Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır:
"Dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur. Bu, bizim böyük sərvətimizdir. Şuşa Bəyannaməsi, sadəcə olaraq, bu tarixi, mədəni əlaqələri rəsmi çərçivəyə salmışdır.
Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir. Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır".
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında deputat Hikmət Babaoğlu bildirib ki, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşü zamanı səsləndirdiyi fikirlər bir daha onu göstərdi ki, Türkiyə-Azərbaycan münasibətləri, dostluğu, qardaşlığı həqiqətən də əbədidir, sarsılmazdır:
“Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə-Azərbaycan qardaşlığını sərvət adlandırdı. Doğrudan da tarixin dərinliklərindən gələn, hər iki xalqın milli sərvəti olan qardaşlıq, iki ölkənin rifahı, təhlükəsizliyi, gələcəyi üçün olduqca böyük əhəmiyyət kəsb edir. Biz əslində Şuşada iki ölkə prezidentinin və onların ailə üzvlərinin timsalında vahid bir ailə gördük. Bu, vaxtilə Azərbaycan Prezidentinin ifadə etdiyi "Bizim ailəmiz türk dünyasıdır. Çünki başqa ailəmiz yoxdur" sözlərinin real ifadəsi idi.
Türkiyədən Azərbaycana, Azərbaycandan Qazaxıstana, Qırğısıztana, Türkmənistandan Özbəkistana qədər harada bir türk varsa, bu mənzərə onun qəlbini milli qürur və sevinc hissi ilə doldurdu. Çünki Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı təkcə iki ölkənin dostluğu və qardaşlığı deyil, bütöv türk dünyasının gələcəyidir, arzusudur, ümididir. Ona görə də biz 8 noyabr 2026-cı ildə Şuşada yeni bir tarixi gün yaşadıq. Yeni bir tarixi günə şahidlik etdik".
Nigar Abdullayeva
"Cebheinfo.az"
Açar sözlər: Rəcəb Tayyib Ərdoğan Hikmət Babaoğlu
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin