Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Azərbaycan müstəqillik qazandıqdan sonrakı dövrü 3 hissəyə ayırmaq olar: 1991-1993, 1993-2020 və 2020-ci ildən sonra.
Bu dövrlərin hər biri öz xarakterik xüsusiyyətləri ilə fərqləndiyi kimi, beynəlxalq təşkilatlarda Azərbaycanın bu illərdəki fəaliyyətinin, aktivliyinin də müvafiq dövrlər üzrə, bir sıra amillərə görə fərqləndiyini söyləyə bilərik.
18 oktyabr 1991-ci ildə müstəqil olan dövlətimizin ilk işi beynəlxalq tanınmaya nail olmaq, beynəlxalq qurumlarda təmsiliyyət qazanmaq və əməkdaşlıq çərçivələrini genişləndirmək, o cümlədən həmin dövrdə yaşanan I Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq dəstəyə nail olmaq idi.
Odur ki, müstəqillik qazandıqdan dərhal sonra beynəlxalq təşkilatlara müraciətlər ünvanlanmağa başlandı”.
Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə danışıb.
Politoloq qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının 9-11 dekabr 1991-ci il tarixlərində keçirilən Dakar Konfransına üzvlük müraciəti yolladı və beləliklə, İƏT ölkəmizin qatıldığı ilk beynəlxalq təşkilat oldu: “Dünyanın bütün müstəqil dövlətlərini birləşdirən, II Dünya Müharibəsi sonrası formalaşan dünya nizamının əsas təşkilati forması olan BMT-də üzvlük 1992-ci ilin mart ayının 2-də reallaşdı.
30 yanvar 1992-ci ildə Azərbaycan ATƏM (daha sonra ATƏT oldu) üzvünə çevrildi. Bu, Azərbaycanın üzv olduğu ilk Avropa təşkilatı idi.