Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 30 yanvar, AZƏRTAC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) sayca dördüncü “Məzun Günü” keçirilib.
AZƏRTAC xəbər verir ki, məzun günü açılış nitqində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov mərkəzin ölkənin kibertəhlükəsizlik sahəsinə verdiyi töhfələrdən bəhs edib.“Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Rəqəmsal İnkişaf Konsepsiyası rəqəmsallaşma ilə yanaşı, dövlətin, biznesin və və vətəndaşların fərdi məlumatlarının qorunmasını, cəmiyyətin rəqəmsal savadlılığının artırılmasını və İKT üzrə peşəkar mütəxəssislərin hazırlanmasını hədəf alıb.
Eyni zamanda, Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası, İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyasında da bu sahədə kadr potensialının artırılması ilə bağlı tədbirlər nəzərdə tutulub.
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən də bu prosesə uğurlu dəstəyin həyata keçirilməsi işləri davam etdirilir.
Belə ki, mərkəz kibertəhlükəsizlik üzrə peşəkar mütəxəssislərin və təlimçilərin yetişdirilməsi ilə yanaşı, ekosistemlə qarşılıqlı əlaqəni gücləndirir, şirkət və qurumların prosesə cəlbini təşviq edir, bacarıqların real mühitdə sınanmasına imkan yaradan hakaton və yarışlar təşkil edir, həmçinin yerli kibertəhlükəsizlik məhsullarının inkişafını dəstəkləyərək sahənin dayanıqlı inkişafına töhfə verir”, - deyə F.Osmanov qeyd edib.
Daha sonra tərəfdaş qurumların, eləcə də “Technion”un nümayəndələri çıxış edərək proqramın əhəmiyyətini, məqsədlərini və gələcək perspektivlərini vurğulayıblar.
İRİA-nın İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyəhyayev AKM-in fəaliyyəti, tərtib edilən yeni proqram və layihələr, eləcə də görülən işlərin nəticələri və əsas göstəricilərlə bağlı təqdimat həyata keçirib.