Azərbaycan ECO üçün yeni standart, həm də ailə ruhunu yaratdı

04.07.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir il bundan əvvəl İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Xankəndidə keçirilməsi ölkəmizin sülh və inkişafa dəstəyinin ifadəsi idi

2025-ci il iyulun 4-də Xankən­di şəhərində düzənlənən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü özünün formatı, miqyası, zaman və məkan özəlliyi ilə yanaşı, həm də imza atdığı ilk­lərlə də yaddaşlara yazılıb.

“Bugünkü Zirvə görüşünün Qarabağ­da, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mü­hüm beynəlxalq tədbir keçirilib. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pa­kistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim. Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir”. Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün açılış mə­rasimində etdiyi çıxışında ECO-nun 2006-cı və 2012-ci illərdəki sammitlərinin paytaxt Bakıda keçirildiyini, üstündən 13 il keçən­dən sonra isə – 17-ci toplantısının ilk dəfə Azərbaycanın erməni işğalından azad olun­muş şəhərində – Xankəndidə təşkil edilmə­sinin bizim üçün tarixi əhəmiyyət daşıdığını bildirməsi yeni reallığın ifadəsi idi. Həmin reallıq özündə 2023-cü ilin sentyabrında il­dırımsürətli antiterror əməliyyatı nəticəsində qeyri-qanuni rejimin özlərinə yuva seçdiklə­ri məhz Xankəndidə erməni separatizminin tabutuna son mismarların vurulmasını ehtiva edirdi. Bu reallığın memarı İlham Əliyevin qonaqlara “qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz!” xi­tabı dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəl­bini qürur və sonsuz sevinc hissi ilə doldur­du. 

İşğal dövründə dövlət başçımızın doğma yurdlarına qayıdacaqları günü intizarla göz­ləyən qaçqın və məcburi köçkünlərlə görüş­lərində “Üçrəngli bayrağımızın Qarabağda, o cümlədən Şuşada, Xankəndidə dalğalana­cağı gün uzaqda deyil!” nidalı əminlik çağı­rışının reallığa çevriləcəyinə inananlar çox deyildi. Amma sözü ilə əməli vəhdət təşkil edən Azərbaycan lideri bir il bundan əvvəl bunu Xankəndidəki tribunadan dedi. İndi bu torpaqlarda bizə dost, qardaş ölkələrin, müt­təfiqlərimizin dövlət bayraqları Azərbaycan bayrağı ilə yanaşı dalğalanır. Qarabağdan, Şərqi Zəngəzurdan dünyaya müharibə, dö­yüş deyil, sülh və əməkdaşlıq mesajları ve­rilir. 

* * *

Oxucularımızın yadına salaq ki, Azər­baycanın təşəbbüsü ilə bir il bundan əvvəl Qarabağ və Şərqi Zəngəzurda ilk dəfə ola­raq ECO Həftəsi keçirilib. Şuşada ECO-nun Biznes-Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilib. Həmin forumların iştirakçıları ECO-nun Xankəndi toplantısında görülmüş işlərlə bağlı çıxışlar ediblər. Bundan başqa, ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin olunması is­tiqamətində işlər davam etdirilir. 2026-cı ilin Şuşa şəhərinin “ECO-nun Turizm paytax­tı” elan edilməsi isə təşkilatın tarixinə yeni təşəbbüs və ilk kimi düşüb.

Xankəndi Zirvə görüşündə ECO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının çıxışlarında çağdaş dünyanın qlobal çağı­rışları da öz əksini tapdı. Türkiyə Preziden­ti Rəcəb Tayyib Ərdoğan çıxışında Zirvə görüşünün keçirildiyi Xankəndi şəhərinin Qafqazda yeni inkişaf və sülh mərkəzinə çevriləcəyinə inamını vurğuladı. Özbə­kistan Prezidenti Şavkat Mirziyoyev sülh, əməkdaşlıq və inkişafın təməlinin iqtisadi əməkdaşlığa söykəndiyinə diqqəti çəkərək bildirdi ki, ECO daxilində tərəfdaşlığımız nəinki faydalı və təbiidir, o cümlədən böyük strateji əhəmiyyətə malikdir. Ş.Mirziyoyev təşkilatın orta və uzunmüddətli inkişaf pri­oritetlərini aydın şəkildə müəyyən etmək üçün “İqtisadi əməkdaşlığın strateji məqsəd­ləri 2035” adlı konsepsiyanın qəbulunun zə­ruriliyi bildirildi. Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi BMT-nin COP29 iqlim konfransında qəbul edilən qərarların uğurlu icrasının təqdir olunduğu çıxışların hər birin­də belə bir əminlik ifadə edildi ki, Zirvə gö­rüşü qarşıya qoyulan hədəflərə çatmaq üçün stimul rolunu oynayacaq, əməli əməkdaşlığı yeni səviyyəyə qaldıracaq.

İran İslam Respublikasının türk əsilli Prezidenti Məsud Pezeşkian çıxışında İqti­sadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr ara­sında Azad Ticarət Zonasının yaradılmasına diqqət çəkmiş, bərpaolunan enerji mənbələri üzrə və rəqəmsal sahədə əməkdaşlığın, nəq­liyyat-logistika əlaqələrinin inkişaf etdiril­məsinin vacibliyini vurğulamış və iqlim də­yişikliklərinin iqtisadiyyatın şaxələnməsinə təsirindən danışmışdı. M.Pezeşkian da İlham Əliyevin çıxışındakı məqama toxunaraq ECO-nun Zirvə görüşünün Xankəndidə ke­çirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdı. 

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ECO-nun daha da güclənməsi istiqamətində Azərbay­canın səylərinin və Xankəndi sammitinin münasibətlərin hərtərəfli inkişafına töhfə verəcəyinə əminliyini ifadə etmişdi. Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qa­zaxıstanın Baş naziri Oljas Bektenov, Əfqa­nıstan Baş nazirinin müavini Əbdül Qəni Bəradər, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Me­redov, Şimali Kipr Türk Cümhuriyyətinin və Nigerin dövlət başçıları Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının uğurla bərpasından və belə mötəbər görüşün tarixi və qədim Azərbaycan şəhəri Xankəndidə təşkil edilməsindən məmnunluqlarını ifadə etmişdilər. 

BMT Baş katibinin müavini, Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komis­siyanın icraçı katibi Armida Salsiah Alis­cahbana isə çıxışında planetdə qlobal iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın səylərini xüsusi vurğulamışdı.

* * *

Yazımızın nöqtəsi kimi Xankəndi Zirvə görüşündə sonuncu çıxışçının – ECO-nun Baş katibi Əsəd Məcid Xanın fikirlərini oxucularımızın diqqətinə çatdırmağı məqsə­duyğun sayırıq: “Azərbaycan həm ECO üçün yeni standartlar müəyyən edir, həm də təşkilat daxilində həmrəyliyi gücləndirir. Bu Zirvə görüşü çərçivəsində qeyd olunan ilk ECO həftəsində təkcə regionun rəhbərliyi, bir sıra xüsusi qonaqları deyil, həm də ECO təşkilatının bütün ailəsi bir araya gətirə bil­di. Bu, bizim ilk ECO həftəsi çərçivəsində baş tutdu. Həmçinin bu Zirvə görüşündə ilk dəfə olaraq biz ECO-nun 2035-ci ilədək yeni strateji məqsədlərini hazırlamaq üçün hö­kumətlərdən başqa, digər maraqlı dairələri, o cümlədən qadınları, gəncləri və özəl sektoru da cəlb etdik. Aydındır ki, Azərbaycan ECO-nun Zirvə görüşü üçün nəinki yeni standartı müəyyən etdi, yeni meyarları ortaya çıxardı, həm də çox vacib hesab olunan ECO ailə ruhunun yaradılması istiqamətində mühüm addım atdı”.

Bu, ECO rəhbərinin dilindən səslənən olduqca vacib, Azərbaycan üçün xüsusi çə­kiyə malik fikirlər idi. Əminliklə deyə bilə­rik ki, İqtisadi Əməkdaşlıq Təşkilatının bir il əvvəl Xankəndidə düzənlənən 17-ci Zir­və görüşü ölkəmizin bu təşkilat daxilində yüksək etimada, təşəbbüskar mövqeyə ma­lik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin üzv ölkələr tərəfindən yüksək qiy­mətləndirildiyini bir daha təsdiqi oldu.

Bəli, bir il bundan əvvəl Xankəndi şəhə­rində düzənlənən İqtisadi Əməkdaşlıq Təş­kilatının 17-ci Zirvə görüşü həm də bir çox ilklərə imza atması ilə tarixə düşdü. Ümidvar olduğumuzu bildiririk ki, ECO-nun gələcək görüşləri Xankəndi təcrübəsini uğurla da­vam etdirəcək.

İmran BƏDİRXANLI

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью