Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
Azərbaycanın milli maraqlara və beynəlxalq prinsiplərə əsaslanan multiregional xarici siyasət kursu dünyada ölkəmizə böyük nüfuz qazandırıb. Qısa müstəqillik tarixində ayrı-ayrı coğrafiyalarda ölkəmizə dost dövlətlərin sayının artması bunun əyani təsdiqidiir. Belə dövlətlərdən biri də İsraildir.
Bu günlərdə İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarın rəhbərlik etdiyi nümayəndə heyətinin respublikamıza səfərə gəlməsi və səfər çərçivəsində baş tutan görüşlərdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri ilə bağlı önəmli müzakirələrin aparılması Azərbaycanla İsrail arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etməsinin daha bir təsdiqinə çevrildi. Səfər çərçivəsində Prezident İlham Əliyev İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarı qəbul edib. Eləcə də, dost ölkənin yüksək səviyyəli rəsmisi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb və bir sıra digər mühüm tədbirlərə qatılıb. Səfər gündəliyinin belə geniş olması ondan xəbər verir ki, hər iki tərəf əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Dinamik səciyyə daşıyan siyasi dialoq
Bu gün Azərbaycanla İsrail arasında müxtəlif istiqamətlərdə məmnunluq doğuran yüksəksəviyyəli münasibətlərin təməlində dayanan əsas amil siyasi dialoqun dinamik səciyyə daşımasıdır. Hər iki dövlətin davamlı və qətiyyətli siyasi iradəsi sayəsində formalaşan əməkdaşlıq davamlı olaraq inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Müstəqil Azərbaycanmla İsrail Dövləti arasında münasibətlər ötən əsrin doxsanıncı illərinin əvvəllərindən formalaşmağa başlayıb. İsrail 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini tanıyıb, 1992-ci il aprelin 7-də iki ölkə arasında diplomatik əlaqələr qurulub. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. 2023-cü il aprelin 23-də Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin açılması iki ölkə arasında yüksək səviyyədə olan münasibətlərin daha da inkişaf etməsinə mühüm töhfə olub. Milli Məclisdə Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Eyni zamanda, dost ölkənin Knessetində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupu yardılıb. İndiyədək Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 13 sənəd imzalanıb.
İki dost ölkə arasında qarşılıqlı etimadın göstəricisi olaraq yüksəksəviyyəli nümayəndə heyətlərinin səfərləri davamlı hal alıb. Azərbaycan və İsrail prezidentləri müxtəlif beynəlxalq platformalarda müntəzəm qaydada görüşərək aktual müzakirələr aparırlar. Dövlət başçısları arasında sonuncu belə görüş bu günlərdə Davos İqtisadi Forumu çərçivəsində baş tutub. Həmin görüşdə Azərbaycan-İsrail münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı vurğulanıb. İqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib, həmçinin dövlət başçıları əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.
Bəhs olunan qəbulda isə ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari, enerji, turizm və digər sahələrdə uğurlu inkişafı vurğulanıb, kənd təsərrüfatı, su resurslarının idarə olunması, yüksək texnologiyalar, həmçinin süni intellekt sahələrində əməkdaşlıq məsələləri qeyd edilib, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığın dərinləşdirilməsi işinə verdiyi töhfəyə toxunulub.
Eyni zamanda, hökumətlərarası komissiyanın rolu qeyd edilərək, bu yaxınlarda komissiyanın növbəti iclasının keçirildiyi vurğulanıb.
İki dost ölkə sülh və sabitliyin tərəfdarıdır
Azərbaycan və İsrail davamlı olaraq ərazi bütövlüyü və suverenlik prinsiplərindən çıxış edirlər. Dost ölkə 44 günlük Vətən müharibəsi günlərində Azərbaycanın haqq mübarizəsinə dəstək verib. Eyni zamanda, İsrail Azərbaycanın işğaldan azad olunmuş ərazilərində reallaşdırılan layihələrin həyata keçirilməsində fəal iştirak edir. Öz növbəsində Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Ölkəmizin mövqeyini xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Gideon Saar ilə birlikdə Bakıda keçirilən mətbuat üçün brifinqdə bir daha diqqətə çatdırıb. Nazir bildirib ki, Azərbaycanın Qəzza zolağındakı atəşkəsin davamlı olması arzusunu İsrail tərəfinin diqqətinə çatdırıb. Azərbaycan həmçinin ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”na qoşulub. Prezident İlham Əliyev bu günlərdə Davosda müvafiq sənədi imzalayıb.
Görüşlərdə vurğulandığı kimi, İsrail Dövləti Azərbaycanın regionda sülh mövqeyindən çıxış etməsini yüksək dəyərləndirir. Postmüharibə dövründə qalib Azərbaycanın təşəbbüsü ilə başlayan sülh prosesi məntiqi sonluğa çatmaq üzrədir. Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ, Ermənistan liderlərinin iştirakı ilə yekun sülh sazişinin mətninin paraflanması və digər razılaşmaların əldə olunması sülh yolunda atılan çox mühüm addımlardır. Vaşinqton görüşünün nəticəsi olaraq artıq regionda sülh bərqərar olub və hazırda etimad quruculuğu istiqamətində fəal iş aparılır. İsrailin xarici işlər naziri Gideon Saar Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib ki, Vaşinqtonda əldə edilmiş nəticələr Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində mümkün olub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı, regionda sülh olmazdı. Onun sözlərinə görə, inkişaf etmiş iqtisadiyyata malik olan İsrail və Azərbaycan regionlarımızda sabitliyin dayağıdır.
Azərbaycanda yəhudi icmasına dövlət səviyyəsində göstərilən qayğı
İsrailin xarici işlər naziri Gideon Saar qəbulda Azərbaycanda yəhudi icmasına dövlət səviyyəsində göstərilən qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Nazirin məmnunluğu ölkəmizin reallıqlarından qaynaqlanır. Bu gün dünyada multikulturalizmlə bağlı ciddi problemlər yaşanmasına baxmayaraq, Azərbaycan tarixdən gələn tolerantlıq ənənələrini qoruyub saxlayır. Hazırda ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Lakin belə fərqlilik ölkəmizdə əsla ayırıcı xətlər yaratmır, əksinə, biz bununla qüruur duyuruq.
O cümlədən respubllikamızda yəhudilər də əmin-arxayın yaşayaraq öz həyatlarını qururlar və mədəniyyətlərini inkişaf etdirlər. Bu gün yəhudilər Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsini təşkil edirlər. Təsadüfi deyildir ki, Qarabağ müharibəsində şəhid olan ilk qəhrəmanlar sırasında yəhudi əsilli Milli Qəhrəmanımız Albert Aqarunovun adı xüsusi hörmətlə çəkilir.
Yəhudilərin Bakıda ilk ibadət evləri 1832-ci ildə inşa olunub. Hazırda Bakı şəhərində yəhudilərin 3 sinaqoqu mövcuddur. Bir sinaqoq isə Azərbaycanın Quba rayonunda, dağ yəhudilərinin iri icmasının məskunlaşdığı Qırmızı Qəsəbədədir. Bu, keçmiş SSRİ-də yəhudilərin kompakt yaşamaqda olduğu yeganə yerdir. Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı- Azərbaycan” layihəsi çərçivəsində “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilən və Bakıda yaşayan yəhudi uşaqları üçün nəzərdə tutulan “Xabad-Or-Avner”dir. 2010-cu il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayevin iştirakı ilə Təhsil Mərkəzinin açılışı baş tutub. Bundan başqa, Azərbaycanda yəhudilərin iyirmiyə yaxın ictimai-mədəni və xeyriyyə təşkilatı fəaliyyət göstərir.
Mübariz FEYİZLİ