Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyevin Davosda keçirilən 55-ci Dünya İqtisadi Forumunda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində səsləndirdiyi fikirlər mühüm mesajlarla yadda qaldı.
Dövlətimizin başçısı Azərbaycanın siyasi xəttinin konturları ilə bağlı dünya ictimaiyyətini məlumatlandırdı.
Ölkə rəhbərinin televiziya kanalına müsahibəsi Ümumdünya Ticarət Təşkilatına üzvlük, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS-lə əməkdaşlıq, ABŞ-da yeni Tramp administrasiyasının xarici siyasəti, Çin-ABŞ münasibətləri, Orta Dəhlizin perspektivləri, yaşıl enerji, Çinin artan iqtisadi gücü və Bakı-Pekin münasibətləri ilə bağlı bir çox məsələlərə aydınlıq gətirdi.
Bütövlükdə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın bu günü və gələcəyi ilə bağlı həm ölkə, həm də beynəlxalq ictimaiyyəti maraqlandıran suallara əhəmiyyətli dərəcədə cavab oldu.
Beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu, sülh və əməkdaşlığı təmin edən strukturların nüfuzdan düşdüyü bir dövrdə dövlətimizin başçısı müsahibəsində geosiyasi və geoiqtisadi məsələlərin təhlilini verdi və bununla da hər kəs müasir qlobal nizamda Azərbaycanın yerini və rolunu aydın şəkildə görmək imkanını əldə etdi.
Bu baxımdan Prezident İlham Əliyev Qlobal Cənub və Qlobal Şimal arasında körpü rolunu oynaya biləcək layihələr təklif edir.
Azərbaycan Çin, Mərkəzi Asiya, Avropa İttifaqı ölkələri və qardaş Türkiyə ilə bərabərhüquqlu əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri quraraq, gələcək siyasi, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, eyni zamanda, hərbi təhlükəsizliyini təmin edir.