Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanla Pakistan İslam Respublikası arasındakı münasibətlər qardaşlıq və dostluq prinsiplərinə söykənməklə, strateji məzmun daşıyır.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin bu günlərdə ölkəmizə etdiyi rəsmi səfər bunu bir daha təsdiq etdi.
Səfər zamanı keçirilən bütün görüşlər, tədbirlər, imzalanan sazişlər və əldə edilən dövlətlərarası razılaşmalar göstərdi ki, bir-birinin milli suverenliyini hər zaman dərindən dəstəkləyən bu iki ölkənin tərəfdaşlığı həqiqətən də sarsılmaz mənəvi dəyərlərə əsaslanır.Yalnız müsəlman dünyasında və yerləşdiyi regionda deyil, beynəlxalq siyasi müstəvidə güclü mövqeləri və yüksək nüfuzu olan Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biridir.
Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın ərazi bütövlüyünü ilk gündən birmənalı şəkildə müdafiə edən Pakistan Ermənistanın müstəqilliyini rəsmən tanımayıb və indiyə qədər də bu ölkə ilə siyasi-diplomatik əlaqələr qurmayıb.
2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi, 2017-ci ildə isə bu ölkənin Milli Assambleyasının Xarici İşlər Komitəsi Xocalı soyqırımını tanıyan və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul edib.Böyük məmnunluqla qeyd etməliyik ki, torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsi vaxtı Pakistanın respublikamızla həmrəylik nümayiş etdirməsi Azərbaycanda həmişə böyük rəğbətlə xatırlanır.
Bu həmrəyliyin nümunəsi kimi 2020-ci ilin oktyabr ayında Pakistan Milli Assambleyası Ermənistanın hərbi təcavüzünü pisləyən qətnamə qəbul edib.
Bununla yanaşı Pakistan Senatında Kabinet Katibliyi üzrə daimi komitə tərəfindən Azərbaycana qarşı Ermənistanın təcavüzünü pisləyən və ölkəmizə dəstək ifadə edən qətnamə də qəbul olunub.