Azərbaycan ECO üçün yeni standart, həm də ailə ruhunu yaratdı
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bir il bundan əvvəl İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Xankəndidə keçirilməsi ölkəmizin sülh və inkişafa dəstəyinin ifadəsi idi
2025-ci il iyulun 4-də Xankəndi şəhərində düzənlənən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü özünün formatı, miqyası, zaman və məkan özəlliyi ilə yanaşı, həm də imza atdığı ilklərlə də yaddaşlara yazılıb.
“Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilib. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim. Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir”. Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün açılış mərasimində etdiyi çıxışında ECO-nun 2006-cı və 2012-ci illərdəki sammitlərinin paytaxt Bakıda keçirildiyini, üstündən 13 il keçəndən sonra isə – 17-ci toplantısının ilk dəfə Azərbaycanın erməni işğalından azad olunmuş şəhərində – Xankəndidə təşkil edilməsinin bizim üçün tarixi əhəmiyyət daşıdığını bildirməsi yeni reallığın ifadəsi idi. Həmin reallıq özündə 2023-cü ilin sentyabrında ildırımsürətli antiterror əməliyyatı nəticəsində qeyri-qanuni rejimin özlərinə yuva seçdikləri məhz Xankəndidə erməni separatizminin tabutuna son mismarların vurulmasını ehtiva edirdi. Bu reallığın memarı İlham Əliyevin qonaqlara “qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz!” xitabı dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbini qürur və sonsuz sevinc hissi ilə doldurdu.
İşğal dövründə dövlət başçımızın doğma yurdlarına qayıdacaqları günü intizarla gözləyən qaçqın və məcburi köçkünlərlə görüşlərində “Üçrəngli bayrağımızın Qarabağda, o cümlədən Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil!” nidalı əminlik çağırışının reallığa çevriləcəyinə inananlar çox deyildi. Amma sözü ilə əməli vəhdət təşkil edən Azərbaycan lideri bir il bundan əvvəl bunu Xankəndidəki tribunadan dedi. İndi bu torpaqlarda bizə dost, qardaş ölkələrin, müttəfiqlərimizin dövlət bayraqları Azərbaycan bayrağı ilə yanaşı dalğalanır. Qarabağdan, Şərqi Zəngəzurdan dünyaya müharibə, döyüş deyil, sülh və əməkdaşlıq mesajları verilir.
* * *
Oxucularımızın yadına salaq ki, Azərbaycanın təşəbbüsü ilə bir il bundan əvvəl Qarabağ və Şərqi Zəngəzurda ilk dəfə olaraq ECO Həftəsi keçirilib. Şuşada ECO-nun Biznes-Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilib. Həmin forumların iştirakçıları ECO-nun Xankəndi toplantısında görülmüş işlərlə bağlı çıxışlar ediblər. Bundan başqa, ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin olunması istiqamətində işlər davam etdirilir. 2026-cı ilin Şuşa şəhərinin “ECO-nun Turizm paytaxtı” elan edilməsi isə təşkilatın tarixinə yeni təşəbbüs və ilk kimi düşüb.
Xankəndi Zirvə görüşündə ECO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının çıxışlarında çağdaş dünyanın qlobal çağırışları da öz əksini tapdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Zirvə görüşünün keçirildiyi Xankəndi şəhərinin Qafqazda yeni inkişaf və sülh mərkəzinə çevriləcəyinə inamını vurğuladı. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sülh, əməkdaşlıq və inkişafın təməlinin iqtisadi əməkdaşlığa söykəndiyinə diqqəti çəkərək bildirdi ki, ECO daxilində tərəfdaşlığımız nəinki faydalı və təbiidir, o cümlədən böyük strateji əhəmiyyətə malikdir. Ş.Mirziyoyev təşkilatın orta və uzunmüddətli inkişaf prioritetlərini aydın şəkildə müəyyən etmək üçün “İqtisadi əməkdaşlığın strateji məqsədləri 2035” adlı konsepsiyanın qəbulunun zəruriliyi bildirildi. Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi BMT-nin COP29 iqlim konfransında qəbul edilən qərarların uğurlu icrasının təqdir olunduğu çıxışların hər birində belə bir əminlik ifadə edildi ki, Zirvə görüşü qarşıya qoyulan hədəflərə çatmaq üçün stimul rolunu oynayacaq, əməli əməkdaşlığı yeni səviyyəyə qaldıracaq.
İran İslam Respublikasının türk əsilli Prezidenti Məsud Pezeşkian çıxışında İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında Azad Ticarət Zonasının yaradılmasına diqqət çəkmiş, bərpaolunan enerji mənbələri üzrə və rəqəmsal sahədə əməkdaşlığın, nəqliyyat-logistika əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulamış və iqlim dəyişikliklərinin iqtisadiyyatın şaxələnməsinə təsirindən danışmışdı. M.Pezeşkian da İlham Əliyevin çıxışındakı məqama toxunaraq ECO-nun Zirvə görüşünün Xankəndidə keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdı.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ECO-nun daha da güclənməsi istiqamətində Azərbaycanın səylərinin və Xankəndi sammitinin münasibətlərin hərtərəfli inkişafına töhfə verəcəyinə əminliyini ifadə etmişdi. Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Əfqanıstan Baş nazirinin müavini Əbdül Qəni Bəradər, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov, Şimali Kipr Türk Cümhuriyyətinin və Nigerin dövlət başçıları Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının uğurla bərpasından və belə mötəbər görüşün tarixi və qədim Azərbaycan şəhəri Xankəndidə təşkil edilməsindən məmnunluqlarını ifadə etmişdilər.
BMT Baş katibinin müavini, Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Armida Salsiah Aliscahbana isə çıxışında planetdə qlobal iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın səylərini xüsusi vurğulamışdı.
* * *
Yazımızın nöqtəsi kimi Xankəndi Zirvə görüşündə sonuncu çıxışçının – ECO-nun Baş katibi Əsəd Məcid Xanın fikirlərini oxucularımızın diqqətinə çatdırmağı məqsəduyğun sayırıq: “Azərbaycan həm ECO üçün yeni standartlar müəyyən edir, həm də təşkilat daxilində həmrəyliyi gücləndirir. Bu Zirvə görüşü çərçivəsində qeyd olunan ilk ECO həftəsində təkcə regionun rəhbərliyi, bir sıra xüsusi qonaqları deyil, həm də ECO təşkilatının bütün ailəsi bir araya gətirə bildi. Bu, bizim ilk ECO həftəsi çərçivəsində baş tutdu. Həmçinin bu Zirvə görüşündə ilk dəfə olaraq biz ECO-nun 2035-ci ilədək yeni strateji məqsədlərini hazırlamaq üçün hökumətlərdən başqa, digər maraqlı dairələri, o cümlədən qadınları, gəncləri və özəl sektoru da cəlb etdik. Aydındır ki, Azərbaycan ECO-nun Zirvə görüşü üçün nəinki yeni standartı müəyyən etdi, yeni meyarları ortaya çıxardı, həm də çox vacib hesab olunan ECO ailə ruhunun yaradılması istiqamətində mühüm addım atdı”.
Bu, ECO rəhbərinin dilindən səslənən olduqca vacib, Azərbaycan üçün xüsusi çəkiyə malik fikirlər idi. Əminliklə deyə bilərik ki, İqtisadi Əməkdaşlıq Təşkilatının bir il əvvəl Xankəndidə düzənlənən 17-ci Zirvə görüşü ölkəmizin bu təşkilat daxilində yüksək etimada, təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin üzv ölkələr tərəfindən yüksək qiymətləndirildiyini bir daha təsdiqi oldu.
Bəli, bir il bundan əvvəl Xankəndi şəhərində düzənlənən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü həm də bir çox ilklərə imza atması ilə tarixə düşdü. Ümidvar olduğumuzu bildiririk ki, ECO-nun gələcək görüşləri Xankəndi təcrübəsini uğurla davam etdirəcək.
İmran BƏDİRXANLI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 04 İyul 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















