Bizimyol saytına istinadən Icma.az xəbər verir. "Bu gün Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri həyata keçirir.
Azərbaycan-Mərkəzi Asiya münasibətləri, adətən, "5+1" formulu ilə təsvir olunurdu.
Bu, beş Mərkəzi Asiya dövlətini və ayrıca tərəfdaş kimi Azərbaycanı simvolizə edirdi.
Lakin bu gün həmin formula sadəcə riyazi anlayışdan siyasi və tarixi reallığa çevrilib, hətta kimyəvi birliyə çevrilərək vahid "6" formatını alıb.
Bu da inteqrasiyanın dərinləşməsini, ortaq tarix, mədəniyyət, ənənə, etnik və dil qohumluğu üzərində formalaşan vahid geosiyasi məkan və ortaq taleyi əks etdirir".
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında paylaşım edib.
Hikmət Hacıyev qeyd edib ki, son aylarda Prezident İlham Əliyev Mərkəzi Asiya regionuna Türkmənistana, Tacikistana və Qazaxıstana üç səfər edib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan və Mərkəzi Asiya münasibətlərində bu günə qədər olan dərin inteqrasiya və konstruktiv əməkdaşlıq bu gün Azərbaycanla Mərkəzi Asiya respublikalarının birgə vahid “altılıq” formatının yaranmasına gətirib çıxarıb.