Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Çin və Hindistanın önə çıxması ilə yanaşı, İndoneziya, Türkiyə, Vyetnam, Misir, Efiopiya və Pakistan kimi ölkələrin ilk 20-likdə yer alması demoqrafiya, əmək bazarı və istehsal potensialının gələcək iqtisadi gücdə həlledici rol oynayacağını ortaya qoyur.
Azərbaycanın isə qlobal reytinqlərdə daha aşağı mövqedə qalması ölkənin iqtisadi şaxələndirmə və qeyri-neft sektorunun inkişafı baxımından ciddi çağırışlarla üzləşə biləcəyini göstərir.
Asiya və Afrika ölkələrinin gələcək iqtisadi güc mərkəzlərinə çevrilməsi Azərbaycanın xarici ticarət, investisiya və nəqliyyat siyasətində hansı dəyişiklikləri zəruri edir?İqtisadçı Asif İbrahimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu məsələlərlə bağlı azərbaycanlı mütəxəssislər uzun illərdir xəbərdarlıq edirdilər.
“Sadəcə, biz deyəndə ciddiyə alınmırdı. İndi isə “Goldman Sachs” belə proqnoz verəndə hamı məsələyə fərqli yanaşmağa başlayıb. Əslində neftdən sonrakı dövrə hazırlıq bu gün deyil, çoxdan başlamalı idi”.
Onun sözlərinə görə, Goldman Sachs-ın proqnozu XXI əsrin ikinci yarısında iqtisadi ağırlıq mərkəzinin Qərbdən Şərqə keçəcəyini göstərir. Burada əsas diqqət Çin və Hindistan kimi böyük bazarlara yönəlsə də, İndoneziya, Türkiyə, Misir və Efiopiya kimi ölkələrin yüksəlişi də təsadüfi deyil.
“Gələcəyin iqtisadi gücü artıq yalnız maliyyə kapitalı ilə müəyyənləşməyəcək. Əhalinin sayı, əmək bazarı, istehsal imkanları, texnologiya və daxili bazarın həcmi əsas meyarlara çevriləcək”, – deyə iqtisadçı vurğulayıb.
Asif İbrahimov hesab edir ki, bu proqnoz Azərbaycan üçün çox ciddi xəbərdarlıqdır:
“Uzun illərdir iqtisadiyyatın diversifikasiyasından danışılır. Bu, artıq seçim deyil, zərurətdir. Hazırda tətbiq olunan iqtisadi model kifayət qədər effektli deyil və qeyri-neft sektorunun inkişafı istiqamətində daha sürətli addımlar atılmalı idi”.
O deyib ki, Azərbaycanın üstünlüyü yalnız neft və qaz ehtiyatları ilə məhdudlaşmır. Ölkənin Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşməsi mühüm geoiqtisadi üstünlük yaradır: “Ancaq təkcə tranzit ölkə olmaqla dünyanın aparıcı 20 iqtisadiyyatından birinə çevrilmək mümkün deyil. Azərbaycan əlavə dəyər yaradan iqtisadiyyat qurmalıdır”.
İqtisadçının fikrincə, Azərbaycanın xarici ticarət siyasəti daha geniş bazarlara uyğunlaşdırılmalıdır. Bunun üçün beynəlxalq sertifikatlaşdırma sistemlərinə inteqrasiya, akkreditasiya mexanizmlərinin yenilənməsi, laboratoriyaların beynəlxalq səviyyədə tanınması və qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması vacibdir.
“Avropa İttifaqı beynəlxalq standartlarla işləyir, biz isə bir çox hallarda hələ də sovet dövründən qalan texniki normalarla fəaliyyət göstəririk”, – deyə o bildirib.
Asif İbrahimov vurğulayıb ki, sürətlə böyüyən Asiya və Afrika bazarları Azərbaycan üçün böyük imkanlar açır. Əməkdaşlıq kənd təsərrüfatı, logistika, sənaye, rəqəmsal xidmətlər, turizm və texnologiya sahələrini əhatə etməlidir. Xüsusilə Çin, Hindistan, Türkiyə, Mərkəzi Asiya və Yaxın Şərq bazarları daha sistemli şəkildə qiymətləndirilməlidir. Bununla yanaşı, Avropa İttifaqı və ABŞ bazarları da strateji prioritet olaraq qalmalıdır: “Məqsəd yalnız həmin ölkələrdən məhsul idxal etmək deyil, Azərbaycan məhsullarını və xidmətlərini də bu bazarlara çıxarmaqdır. Bütün bu transformasiyanın mərkəzində insan kapitalı dayanmalıdır.
Yüksək texnologiyanı insan yaradır, rəqabətqabiliyyətli sənayeni insan qurur, innovasiyanı insan tətbiq edir”.
Onun fikrincə, təkcə yollar, limanlar və sənaye parkları yaratmaq kifayət etmir. Həmin infrastrukturu yüksək məhsuldarlıqla idarə edə biləcək peşəkar kadrlar formalaşdırılmalıdır.
Asif İbrahimovun sözlərinə görə, Azərbaycanın 2030, 2040 və 2050-ci illər üzrə hədəfləri yalnız ÜDM-in nominal artımına əsaslanmamalıdır. Əsas məqsədlər məhsuldarlığın artırılması, adambaşına düşən gəlirin yüksəldilməsi, yüksək əlavə dəyərli istehsalın genişləndirilməsi, innovasiya və texnologiya ixracının artırılması olmalıdır.
“Vergi inzibatçılığına deyil, istehsalın qurulmasına, iqtisadiyyatın stimullaşdırılmasına və sahibkarlığın inkişafına yönəlmiş model qurulmalıdır”, – deyə iqtisadçı bildirib.
Ekspertin fikrincə, Azərbaycanın coğrafi üstünlüyü yalnız yük daşımaları ilə məhdudlaşmamalıdır.
Azərbaycan yükün sadəcə keçdiyi deyil, emal olunduğu, saxlanıldığı, sığortalandığı, maliyyələşdirildiyi və əlavə dəyər yaradıldığı regional logistika mərkəzinə çevrilməlidir.
Bu isə o deməkdir ki, ölkə dəhliz iqtisadiyyatından istehsal, texnologiya və xidmət iqtisadiyyatına keçid etməlidir.
Asif İbrahimov yekunda bildirib ki, Azərbaycanın strateji məqsədi neft kapitalını insan kapitalına, insan kapitalını texnologiyaya, texnologiyanı isə ixrac və yüksək əlavə dəyərə çevirmək olmalıdır.
“Əgər bu transformasiya baş verməsə, Azərbaycanın coğrafi üstünlüyü bizi yalnız regional tranzit ölkəsi səviyyəsində saxlayacaq. Əgər baş verərsə, Azərbaycan tranzit ölkədən regional iqtisadi və texnoloji güc mərkəzinə çevrilə bilər”.
İradə Cəlil, Bizimyol.info