Azərbaycan sülh gündəliyinə sadiqdir

23.10.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Ermənistan sülh prosesinin sürətləndirilməsi istiqamətində daha konkret addımlar atmalıdır. Sülhə hazır olmaq barədə bəyanatlar mühüm olsa da, onların real siyasi qərarlarla dəstəklənməsi daha böyük əhəmiyyət daşıyır.
Azərbaycan sülh gündəliyinə sadiqdir və regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında maraqlıdır. Bu baxımdan Ermənistanın da üzərinə düşən öhdəlikləri ardıcıl şəkildə yerinə yetirməsi və prosesin yekunlaşması üçün siyasi iradə nümayiş etdirməsi vacibdir.
Nikol Paşinyanın sülh sazişinin 2031-ci ilədək imzalanması və ratifikasiya olunması ilə bağlı fikirləri isə prosesin zaman çərçivəsi ilə bağlı müəyyən suallar yaradır. Regionun və xalqların marağı sülhün mümkün qədər tez və davamlı şəkildə təmin olunmasını tələb edir. Buna görə də prosesin uzadılmasına səbəb ola biləcək qeyri-müəyyənliklər aradan qaldırılmalıdır.
8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Sazişin razılaşdırılmış mətninin paraflanması və Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən Birgə Bəyannamənin imzalanması mühüm siyasi addım oldu. İndi əsas məsələ əldə edilmiş razılaşmaların ruhuna uyğun olaraq növbəti addımların atılması və sülh sazişinin imzalanması üçün zəruri prosedurların tamamlanmasıdır.
Azərbaycanın mövqeyi prinsipial olmaqla yanaşı, aydındır. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına hüquqi zəmin yaradan müddəaların aradan qaldırılması sülhün davamlı hüquqi əsaslarının formalaşdırılması baxımından mühüm məsələdir. Bu istiqamətdə atılacaq addımlar qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edə bilər.
Cənubi Qafqazda yeni mərhələnin başlanması hər iki tərəfin məsuliyyətli və konstruktiv yanaşmasından asılıdır. Azərbaycan öz tərəfindən sülh və əməkdaşlıq gündəliyinə sadiqdir. Ermənistanın da bu prosesə konkret qərarlarla töhfə verməsi regionun ümumi maraqlarına cavab verir.
Sülh üçün imkanlar var və bu imkanlardan səmərəli istifadə etmək lazımdır. Bunun yolu isə qarşılıqlı etimaddan, əldə olunmuş razılaşmaların icrasından və real siyasi iradədən keçir.
Fatma Yıldırım,
Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью