Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İyunun 5-də “Ümumdünya Ətraf Mühit Günü” Koreyanın ev sahibliyi ilə Jeju adasında keçirilib.
BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən hər il təşkil olunan bu qlobal tədbir bu dəfə “Plastik çirklənməyə son” mövzusuna həsr olunaraq, plastik tullantıların azaldılması və dövri iqtisadiyyata keçid istiqamətində birgə fəaliyyətləri təşviq edib.
“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizi tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavininin rəhbərlik etdiyi, Xarici İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Koreyadakı səfirliyimizin nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edib.
Azərbaycanın nümayəndə heyətinin rəhbəri Umayra Tağıyeva tərəfindən tədbirin açılış mərasimində, eləcə də “Dövri iqtisadiyyata doğru fəaliyyət üçün Yüksək Səviyyəli Nazirlər Dəyirmi Masası”nda çıxışlar edilib.
Çıxışlar zamanı Azərbaycanın müvafiq sahədə müsbət təcrübələri barədə məlumat verilib, ölkəmizin sədrliyi ilə ötən il Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əldə edilmiş tarixi nailiyyətlərə vurğu edilib.
Nümayəndə heyəti tərəfindən habelə, bir sıra ikitərəfli görüşlər keçirilib, beynəlxalq təşkilatlar, biznes dairələri, inkişaf bankları və vətəndaş cəmiyyəti nümayəndələrinin də qatıldığı sessiyalar və tematik sərgilərdə iştirak edilib, qlobal ekoloji çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2026-cı ildə “Ümumdünya Ətraf Mühit Günü”nə Azərbaycan ev sahibliyi edəcək.