Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 23 oktyabr, AZƏRTAC Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclası və Azərbaycan-Serbiya biznes forumu keçirilib.Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasdan əvvəl Azərbaycan nümayəndə heyəti Belqradın Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad edib.Komissiyanın həmsədrləri – Azərbaycanın maliyyə naziri Sahil Babayev və Serbiyanın mədəniyyət naziri Nikola Selakoviç arasında iclasdan əvvəl keçirilən təkbətək görüşdə iki ölkə arasında iqtisadi, ticarət, enerji, nəqliyyat və informasiya texnologiyaları, gömrük, kənd təsərrüfatı, turizm, sosial müdafiə, səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, eləcə də qida təhlükəsizliyi sahələrində əməkdaşlığın mövcud vəziyyəti və yeni imkanlar ətraflı müzakirə olunub, Komissiyanın IX iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən komissiyanın iclasında çıxış edən S.Babayev iki ölkə arasında strateji tərəfdaşlığın qarşılıqlı etimada, dostluğa və hörmətə əsaslandığını vurğulayıb.
Nazir qeyd edib ki, prezidentlər İlham Əliyev və Aleksandar Vuçiçin güclü siyasi iradəsi və şəxsi dostluğu Azərbaycan–Serbiya münasibətlərinin möhkəm təməlini formalaşdırır.
Onun sözlərinə görə, dövlət başçılarının son illərdəki qarşılıqlı səfərləri və beynəlxalq tədbirlər çərçivəsində görüşləri iki ölkə arasında strateji dialoqun dərinliyini aydın şəkildə nümayiş etdirir.
Nazir, həmçinin Serbiya Milli Assambleyasının sədri xanım Ana Brnabiçin Azərbaycana son səfəri ilə möhkəmlənən parlamentlərarası əməkdaşlığın əhəmiyyətini də vurğulayıb.İqtisadi və ticarət sahəsində əməkdaşlıqdan danışan nazir bildirib ki, Azərbaycanla Serbiya arasında qarşılıqlı ticarət dövriyyəsinin artması, işgüzar missiyaların təşkili və sahibkarlar arasında əlaqələrin genişləndirilməsi iki ölkənin strateji maraqlarına xidmət edir: “Serbiya Cənub-Şərqi Avropada Azərbaycanın mühüm tərəfdaşıdır.
Qarşıdakı dövrdə iqtisadi, maliyyə, sənaye, turizm, nəqliyyat və enerji kimi sahələrdə birgə layihələrin reallaşması bu əməkdaşlığı daha da genişləndirəcək”.Qeyd olunub ki, hazırda Azərbaycanda 9 Serbiya şirkəti fəaliyyət göstərir, Azərbaycanın aparıcı tikinti şirkətləri Serbiyada iri avtomagistral layihələri uğurla həyata keçirir.
S.Babayev bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidənqurulmasında Serbiya şirkətlərinin iştirak marağı məmnunluqla qarşılanır və bu sahədə əməkdaşlıq iqtisadi əlaqələri daha da dərinləşdirəcək.Enerji əməkdaşlığı iki ölkə münasibətlərinin əsas istiqamətlərindən biri kimi komissiyanın iclasında diqqət mərkəzində olub.
Qeyd olunub ki, Azərbaycan 2024-cü ilin yanvarından etibarən Serbiyaya təbii qaz tədarükünə başlayıb, indiyədək təxminən 300 milyon kubmetr qaz ixrac olunub.