Azərbaycançılıq ideologiyası və milli ideya

26.11.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Xalq qəzeti” redaksiyasında dəyirmi masa müzakirəsi 

Mahiyyəti etnik kimlik, dini dəyərlər və ümumbəşəri prinsiplərin qarşılıqlı əlaqəsindən ibarət olan azərbaycançılıq cəmiyyətdə önəmli və birləşdirici bir anlayışdır. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin tam formalaşaraq milli dövlətçilik ideologiyası səviy­yəsinə yüksəldilməsində rolu onun tarixi xidmətləri sırasında yer alıb. 

Dahi şəxsiyyət 1995-ci ildə yeni Konstitusiya layihəsinin hazırlanması ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən müzakirələrdə yazıçılar, alimlər və ziyalılarla görüşərək ölkədə ana dilinin tələsik və lüzum olmadan “türk dili” adlandırılmasının həssas bir məqamda müəyyən narazılıq yaratdığını söylədi. Ümummilli lider bu addımın arzuolunmaz problem­lərə də səbəb ola biləcəyini bildirməklə azərbaycançı­lıq düşüncəsinin rəsmiləşdirilməsi yolunda maneələri də aradan qaldırmış oldu.

Xalqımızın Qarabağ uğrunda bir qərinəlik qarşısıalınmaz mübarizəsində, xüsusən 44 günlük Vətən müharibəsin­də ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri yurda sevgini ən yüksək səviyyədə nümayiş etdirdilər, azərbay­cançılıq ideologiyasına sadiq qaldılar. Azərbaycan uğrunda ölüm-dirim sa­vaşında Milli Qəhrəmanımız – yəhudi Albert Aqarunov, Vətən Müharibəsi Qəhrəmanları – avar Şıxamir Qaflanov, ləzgi Çingiz Qurbanov, talış Pəncəli Tey­murov, axıskalı İsgəndər Aznaurov, rus Yuri Kovalyov, belarus Anatoli Davido­viç, ukraynalı Ruslan Polovinko kimi həmvətənlərimiz milli birlik ideyası yo­lunda tarixi örnək yaratdılar. 

“Xalq qəzeti” redaksiyasında növbəti dəyirmi masa müzakirəsi də aktuallığı zaman keçdikcə daha da artan azərbay­cançılıq ideologiyasına həsr olundu. Qəzetin baş redaktoru Əflatun Amaşov görüşü açaraq mövzunun xüsusi önə­mini diqqətə çatdırdı. Redaksiya rəhbəri bildirdi ki, bu ideologiya xalqlarımızın özünüdərkinin daim yüksəlməsində və dövlətçilik düşüncəsinin dərinləşmə­sində ən mükəmməl ideya-siyasi və et­nomənəvi təməldir. 

Bu baxımdan milli ideologiyanın ta­rixi önəmini, ayrı-ayrı yönlərini əhatə edən dəyirmi masanın iştirakçıları olan tanınmış alimlər – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsi­mi adına Dilçilik İnstitutunun direkto­ru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, onomastika şöbəsinin müdiri, fəlsəfə doktoru, dosent Elçin İs­mayılov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, AMEA Tarix və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı, müstəqil ekspert Arzu Əsəd və “Xalq qəzeti”nin baş redaktor müavi­ni, Əməkdar jurnalist Tahir Aydınoğlu mövzunun elmi-nəzəri və ictimai-siyasi yönlərini gündəmə gətirdilər, mülahizə və təkliflərini söylədilər. 

Dəyirmi masanın moderatoru Füzuli Qurbanov “Xalq qəzeti” redaksiyasının “Güclü Azərbaycan: yeni dövrün strateji xətti” layihəsi çərçivəsində təşkil edilən dəyirmi masa müzakirəsinin geniş icti­maiyyətin mövzu ilə bağlı maariflənmə­sini hədəfə aldığını vurğuladı. İştirakçı­ları işgüzar diskussiyaya yönləndirdi. 

Nadir MƏMMƏDLİ: 

– Azərbaycanşünaslıq xalqımızın tarixini, mədəniyyətini, etnoqrafiyası­nı, dilini, ədəbiyyatını, folklorunu, mil­li düçüncə və dövlətçilik ənənələrini kompleks şəkildə öyrənən sistemli is­tiqamətdir. Bu sistemdə dilçilik xüsusi yer tutur. Çünki dil yalnız ünsiyyət va­sitəsi deyil, həm də xalqın tarixi yadda­şını, dünyagörüşünü, mənəvi dəyərlərini və milli kimliyini özündə yaşadan mü­hüm ictimai-mədəni hadisədir. 

Azərbaycanşünaslığın dil­çilik istiqaməti Azərbay­can dilinin tarixi inkişaf mərhələlərinin, dialekt və şivələrinin, leksik-semantik sisteminin, frazeologi­yasının, terminologiyasının, onomas­tikasının, yazılı abidələrinin və digər türk dilləri ilə əlaqələrinin öyrənilmə­sini əhatə edir. Bu tədqiqatlar Azərbay­can xalqının tarixi-mədəni inkişafının, etnolinqvistik əlaqələrinin və milli özü­nüdərkinin elmi əsaslarla araşdırılması­na imkan yaradır. 

Azərbaycançılıq dünyagörüşü müa­sir Azərbaycan dövlətçiliyinin ideo­loji əsası olaraq, milli kimliyi, dövlət müstəqilliyini, tarixi yaddaşı, ana dilini və milli-mənəvi dəyərləri vahid məf­kurə ətrafında birləşdirir. Bu anlayışın elmi araşdırılmasında dil amilinə xüsusi diqqət yetirilməlidir. Azərbaycançılığa yalnız siyasi və ideoloji konsepsiya kimi yanaşmaq onun mahiyyətini tam əhatə etmir. Bu məfkurənin mühüm tərkib hissələrindən biri də dil və milli kimlik münasibətləridir. Milli kimliyin for­malaşmasında, qorunmasında və nəsil­dən-nəslə ötürülməsində ana dilinin rolu fundamental əhəmiyyət daşıyır. 

Bu baxımdan azərbaycançılığın dilçilik aspekti ayrıca elmi-tədqiqat is­tiqaməti kimi formalaşdırılmalıdır. Bu­rada əsas diqqət Azərbaycan dilinin milli kimliyin ifadə vasitəsi olmaqla yanaşı, dövlətçilik institutlarının fəaliyyətində, ictimai münasibətlərdə və milli informa­siya məkanında funksional imkanlarının genişləndirilməsinə yönəldilməlidir. 

Dövlətçilik və dil siyasətinin varis­liyi mühüm amildir. Azərbaycançılıq məfkurəsinin əsasını xalqımızın tarixi yaddaşının, ana dilinin və milli-mədəni irsinin qorunması təşkil edir. Çünki döv­lətçilik ənənələrini vahid ideya ətrafında birləşdirən milli məfkurədir. Bu, yalnız müasir siyasi anlayış deyil, xalqımı­zın əsrlər boyu qoruyub saxladığı milli kimliyin və tarixi varisliyin dövlətçilik müstəvisində ifadəsidir. 

Bu ideyanın müasir Azərbaycan döv­lətçiliyinin ideoloji əsasına çevrilmə­sində ümummilli lider Heydər Əliyevin müstəsna rolu olmuşdur. O, Azərbaycan dili, milli-mənəvi dəyərlər, tarixi yaddaş və dövlətçilik anlayışlarını vahid kon­septual sistemdə birləşdirərək azərbay­cançılığı müstəqil dövlətin əsas ideoloji dayağına çevirmişdir. Ulu öndərin fəa­liyyəti nəticəsində Azərbaycan dili, döv­lətçilik ənənələri və milli-mənəvi dəyər­lər müstəqil dövlətin ideoloji dayaqları kimi müəyyənləşdirilmişdir. 

Heydər Əliyevin dil siyasə­tində Azərbaycan dilinin dövlət dili statusunun qo­runması və möhkəmləndirilməsi, onun ictimai-siyasi həyatın bütün sahələrində işlənməsi, dilin saflığının və zənginliyi­nin mühafizəsi mühüm yer tuturdu. Bu siyasət Azərbaycan dilinin yalnız ün­siyyət vasitəsi deyil, milli dövlətçiliyin əsas atributlarından biri kimi mövqeyini möhkəmləndirdi. Dünya azərbaycanlı­larının həmrəyliyinin dövlət siyasəti sə­viyyəsinə yüksəldilməsi də bu prosesin mühüm istiqamətlərindən biri olmuşdur. 

Prezident İlham Əliyevin fəaliyyə­ti məhz bu dövlətçilik xəttinin müasir mərhələdə davam etdirilməsi və inki­şafı baxımından qiymətləndirilməlidir. Onun rəhbərliyi dövründə Azərbaycan dilinin qorunması, inkişafı, tətbiq dairə­sinin genişləndirilməsi, milli-mədəni ir­sin təbliği və Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda təqdim olunması dövlət siyasətinin mühüm istiqamətləri sırasında yer alıb. Bu baxımdan dövlət başçısının dil siyasətinin qiymətləndi­rilməsində xüsusi əhəmiyyət daşıyan bir məsələni də qeyd etmək istərdik: Azərbaycan dilçiliyi elminin nailiyyət­lərinin dövlət idarəçiliyinə tətbiqi və dil məsələlərinin elmi əsaslarla həlli. 

Bütün bunlar göstərir ki, dilin dövlət dili kimi hüquqi statusunun təmin edil­məsi zəruri olsa da, bu, onun dövlətçilik sistemində real funksional imkanlarının tam reallaşdırılması üçün kifayət etmir. Azərbaycan dilinin dövlət idarəçiliyin­də, qanunvericilikdə, hüquqi və inzibati terminologiyada, rəsmi sənədləşmə­də, elektron hökumət sistemlərində və rəqəmsal texnologiyalarda elmi prinsip­lər əsasında tətbiqi də mühüm vəzifədir. 

Məhz bu məqamda dilçilik elminin dövlət siyasəti ilə qarşılıqlı əlaqəsi mey­dana çıxır. Dilçilik yalnız mövcud dil faktlarını təsvir və təhlil edən elm kimi deyil, dövlət dilinin inkişafına, normal­laşdırılmasına, terminoloji sistemin tək­milləşdirilməsinə və funksional imkan­larının genişləndirilməsinə xidmət edən elmi institut kimi çıxış etməlidir. 

Bu baxımdan belə bir tezisi irəli sür­mək mümkündür: Azərbaycançılığın dilçilik baxımından mühüm göstəricilə­rindən biri Azərbaycan dilinin dövlət dili statusunun qorunması ilə yanaşı, Azər­baycan dilçiliyi elminin nailiyyətlərinin dövlət idarəçiliyinin bütün sahələrində tətbiq olunmasıdır. Vurğulanan mətləb işığında azərbaycanşünaslığın önəmli yönlərindən bəhs etmək olar. Konkret olaraq, aşağıdakı xüsusiyyətlərə baxaq. 

Azərbaycanşünaslığın yeni elmi və praktiki vəzifələri: Müasir dövrdə azərbaycanşünaslığın qarşısında yalnız mövcud elmi irsin qorunması deyil, həm də yeni tədqiqat istiqamətlərinin forma­laşdırılması və elmi nəticələrin praktik həyata tətbiqi vəzifəsi dayanır. Bu is­tiqamətdə aşağıdakı məsələlərin xüsusi əhəmiyyət daşıdığını düşünürük: 

– Azərbaycan dilinin tarixi və müasir inkişafı: dilimizin tarixi mərhələlərinin, yazılı abidələrinin, dialekt və şivələri­nin, leksik-semantik xüsusiyyətlərinin kompleks şəkildə araşdırılması. 

– Milli leksik irsin sistemləşdirilməsi: Azərbaycan dilinin tarixi söz ehtiyatının, dialekt leksikasının, frazeoloji vahidləri­nin, şəxs və yer adlarının elmi əsaslarla toplanması, izahı və elektronlaşdırılması. 

– Dövlət dili və idarəçilik: dilçilik elminin nəticələrinin qanunvericilikdə, rəsmi sənədlərdə, dövlət qurumlarının yazışmalarında və hüquqi-inzibati ter­minologiyada tətbiqi üçün elmi-metodiki mexanizmlərin hazırlanması. 

– Azərbaycan dilinin rəqəmsal inki­şafı: Milli dil korpusunun yaradılma­sı və təkmilləşdirilməsi, süni intellekt texnologiyalarının Azərbaycan dilinə uyğunlaşdırılması, elektron lüğətlərin, terminoloji bazaların və dil resurslarının genişləndirilməsi. 

– Azərbaycanşünaslığın inteqrativ inkişafı: dilçilik, tarix, ədəbiyyatşünas­lıq, folklorşünaslıq, etnoqrafiya və digər humanitar elmlərin qarşılıqlı əlaqədə in­kişaf etdirilməsi. 

– Azərbaycan dilinin beynəlxalq elmi mövqeyi: Azərbaycan dilinin türkoloji tədqiqatlarda, beynəlxalq elmi layihələr­də və rəqəmsal informasiya məkanında təmsilçiliyinin gücləndirilməsi. 

Bu vəzifələrin həyata keçirilməsi azərbaycanşünaslığın elmi potensialını artırmaqla yanaşı, dilçilik elminin nəti­cələrinin cəmiyyətə və dövlətə xidmət imkanlarını da genişləndirə bilər. 

Azərbaycanşünaslıq və azər­baycançılıq bir-biri ilə sıx bağlı olan, lakin fərqli məz­mun daşıyan anlayışlardır. Azərbay­canşünaslıq xalqımızın tarixini, dilini, mədəniyyətini və milli irsini elmi şəkil­də öyrənir, azərbaycançılıq isə bu milli kimliyin dövlətçilik və ictimai məfkurə səviyyəsində ifadəsini təmin edir. Bu münasibətdə Azərbaycan dili hər iki an­layışı birləşdirən fundamental amildir. Dilin tarixi və müasir vəziyyətinin elmi əsaslarla öyrənilməsi, onun dövlət idarə­çiliyində və ictimai həyatda funksional imkanlarının genişləndiriməsi azərbay­cançılığın möhkəmlənməsinə xidmət edir.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik və dil siyasəti ənənələrini Prezident İlham Əliyevin yeni tarixi şəraitə uyğun davam etdir­məsi azərbaycançılığın müasir inkişaf mərhələsinin mühüm xüsusiyyətidir. Azərbaycançılığın gələcək inkişafı yal­nız milli-mənəvi dəyərlərin qorunması ilə deyil, həm də azərbaycanşünaslıq el­minin, xüsusilə Azərbaycan dilçiliyinin nailiyyətlərinin dövlətçilik sisteminə in­teqrasiyası ilə sıx bağlıdır. 

Azərbaycan dili dövlətin yalnız rəs­mi ünsiyyət vasitəsi deyil, onun milli kimliyinin, tarixi yaddaşının və intel­lektual potensialının ifadəsidir. Bu dilin elmi əsaslarla inkişaf etdirilməsi, müasir texnologiyalara uyğunlaşdırılması və dövlət idarəçiliyinin bütün sahələrində yüksək səviyyədə tətbiqi milli dövlət­çiliyin möhkəmləndirilməsinin mühüm şərtlərindən biridir. 

Arzu ƏSƏD: 

– Milli ideologiyanın haradasa keçid dövründən, yəni 80-ci illərin sonu və 90-cı illərin əvvəllərindən başladığını deyə bilərik. Nadir müəllim, haqlı ola­raq, azərbaycançılıqda dilçiliyin önə­mini qabartdı. Əslində, bütün dünyada olanlar, söylənənlər və yazılanlar vahid bir mətndən ibarətdir. Dil tarixi yaddaşı ifadə edir. Azərbaycançılıq ideologiyası ideyalar və baxışlar sistemi kimi günü­müz üçün zərurət kəsb edir. Burada dil də əsasdır, ədəbiyyat da, tarix də. 

Yadımızdadır ki, şahidi olduğumuz keçid dövründə indiki Azadlıq meydanı­na 1 milyon adam toplaşmışdı. Bu, yeni tarixin irrasional başlanğıcı olan mənə­vi gerçəklik idi və beyinlərdən, düşün­cələrdən süzülüb gəlirdi. İctimai-siyasi formasiyanın dəyişəcəyini ehtiva edirdi. Bu hərəkatın içində olanların hansı is­tiqamətə gedəcəyi bilinmirdi. 

O zaman Heydər Əliyevin milli li­der səviyyəsinə yüksəlmiş şəxsiyyəti önə çıxdı və milli dövlətçilik ideyasını istiqamətləndirdi. Bu təkrarsız şəxsiy­yət azadlıq ideologiyasını instinktiv və ya cücərti şəklindən real mübarizə şüu­runun elementinə çevirə bildi. Obrazlı şəkildə desək, Ulu öndərin timsalında sanki xalqımız konkret millət kimi ye­nidən doğuldu. Onun öncüllük missiyası ilə instiktiv dirçəliş, dövlət və millət ide­ologiyası kimi qərarlaşdı. 

Təsadüfi deyil ki, həmin vaxt əsas şüarlarımız “Azadlıq!” və “Xalq-Heydər birliyi!” idi. Beləliklə, azadlıq ideyası güclənərək rasionallaşdı. Buna qədər olan mifik, kosmoqonik, hətta antroponik düşün­cələr çulğalaşıb konkretləşdi. Din, dil anlamları başqa mahiyyət kəsb etdi. Sanki Babək, Koroğlu dirildilər. İndi biz həmin rasionallaşma haqqında ideologi­ya kimi siyasi şüur səviyyəsində bütün komponentləri ilə sərf-nəzər edib açmaq istəyirik. 

Bu kontekstdə azərbaycançılıq ide­ologiyası yaranıb. Bu ideologiyanın, ilk növbədə, tənzimləyici xüsusiyyəti var. Bura ölkələrarası əlaqələr, həm də cə­miyyət daxilində insanların bir-biri ilə münasibətləri daxildir. Bu zaman, deyək ki, fərdlərin, şəxslərin iqtisadi maraqları ümumi mənafe ilə uyğunlaşır. Həyat və davranış tərzləri ictimai dəyərlərlə uzla­şır. Bu isə ideologiya vasitəsilə reallaş­dırılır. İdeologiyanın digər funksiyaları nəzarət və hakimiyyətin legitimləşdiril­məsidir. 

Elçin İSMAYILOV: 

– Doğrudan da azərbaycançılıq dü­şüncəsi, ilk növbədə, azərbaycanşünas­lığa söykənməlidir. Azərbaycanı tanıma­dan, tarixinə, dilinə, kulturologiyasına bələd olmadan bu ideologiyadan danış­maq olmaz. Ümumiyyətlə, bu anlayış təkcə coğrafiyanımı ehtiva edir? Xeyr, burada daha geniş məqamlar var. Türk­çülüklə azərbaycançılıq arasında hansı üst-üstə düşən və düşməyən cəhətlər var? Bunlara münasibət bildirmək la­zımdır. 

Bəzi ziyalılarımızın siyasi cəhətdən hazırlıqsızlığı hiss olunur. Halbuki bəzi üstüörtülü, haçalanmış fikirlər söyləmək olmaz. Bu, dövlətin ideologiyasıdır və hər şey aydın olmalıdır. Nadir müəllimin də qeyd etdiyi kimi, dilçilik araşdırmala­rında, eləcə də tarixi tədqiqatlarda müt­ləq daha geniş aspektdə, ümumi azərbay­cançılıq nəzərə alınmalıdır. Məncə, bu məsələlərə konkret aydınlıq gətirilməli­dir. Açıq deyilməlidir ki, azərbaycançılıq elə Azərbaycanın türkçülüyüdür. Sadəcə, ölkəmizdə millətimizlə yanaşı, müəyyən etnik qruplar da var və azərbaycançılıq ideologiyası hamını birləşdirən dəyərdir. 

Mübariz AĞALARLI: 

– Milli ideologiyalar dövlətin təh­lükəsizlik çağırışları və geosiyasi hə­dəflərinə uyğun olaraq təkamül edən sistemlərdir. 1990-cı illərdə ümummil­li lider Heydər Əliyev tərəfindən irəli sürülən klassik azərbaycançılıq ideo­logiyası dövlətçiliyin qorunması, daxi­li xaosun qarşısının alınması və işğal faktı fonunda milli həmrəyliyə yönəlmiş müdafiə doktrinası idi. 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror təd­birləri ilə ərazi bütövlüyü və suveren­liyin tam təmin olunması 30 illik tarixi mərhələnin missiyasını yekunlaşdıraraq yeni mərhələyə yol açdı.

Ərazi bütövlüyünün və suverenliyin tam təminindən sonra keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurul­tayı dövlətin yeni strateji eraya qədəm qoyduğunu rəsmən təsbit edən mühüm siyasi mərhələ oldu. Prezident İlham Əliyevin bu qurultaydakı konseptual çıxışı qalib dövlətin yeni tarixi mər­hələdə azərbaycançılıq ideologiyasının daha da inkişaf etdirilməsi nümunə­sidir. Prezidentin bu çıxışındakı əsas siyasi və ideoloji mesajlar bunlardan ibarət idi: 

– Zəfər fəlsəfəsi və milli kimlik: 30 illik məğlubiyyət və itki travması ara­dan qaldırılmış, milli şüurun mərkəzinə qalibiyyət, ləyaqət və quruculuq narra­tivi yerləşdirilmişdir. 

– İdeoloji təhlükəsizlik: Sərhədlərin fiziki mühafizəsi ilə yanaşı, artan xarici təzyiqlər və hibrid hücumlar fonunda informasiya-ideoloji məkanın qorun­ması milli suverenliyin təməl şərti elan edilmişdir. 

– Geosiyasi subyektlik: Azərbaycan regionda kənar güclərin təsir obyekti olmaqdan çıxaraq öz gündəliyini diktə edən müstəqil orta güc mərkəzinə çev­rilmişdir. 

– Müdafiədən proaktivliyə keçid: Dövlətçilik xətti mövcud vəziyyəti sadə­cə qorumaqla məhdudlaşmır, o, həm də milli maraqları hücumçu diplomatiya, güclü ordu və Türk inteqrasiyası ilə irə­li aparmaq üzərində qurulmuşdur. 

Beləliklə, YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı klassik azərbaycançılığın müdafiə mərhələsini yekunlaşdıraraq qalib dövlətin proaktiv və strateji doktrinasının – azərbaycan­çılığın mükəmməl konseptual nümunə­si kimi dərk edilməlidir. 

Tarixi təkamül zənciri, psixo­loji qırılma xətləri və dəyişən geostrateji çağırışlar post­müharibə mərhələsində Azərbaycanın qarşısında dayanan ən mühüm nəzəri sualı aktuallaşdırır: yeni mərhələdə azərbaycançılığın əsas xüsusiyyətləri nədən ibarətdir? Elmi-akademik təhlil göstərir ki, azərbaycançılıq hazır və qa­palı ideoloji sistem deyil - dörd təməl konseptual sütun üzərində inkişaf edən dinamik doktrinadır. 

Bu doktrinanın birinci sütunu­nu mütləq suverenlik və bərpa olun­muş milli ləyaqət fəlsəfəsi təşkil edir. Klassik dövrdə suverenlik parçalanmış ərazi və dondurulmuş münaqişə təh­lükəsi fonunda daimi risk altında olan kövrək dəyər idisə, yeni mərhələdə o, bütöv, bölünməz və güzəştsiz status kimi təsbit olunur. Xankəndidə, Şuşada və dövlət sərhədlərinin hər qarışında dalğalanan bayraq təkcə fiziki nəzarə­tin deyil, xalqın milli qürur və ləyaqə­tinin bərpasının rəmzidir. Bu paradiq­ma vətəndaşdan özünümüdafiə və ya kompensasiya hissi deyil, beynəlxalq məkanda milli maraqları qətiyyətlə və bərabərhüquqlu əsaslarla irəli aparmağı şərtləndirən yüksək dövlətçilik məsu­liyyəti tələb edir. 

İkinci sütun xarici siyasətdə strate­ji muxtariyyət və regional “orta güc” statusudur. Azərbaycançılıq yeni mər­hələdə hər hansı qlobal güc mərkəzinin periferiyası olmağı qətiyyətlə rədd edir. Dövlət kənar təhlükəsizlik çətirlərindən asılılığı minimuma endirərək öz müda­fiə sənayesinə və müasir ordusuna gü­vənir, regional məsələlərdə “regionun taleyini region dövlətləri həll etməlidir” prinsipini əsas götürür və Şərq-Qərb nəqliyyat-enerji qovşağı kimi qlobal logistikanın qaydalarını müəyyən edən subyektinə çevrilir. 

Doktrinanın üçüncü sütunu daxili modernləşmə, texnoloji intibah və yeni inkişaf fəlsəfəsidir. Azərbaycançılıq yalnız keçmiş zəfərin romantik təbli­ğatına sığına bilməz; onun yaşama qa­biliyyəti cəmiyyətin sosial və intellek­tual inkişaf sürətindən birbaşa asılıdır. Məhz burada “Böyük Qayıdış” konsep­siyası ideoloji sınaq meydanına çevrilir. 

Qarabağ və Şərqi Zəngəzurun bər­pası sırf fiziki inşaat prosesi deyil, ölkə­nin gələcək iqtisadi modelinin – “ağıllı şəhər”, “yaşıl enerji zonası”, rəqəmsal­laşma və yüksək texnologiyalar eko­sisteminin sınaq bazasıdır. Bu fəlsəfə bürokratik inersiyanı rədd edən, elmi innovasiyaya və insan kapitalına arxa­lanan yeni dövlət qulluğu və vətəndaş mədəniyyətini hədəfləyir. 

Nəhayət, dördüncü sütun daxili vətəndaş birliyi ilə sivilizasiya kimli­yinin vəhdətini təcəssüm etdirən sivi­lizasiya harmoniyasıdır. Ölkə daxilin­də polietnik və çoxkonfessiyalı balans tam qorunur; hər bir vətəndaş etnik mənsubiyyətindən asılı olmayaraq qa­lib Azərbaycanın bərabərhüquqlu qu­rucusu kimi çıxış edir. Eyni zamanda, dövlətin sivilizasiya kökləri birmənalı olaraq Türk dünyası ilə eyniləşdirilir, Şuşa Bəyannaməsi və Türk Dövlətləri Təşkilatına inteqrasiya milli təhlükə­sizliyin xarici qalxanı və mənəvi bazası kimi qəbul edilir. 

Bununla belə, yeni tarixi mər­hələdə şüar və ya müvəqqəti bəyannamələr səviyyəsində qalmaması, dayanıqlı dövlətçilik dokt­rinasına çevrilməsi üçün qarşıda hələ həllini gözləyən fundamental institusi­onallaşma tələbləri durur. İlk növbədə, təhsil və ictimai elmlər sistemi 30 illik məğlubiyyət və qurban terminologiya­sından təmizlənməli, qələbə fəlsəfəsini tənqidi təfəkkürlə uzlaşdıran yeni elmi dərsliklər və tədris proqramları forma­laşdırılmalıdır. İkincisi, qalib xalqın dövlətlə münasibətləri yüksək sosial ədalət, şəffaflıq və hüququn aliliyini tələb edir; idarəetmədə inersiya və in­hisarçılıqla mübarizə aparılmadan ide­oloji təhlükəsizliyi təmin etmək müm­kün deyil. 

Bu kontekstdə ideoloji təhlükəsizli­yin ən həssas və həlledici cəbhəsi məhz milli-mənəvi məkanın yad təsirlərdən qorunmasıdır. Xüsusilə regional güc­lərin dini amildən geosiyasi təzyiq və “yumşaq güc” aləti kimi istifadə etdi­yi müasir şəraitdə, ölkənin xarici dini mərkəzlərdən asılılığını tam aradan qal­dıran müstəqil və milli dövlət-din mü­nasibətləri modeli formalaşdırılmalıdır. 

Bu model dini inancları yad siyasi gündəliklərdən, radikal təriqətçilikdən və xarici şəbəkələrin təsirindən qo­rumaqla yanaşı, Azərbaycanın tarixi dünyəvilik ənənələrinə, məzhəblərara­sı tarixi tolerantlığına və milli-mədəni kodlarına söykənən yerli kadr bazası­nın yetişdirilməsini təmin etməlidir. Müstəqil milli-dini model olmadan nə cəmiyyətin ideoloji immunitetini kənar təxribatlardan qorumaq, nə də qalib dövlətin suveren ideoloji arxitekturası­nı tamamlamaq mümkündür. 

Postmüharibə dövründə Azərbay­can öz mədəni-mənəvi hüdudlarını ardıcıl şəkildə genişləndirərək dünya azərbaycanlılarının yeganə suveren dövləti missiyasını tam miqyası ilə üzərinə götürür. Respublikamız təkcə öz sərhədləri daxilində deyil, qlobal miqyasda soydaşlarımızın hüquq və mənafelərinin təminatçısı rolunda çıxış edir, onlarda sarsılmaz azərbaycançı­lıq məfkurəsini möhkəmləndirir. Bu baxımdan, dünyanın müxtəlif ölkələ­rində yaşayan, fərqli siyasi vətəndaşlıq kimliyinə malik olan, lakin özünü et­nik, tarixi və mənəvi cəhətdən azərbay­canlı sayan on milyonlarla soydaşımızı ortaq milli platformada birləşdirmək üçün məhz belə bir vahid ideoloji çətirə həyati ehtiyac duyulur. 

Təsadüfi deyil ki, sözügedən qlobal həmrəylik doktrinasının ən möhkəm, sarsılmaz fəlsəfi bünövrəsini minillik dövlətçilik ənənəsinin fasiləsizliyini tə­min edən dərin milli tarix şüuru təşkil edir. Azərbaycançılıq konsepsiyasında milli tarix yaddaşı 1918-ci il Cümhu­riyyəti və ya 1991-ci il müstəqilliyi ilə məhdudlaşan dar xronologiyanı aşaraq, Azərbaycanın böyük dövlətçilik təcrü­bəsini özünün ayrılmaz ontoloji zəmini elan edir. 

Bu yanaşmada dövlətçilik irsinin ən parlaq tarixi nümunələrindən olan Səfəvilər dövləti xüsusi yer tutur. Məhz Səfəvi dövləti mərhələsində Azərbay­canın etnik coğrafiyası ilə siyasi-inzi­bati coğrafiyası üst-üstə düşmüş, döv­lətin ordu, idarəetmə və saray elitasını birbaşa Azərbaycan-türk kəsimi for­malaşdırmış, Azərbaycan dili ilk dəfə rəsmi dövlət, ordu və diplomatiya dili statusuna yüksəlmişdir. 

Siyasi baxımdan burada qüsur­suz və ardıcıl bir tarixi-hüquqi zəncir mövcuddur: 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhu­riyyəti Şərqdə ilk dünyəvi respublika olmaqla yanaşı, Səfəvilər, Əfşarlar və Qacarlardan sonra yaranmış müstəqil Azərbaycan xanlıqlarının siyasi irsi­ni, habelə tarixi dövlətçilik ənənəmizi müasir beynəlxalq hüquq müstəvisində birləşdirən birbaşa siyasi varisdir. 

1991-ci ildə bərpa edilən və bu gün tam suverenliyinə qovuşan Müstəqil Azərbaycan Respublikası isə Konsti­tusiya Aktı ilə təsbit olunduğu kimi, Cümhuriyyətin rəsmi varisidir. Beləlik­lə, tarixi və hüquqi ardıcıllıq birmənalı­dır: Müstəqil Azərbaycan Cümhuriyyə­tin varisi, Cümhuriyyət isə qədimlərdən xanlıqlara qədər uzanan bütöv dövlətçi­lik irsinin varisidir. 

Yeni mərhələdə azərbaycançılıq bu tarixi həqiqəti şüurlara aşılayaraq bütün Azərbaycan kökənli insanlara birməna­lı ideoloji mesaj verir: Müstəqil Azər­baycan dövləti hər bir soydaşımızın si­vilizasiya dayağı, milli qürur qalası və yeganə dövlətçilik ocağıdır; buna görə də dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan kökənli fərd bu dövləti göz bəbəyi kimi qorumağı, onun beynəlxalq nüfuzunu müdafiə etməyi, onun təhlükəsizliyinə xidmət etməyi özünün ən müqəddəs ta­rixi və milli borcu bilməlidir. Bu yanaş­ma pərakəndə soydaş qruplarını passiv seyrçilikdən çıxarır, onları vahid döv­lətçilik ideyası ətrafında səfərbər edir və Azərbaycan Respublikasını qlobal miqyasda soydaşlarımız üçün toxunul­maz, qorunması vacib olan ali milli dəyərə çevirir. 

Beləliklə, azərbaycançılıq, sadəcə, regional hüdudlarla çərçivələnmiş lokal ideologiya deyil; o, minillik dövlətçilik təcrübəsini, siyasi varisliyini özündə ehtiva edən, müasir dövrün çağırışları­na cavab verən universal milli doktri­nadır. Bu təlim bir tərəfdən tam suve­renliyinə qovuşmuş güclü Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində müstəqil iradəsini və hüquqi ardıcıllığını təsbit edir, digər tərəfdən isə sərhədləri aşaraq dünya azərbaycan­lılarını vahid mənəvi, tarixi və strateji çətir altında birləşdirir. 

Nəticə etibarilə, müasir Azərbaycan öz şanlı keçmişinə söykənərək gələcə­yini quran, qlobal miqyasda milli kim­liyinə sahib çıxan və böyük dövlətçilik ənənəsini yeni zirvələrə daşıyan qüdrət­li bir güc mərkəzidir. 

Tahir AYDINOĞLU: 

– Azərbaycançılığın mükəmməl­liyi ölkənin aparıcı etnosu olan türk əhalinin və milli azlıqların hamısının ümumu vətəndə mövcudluğunu qəbul etməsində və etnik-mənəvi tələbatını dolğun ödəməsindədir. Azərbaycan­çılığın türkçülük təməli etnik çoxlu­ğu bu torpağın taleyinin qarantı kimi müəyyənləşdirir. İslamçılıq bu çoxluğu tamamlayan müsəlman həmrəyliyini təmin edir. Avropaçılıq isə bu qitənin xristian mentalitetli kəsimini də Azər­baycana bağlayır. 

Yəni azərbaycançılığın tərkib his­səsi olan bu 3 element etnik-mədəni müxtəlifliyi vahid məcrada birləşdi­rir, dilayrı, dinayrı qardaşlar kimi bə­rabərləşdirir. Bundan əlavə, müstəqil dövlətimizin milli ideologiyası tarixi Azərbaycan coğrafiyasını və soydaşla­rımızın yığcam məskun olduğu ölkləri də əhatə etməklə dünya azərbaycanlı­larını vahid amal ətrafında birləşdirir, vətən sevgisi ilə doğmalaşdırır. 

Bir vaxt Gürcüstan rəhbəri Eduard Şevardnadze Heydər Əliyev haqqında qəzetimizə müsahibə verərkən demişdi ki, Gürcüstan dövlətində azərbaycan­lıların da payı var. Gürcüstan əhalinin 10 faizini təşkil edən azərbaycanlıların da dövlətidir. Çoxillik Qarabağ müca­diləsində Borçalıda yaşayanlar özlərini Azərbaycandan kənarda görmürdülər. Onlar iki dövlətin, bütöv etnik coğra­fiyanın övladları kimi azərbaycançılıq düşüncəsinə xidmət etdilər. 

Deməli, etnik kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı və dünyada yaşayan soydaşlarımız azər­baycançılıq çətiri altında bütövləşir. Bu ideologiya milli kimliyimizi anlatmaq­la bizi yeni şəraitdə bu torpağa daha möhkəm bağlayır. Mənşəcə Qafqazda tarixin son dövrlərində məskunlaşmış, kənar qüvvələrin iradəsi ilə oyuncaq dövlət qazanmış erməni toplumunda məhz yurda sahiblik duyğusu çatış­mır. Sivil, dünyəvi milli ideologiyası olmadığına görə, sərhədləri açılarsa, ermənilərin çoxu vətən kimi bağlı ol­madıqları ölkəni tərk edib yüksək ri­fahlı dövlətlərə axışarlar. Onlar vaxtilə Qafqaza da belə “yağlı məkan” iştahası ilə gəliblər. 

Erməni toplumu dini mənsubiyyəti, şəxsi mənafeni, təminatlı yaşam imka­nını üstün tutur. Ona görə də yenidən əldə edilmiş dövlət müstəqilliyinin möhkəmləndirilməsini bir kənara qo­yaraq, tarixən kənar qüvvələrin maraq­larına xidmət edən kilsədən, dini məz­həbindən yapışıblar. Bu gün məğlub ölkədə qara mantiyalı kabusa çevrilmiş keşişin avantürist çağırışı dövlət başçı­sının xalqı düşdüyü uçurumdan çıxar­maq siyasəti ilə üz-üzə qalıb. 

Bu dini əlahiddəlik erməni xalqının feodal düşüncəsindən xilas olmasının qarşısını kəsir. Biz isə XX əsrin əvvəl­lərindən hümmətçiliklə üzülüşüb milli kimliyə tapınmaqla tarixi vətənimizə daha möhkəm bağlanmışıq. Hətta dün­ya azərbaycanlıları da milli kimliklərini tarixi vətənə bağlılıqla müəyyən edirlər. 

Füzuli QURBANOV: 

– Dəyirmi masa iştirakçılarının hər birinin azərbaycançılıq barədə fikirləri­ni özünəməxsus şəkildə ifadə etməsini bu cür ümumiləşdirə bilərik: Dil, fəlsə­fi-tarixi düşüncə, dövlətçilik, milli kim­lik məsələsi və digər faktorların vəhdəti azərbaycançılığın məna və məzmun xüsusiyyətlərini müəyyən edir. Çıxışlar maraqlı tarixi, siyasi, məfkurəvi gəziş­mələrlə zəngindir. Fikirlər konseptu­al baxımdan maraqlıdır. Bütün bunlar milli ideologiya komponentləri kimi qəbul edilə bilər. 

Digər tərəfdən, azərbaycançılıq bir ideologiya kimi deyil, milli ideya kimi diqqət çəkir. Prezident İlham Əliyev Xankəndidən xalqa müraciətində azər­baycançılığı milli ideya adlandırıb. Ondan əvvəl, YAP-ın qurultayında da bu amil diqqəti cəlb edib. Bax, bizim qavrayışımızda fəlsəfi və elmi olaraq azərbaycançılıq ideologiyası Azərbay­can ideyası, anlayışı, konsepti və kon­sepsiyası bir-biri ilə daxili məzmun və məna əlaqələri prizmasında tədqiq edil­məlidir. 

Bir məqamı da vurğulamaq gərəkdir. AMEA-nın ye­niləşmə kursunda prioritet istiqamətlərdən biri də bu qurumun azərbaycanşünaslığın mərkəzinə çev­rilməsidir. Təbii ki, bu kontekstdə azər­baycançılığın tədqiqi, təbliği və təşviqi ahəngdarlıq təşkil etməlidir. Tədqiq azərbaycançılığın ümumi ideya məz­munu və mənasını adekvat dərk etməyə imkan yaradır, təşviq mahiyyəti aydın­laşdırmağa şans verir, təbliğ isə elmi müddəaların daha sadə dildə cəmiyyətə çatdırılması üsuludur. 

Nadir MƏMMƏDLİ: 

– Azərbaycanşünaslığın elm kimi ilk mərhələsi elə azərbaycançılıqdır. 

Füzuli QURBANOV: 

– Deməli, azərbaycançılığın anla­yış, ideya, konsept, konsepsiya və son olaraq Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, doktrina kontekstində iş­lədilməsi təsadüfi deyil. Biz alimlərin üzərinə azərbaycançılığın təkamülü­nün fəlsəfə, tarix, sosiologiya, kul­turologiya, ədəbiyyat, folklor, dilçilik elmi sahələrində həm ayrılıqda, həm də qarşılıqlı əlaqədə fundamental tədqiq etmək kimi çox məsuliyyətli vəzifə düşür. Bu zaman dövlətçilik, kimlik, mənəviyyat vahid tədqiqat bucağı altın­da araşdırılmalıdır. 

Bir tərəfdən Güney Azərbaycanı, digər tərəfdən qonşu dövlətlərin siya­si-coğrafi hüdudları daxilində yaşayan soydaşlarımız və Xəzər dənizinin o ta­yında yerləşən özbəklər, qırğızlar, türk­mənlər, qazaxlar nəzərə alınmalıdır. Azərbaycan Respublikası mürəkkəb geosiyasi mərhələdə tam müstəqil döv­lət kimi vurğulanan incəlikləri diqqətə alır və nüfuz əhatəsini dinamik olaraq genişləndirir. 

Biz burada azərbaycançılıq ideo­logiyasından danışanda bu faktorları mütləq nəzərə almalıyıq. Yəni etnosu­muzun nüfuzu, təsir arealı çox genişdir. Azərbaycançılığın bir ideya və məfkurə kimi gücü və potensialı genişdir. Amma elə etməliyik ki, doğrudan da, real nəti­cəyə nail olunsun. Nə türkiyəçiliyə, nə qazaxıstançılığa, nə özbəkistançılığa, nə türkmənistançılığa, nə də bir başqa qövmçülüyə mənfi təsiri olmasın. Mənəvi məkan timsalında olsun. 

Belə olduğu təqdirdə gerçəkdən türk birliyi tam təmin edilə bilər. Müstəqil dövlət kimi inteqrasiyanın Ulu öndər tərəfindən müəyyən olunmuş nümunə üzrə optimal, perspektivli əbədi birliyə nail ola bilərik. Yəni müstəqil dövlət­çilik azəbaycançılıqdan başlayır və türk birliyi azərbaycançılıq təməlində müstəqil inkişafın üzərində bərqərar olur. 

Bundan başqa, regional lider kimi, Azərbaycanda azərbaycançılıq möh­kəmlənir. İndi əsas suallardan biri bun­dan ibarətdir: bu məfkurənin dövlətçi­likdə yerinə yetirdiyi funksiyanı Türk dünyasına necə proyeksiya edə bilərik? Söhbət nəzəri, elmi, fəlsəfi xarakterli çox ciddi və dövlətçilik üçün önəmi bö­yük olan bir xüsusiyyətdən gedir. Azər­baycan Prezidentinin çağırışına uyğun olaraq, bu prosesin real işləyə bilən nəzəri modelini və ya obrazını yarat­mağa xidmət edən tədqiqatları inkişaf etdirməliyik. 

Tahir AYDINOĞLU: 

– Deməli, azərbaycanşünaslıq elm, azərbaycançılıq cəmiyyət müstəvisində inkişaf etdirilməlidir. Azərbaycanşü­naslıq predmet kimi elmi incələmələ­ri genişləndirməli və dərinləşdirməli, azərbaycançılıq isə “mən kiməm?” sua­lının cavabını kifayət qədər sadələşdir­məlidir. Elmi bazanın verdiyi ideya və təşəbbüslər xalqın həyatında asanlıqla yaşam düşüncəsinə çevrilməlidir. Ek­züperi deyirdi ki, mükəmməlləşdirmək üstünə qoymaq deyil, artığı götürmək­dir. Baxın, ilk avtomobillər nə qədər kobud idi. Sonra fəza tutumu nə qədər cilalandı, sadələşdi, baxımlı və cazibə­dar oldu. 

Sadəliyin yolu budur. “Azərbaycan­çılıq nədir?” sualının cavabı da beləcə sadə olmalıdır. Mən kiməm: Bu torpa­ğın sahibiyəm – onu qorumalıyam; ba­bamın qəbri buradadır – övladımın da gələcəyi bu vətənə bağlıdır! Milli ideo­logiyanın məqsədi də xalqımızı bu tor­pağa əbədi bağlamaqdır. Təsəvvür edin, Bakını, Qarabağı tərk edən ermənilərin cüzi hissəsi İrəvana getdilər, çoxu isə Amerikaya, Rusiyaya, hətta Avstraliya­ya üz tutdu. Bizim isə 1 milyon qaçqın və məcburi köçkünümüz Azərbaycanın müxtəlif guşələrində məskunlaşdılar. Bu faktın özü azərbaycançılığın necə möhkəm təməli və cazibə qüvvəsi ol­duğunu göstərdi. 

Bir məsələ də var ki, bəzən kənarda daha xoş güzəran görənlər vətənə qa­yıtmaq istəmirlər. Vətənə bağlılığın bir amili də iqtisadi tərəqqi və sosial ədalə­tin üstün olmasıdır. 

Arzu ƏSƏD: 

– Doğru qeyd olundu ki, azərbay­canşünaslıq elmi təfəkkürdür. Azər­baycançılıq isə artıq o elmi təfəkkürün yetişərək siyasi şüura çevrilən məhsu­ludur. Anlayışın kütləviləşməsi üçün sadələşdirmə zəruridir. Amma bəzən fəlsəfi anlayışları, siyasi şüur ifadələ­rini uyğun leksikonda təqdim etmək qaçılmaz olur. Yəni sadələşdirməyə il­kin mürəkkəbləşdirmələrdən sonra nail olunur. 

Tahir AYDINOĞLU: 

– Bu zəruri ideologiyanı kütlələrə asan çatdırmağın bir üsulu da mil­li-mənəvi dəyərlərdir. Məsələn, milli musiqi ana dilini bilməyən hər bir azər­baycanlının da ruhuna güclü təsir edir. Baxın, hansısa xarici ölkəyə, tutaq ki, bir dilçi alimi çağırmırlar ki, gəl, bizə ana dilindən mühazirə oxu. Amma mu­siqiçini dəvət edirlər ki, gəl, ifalarınla bizim ruhumuzu oxşa, bizə milli kimli­yimizi bir daha xatırlat. 

Füzuli QURBANOV: 

– Bu dəyirmi masada azərbaycançı­lıqla bağlı bir çox məqama yaxından və ya uzaqdan toxunduq. Çox maraqlı fi­kirlər öz ifadəsini tapdı. Məsələ bundan ibarətdir ki, azərbaycançılıq milli ideya və ideologiya kimi uzun müddət araş­dırılmalıdır. İndi biz müstəqilik və bu şəraitdə azadfikirlilik imkanımız xey­li artıb. Tədqiqat, təbliğat və təşviqat bu ideologiyanın mahiyyətini açmağa kömək edən əsas açarlardır. 

Azərbaycançılıq təkcə Azər­baycan üçün deyil. Bu ide­ologiya digər türk dövlətlə­rinə də müəyyən istiqamət verməlidir. Bütün bu məqamlar diqqətdə olmalıdır. Digər tərəfdən, “Mən necə azərbay­cançı ola bilərəm?” sualına hər birimiz özümüz fərd olaraq, kollektiv olaraq, cəmiyyət olaraq cavab tapmalıyıq. Bu aspektdə cəmiyyətin öz şüurunu necə müşahidə etməsi fəlsəfi mahiyyətli ak­tual məsələdir. 

Hazırladı:
Əli NƏCƏFXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью