Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
12 noyabr tarixində Dublin şəhərində “Avropa Siyasi Birliyi” (EPC) Zirvə toplantısı zamanı bəzi ölkələrin təşəbbüsü əsasında irəli sürülmüş “Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannaməyə”, “Miqrasiya haqqında Bəyanata” və “Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatına” bir sıra ölkələr qoşulub.
Yeniavaz.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “Avropa Siyasi Birliyinin” 9-cu Zirvə toplantısı zamanı qəbul olunmuş sənədlərlə bağlı medianın sualını cavablandırarkən deyib.
“Məlumdur ki, EPC ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın təşviqi məqsədi daşıyan qeyri-rəsmi dialoq platforması kimi formalaşıb. Ölkəmizin EPC-də iştirakının məqsədi ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq, ortaq çağırışlara dair yanaşmaları müzakirə etmək və iştirakçı ölkələrlə əməkdaşlıq imkanlarını genişləndirməkdir. Bununla əlaqədar, Azərbaycan tərəfi hüquqi və siyasi cəhətdən əlavə öhdəlik yaradan sözügedən sənədlərə qoşulmayıb”, - A. Hacızadə bildirib.
Qeyd edək ki, Dublində “Avropa Siyasi Birliyinin” 9-cu Zirvə toplantısı zamanı bir sıra ölkələr tərəfindən Avropa təhlükəsizliyi, miqrasiya və narkotik maddələrin dövriyyəsi ilə bağlı sənədlər qəbul edilib.