıqda, ilk növbədə, qeyri-neft sektorunun parametrlərini nəzərə alırdıq.