525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Azərbaycan və Özbəkistan arasında çox qədim və sıx tarixi əlaqələr var. İki ölkənin münasibətlərində təxminən 70-80 il ərzində fasilə oldu və buna görə də əlaqəmiz kəsildi. Bu gün isə münasibətlərimiz ən yüksək səviyyədədir”.
Bunu 525.az-a açıqlamasında Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin rektoru Şerzodxan Kudratxoca deyib.
O bildirib ki, iki xalqı ortaq tarix, mədəniyyət, mənəvi dəyərlər birləşdirir: “Biz zəngin intellektual irsə sahibik və insanlarımız möhtəşəmdir. Məsələn, Azərbaycan deyəndə, ağlıma iki çox məşhur film gəlir: "Qayınana" və "Arşın mal alan". Biz Zeynəb Xanlarovanın mahnılarını dinləyərək böyümüşük. Azərbaycanda isə Nəsibə Abdullayeva, "Yalla" qrupu məşhurdur və sevilir.
2026-cı ilin avqust ayında iki ölkə liderləri Əbədi dostluq haqqında sənəd imzaladılar. Bizim prezidentərimizin fəaliyyəti və qarşılıqlı səmimiyyəti hamımız üçün nümunədir. Tarixə nəzər salsaq görürük ki, əcdadlarımız istirahət və əyləncə üçün Qarabağa gedərdilər. Böyük İpək Yolu boyunca sizin əcdadlarınız mədrəsələrimizdə təhsil almaq üçün Səmərqəndə və Buxaraya gəlirdilər. Məsələn, dərin hörmət bəslədiyim şeyxülislam Allahşükür Paşazadə bizim müftimizlə birlikdə burada, Səmərqənddə təhsil alıb. Bu, həqiqətən də gözəl haldır. Buna görə də şadam ki, bu gün tarixi reallıq bərpa olunur. Azərbaycanla Özbəkistan arasındakı dostluq əbədi olacaq”.
O, Orta Dəhlizə də toxunub, bununla birbaşa əlaqə qurulduğunu bildirib: “Bu gün Özbəkistanda çox müxtəlif məhsullar istehsal olunur və onlar dünyaya, Avropaya Azərbaycan vasitəsilə, Zəngəzur dəhlizi ilə ixrac olunacaq. Azərbaycan bizim yaxın dostumuzdur. Mən universitet rektoruyam, burda Azərbaycandan çoxlu tələbələr təhsil alır. Hər biri çox savadlı gənclərdir. Bizim mədəniyyətimiz gözəldir, zəngin tariximiz var”.
Rektor Azərbaycan-Özbəkistan dostluğunun türk dünyası üçün də önəmini vurğulayıb: “Azərbaycan Prezidentinin səfəri mühüm əhəmiyyət kəsb edir. Bu səfər təkcə türk dünyasında deyil, geniş regionda, Avropada da diqqətlə izlənildi. Bizim münasibətlərimiz digər dövlətlər üçün nümunədir. Hesab edirəm ki, bu, digər xalqların da nümunə götürməyə can atacağı möhtəşəm bir örnək – ideal bir modeldir”.
Pərvanə Sultanova